Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Yükdaşımaların artması yönündə mühüm yenilik

Yükdaşımaların artması yönündə mühüm yenilik

Azərbaycanın mühüm strateji layihəsi olan Bakı-Tiflis-Qars dəmir yolu ilə sərnişinlərin daşınması bu ilin avqust ayından başlanacaq. Bununla bağlı məlumatı türk mətbuatı yayıb.

Bildirilir ki, ilkin mərhələdə marşrut üzrə həftədə bir reysin həyata keçirilməsi nəzərdə tutulur. Qiymətlər vaqonların tipindən asılı olaraq adambaşına 97-220 manat arasında müəyyənləşdirilib. Bakıdan Qarsa çatma müddəti olaraq 37 saat nəzərdə tutulur, lakin bunun təxminən 40 saata qədər çəkməsi daha realdır.

Qeyd edək ki, Azərbaycan Dövlət Dəmir Yolları QSC BTQ ilə sərnişindaşımanı həyata keçirmək üçün İsveçrənin “Stadler” şirkətindən 10 vaqondan ibarət qatar alıb. Qatar Türkiyə-Gürcüstan ərazisi ilə gətirilib. 10 vaqonluq daha bir qatarın da gətirilməsi gözlənilir.

BTQ ilə daşımalar ile ilgili görsel sonucu

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan BTQ ilə sərnişindaşımanın müddəti və qiymətlərlə bağlı fərqli açıqlama vermişdi. Onun sözlərinə görə, yolda işləyəcək vaqonların sərnişin tutumu 257 nəfərdir və qatarda 9 sərnişin vaqonu, bir restoran mövcuddur: “Qatarın iş prinsipi və proqramının hazırlanması üçün tərəflər mayın 24-25-də Ankarada toplaşacaq. Görüşün yekununda qatarın həftəlik hərəkət günləri və saatları, biletlərin qiymətləri və sair məsələlərin müzakirə edilərək müvafiq qərarların qəbul olunması gözlənilir. Nazirliyə bununla bağlı daxil olan müraciətlərdən sərnişin sıxlığının çox olacağını proqnozlaşdırırıq. Bu dəmir yolu ilə hərəkət edəcək qatarlar ”Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dar və geniş izdə hərəkət edən vaqonlardan ibarət olacaq. İzlərin fərqli olması isə Türkiyəyə məxsus vaqonların hərəkətinə çətinlik yaradır”.

Türkiyə mətbuatının BTQ ilə sərnişindaşıma tariflərinə dair yazdıqları ilə bağlı ADY-dən “Yeni Müsavat”a verilən məlumata görə, açıqlanan rəqəmlər türk tərəfinin təklifini əks etdirir: “Bu qiymətləri Türkiyə tərəfi təklif edir. Hazırda Azərbaycan Dövlət Dəmir Yolunda bu təkliflər müzakirə olunur. Müzakirələrdən və qarşılıqlı razılaşma əldə olunduqdan sonra yekun qərar veriləcək”.

BTQ ilə daşımalar ile ilgili görsel sonucu

Onu da bildirək ki, BTQ ilə yükdaşımaların intensivləşdirilməsi istiqamətində işlər getdikcə sürətlənir.  Aprelin 26-27-də Pekində “Bir kəmər, bir yol” layihəsi üzrə ikinci beynəlxalq konfrans çərçivəsində  “ADY Konteyner” MMC ilə Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında nəqliyyat-tranzit sahəsində strateji əməkdaşlıq anlaşması imzalanıb. Sənəddə tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə razılığa gəliblər. Hər iki şirkət  2019-cu ildə 30  konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır. Razılaşma həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi  fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.

İqtisadiyyat naziri Şahin Mustafayevin verdiyi məlumata görə, 2019-cu ildə Azərbaycan Çindən 43,4 min konteynerin tranzit daşımasını həyata keçirəcək: “Bu il Azərbaycan Çindən 43,4 min konteynerin tranzit daşımasını həyata keçirəcək, bu da 900 min ton yük təşkil edir. Lakin biz tranzit daşımaların artımını və bu istiqamətdə işi davam etdirmək istərdik”.

Nazirin  sözlərinə görə, Azərbaycanın ticarət donanması Xəzərdə ən iri donanmadır və 260 gəmidən ibarətdir. Bundan başqa, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə illik 15 milyon tona qədər yük və 100 min konteyner daşınacaq. Bu ilin iyun-iyul aylarında ri Çinin əyalətlərindən konteynerlərin Azərbaycan ərazisi ilə nəqlini təşviq etmək üçün Azərbaycan nümayəndə heyətinin həmin əyalətlərə səfərləri təşkil olunacaq.

