Cümə axşamı , May 9 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə yenə qana boyandı -Xain terror aktında qanlı əllər..

Türkiyə yenə qana boyandı -Xain terror aktında qanlı əllər..

Dekabrın 10-u gecəsi qardaş Türkiyə növbəti dəfə qana boyandı. Xain terror hücumu nəticəsində İstanbulun Beşiktaş rayonunda yerləşən “Vodafon Arena” stadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 38 nəfər şəhid oldu, 155 nəfər isə yaralandı. Şəhidlərin sayının artacağı istisna olunmur.
Terror aktı zamanı ölkə çempionatı çərçivəsində “Beşiktaş” və “Bursaspor” arasındakı oyununun sona çatmasından sonra tərəfdarların dağıldığı saatlarda meydana gələn partlayış bomba yüklü iki avtomobillə reallaşdırılıb. Əvvəlki terror aktlarında olduğu kimi, bu dəfə də terrorçuların hədəfi Türkiyə polisi olub. Belə ki, partlayış stadionun təhlükəsizliyini qoruyan çevik polis qüvvələrinə qarşı olub.
Hadisə törədiləndən dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da terror hədəfi olması ilə bağlı versiya ortaya çıxıb. Qəzetçi Cem Küçük Beyaz TV-yə açıqlamasında bildirib ki, prezident partlayışdan cəmi 15 dəqiqə əvvəl həmin nahiyədən keçib. Bunu qəzetçiyə prezidentin yaxın ətrafından bildiriblər. Bu da Türkiyə rəhbərinin həyatına qəsd edilməsi planının qurulduğundan xəbər verib.
Xain hücumdan dərhal sonra terrorun hansı qüvvələr tərəfindən təşkil olunması əsas müzakirə mövzusuna çevrilib. Gözlər PKK terror təşkilatına yönəlib. Doğrudur, İŞİD-in də bu hadisədə əlinin ola biləcəyi barədə versiyalar irəli sürülüb. Amma əksər mövqelər PKK-nın üzərində cəmləşib. Əsas arqument kimi də ötən ay HDP lideri Səlahəddin Dəmirtaş başda olmaqla, bir sıra kürd deputatların həbsi göstərilir. Baş nazirin müavini Numan Qurtulmuş da hadisə ilə bağlı açıqlamasında oxların PKK-ya tərəf tuşlandığını qeyd edib: “Hədəf polis təşkilatımızdır. Beleştəpə deyilən ərazidə bomba yüklənmiş avtomobil partladılır. Yüzlərcə kilo bombadan istifadə olunub. Mütəxəssislər ən azı, 300-400 kilo bombanın istifadə olunduğunu bildirir. Olduqca xain və alçaq bir hücumdur. Oxlar PKK-nı göstərir. Dəqiqləşdirildiyi təqdirdə ictimaiyyətə açıqlanacaq”.
Türkiyənin daxili işlər naziri  Süleyman Soylu hadisə ilə bağlı araşdırmaların davam etdirildiyini bildirib.
Qardaş ölkənin rəhbəri R.T.Ərdoğan