ADY-dən ile ilgili görsel sonucu

Bu günlərdə ADY ilə Rusiya və Türkiyə dəmiryol idarələrinin rəhbərləri arasında görüşlər keçirilib. Bu görüşlərdə Rusiya Dəmir Yolları ASC Çindən Bakıya müntəzəm konteyner daşımaları təşkil etməklə Azərbaycan ərazisində paylayıcı hub yaratmaq təklifini irəli sürüb. Bu barədə “Rusiya Dəmir Yolları”nın baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozerov  Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla görüşü zamanı bildirib.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı müştərək tədbirlərin müzakirə olunduğu görüşdə Bakı-Tiflis-Qars dəmir yolunun imkanlarını yüksək qiymətləndirən rusiyalı qonaq bu yolun imkanlarından daha dolğun istifadə etmək üçün müvafiq nəqliyyat vasitələri və yüklər təqdim etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Şimal-Cənub dəhlizinin inkişafından söhbət açan baş direktor bu istiqamətdəki daşımalar üçün əsas tarifləri və logistika göstəricilərini işləyib hazırladıqlarını, əlavə yüklər cəlb etmək üçün Hindistan şirkətləri ilə danışıqlar apardıqlarını bildirib: “Eyni zamanda İranda Rəşt-Astara xəttinin tikintisi də müntəzəm daşımaların illik həcmini 100 min TEU həddinə çatdırmaq imkanı yaradardı”.

Tərəflər elektron əməkdaşlığın da əhəmiyyətini qeyd ediblər. O.Belozerov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında göndərilən yüklərin keçən il 50 faizi elektron yolla rəsmiləşdirilirdisə, hazırda bu göstərici 87 faizə çatıb.

Görüşlərin yekunu olaraq Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlığın inkişafı barədə memorandum imzalanıb.

Memorandum Avrasiyadakı beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və istismarı, o cümlədən xarici iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də tranzit və ixrac-idxal daşımaları üçün optimal nəqliyyat şəraitinin təmin edilməsi məqsədilə koordinasiyalı siyasət həyata keçirilməsinə yönəlib.

Məlumata əsasən, tərəflər dəmir yolu sahəsində əməkdaşlığı, o cümlədən milli dəmir yolu şirkətlərinin nəqliyyat və tranzit potensialının artırılmasını, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu çərçivəsində İran-Azərbaycan-Rusiya-Avropa marşrutları, eləcə də Bakı-Tiflis-Qars dəmir yolunun infrastrukturu vasitəsilə Rusiya-Azərbaycan-Türkiyə marşrutu üzrə yük daşımalarının artmasına kömək edəcək tədbirlərin birgə həyata keçirilməsi yolu ilə inkişaf etdirmək niyyətindədirlər.

Bundan əlavə, “Rusiya Dəmir Yolları” ASC ilə “Azərbaycan Dəmir Yolları” QSC “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutuna və digər marşrutlara konteyner qatarları ilə daşımalar üçün əlavə yüklərin cəlb edilməsi barədə razılığa gəliblər. Şirkətlər öz səylərini Şərq-Qərb istiqamətində tranzit daşımalarının inkişafına, ilk növbədə, Azərbaycanla Çin, eləcə də Çin və digər ölkələr arasında daşımaları Rusiya və Azərbaycan üzərindən həyata keçirilməsinə yönəldəcəklər. Yüklərin çatdırılma vaxtını azaltmaq üçün sərhəd və gömrük prosedurlarının optimallaşdırılması, o cümlədən elektron məlumat mübadiləsi və elektron şəkildə ilkin məlumatlandırma üzrə işlərin həyata keçirilməsi planlaşdırılır.

Mayın 6-da isə Ankarada “Azərbaycan Dəmir Yolları”, “Rusiya Dəmir Yolları” və “Türkiyə Dövlət Dəmir Yolları” arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimində bildirilib ki, Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsini əhatə edən üçtərəfli əməkdaşlıq Bakı-Tiflis-Qars dəmir yolunun fəaliyyətində canlanma yaradacaq. Qeyd olunub ki, əməkdaşlığın yeni forması Rusiyanın şərqindəki dəniz limanlarına daxil olan yüklərin Qafqazdan və Anadoludan keçməklə mənzil başına çatmasını təmin edəcək.

Göründüyü kimi, Azərbaycanın nəqliyyat-tranzit qovşağına çevrilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Asiyadan məhsulların Avropaya ən qısa müddətə – 15 günə  çatdırılmasını təmin edəcək BTQ ilə yükdaşımaların həcmi sürətlə artır. Bu dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınması nəzərdə tutulur.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …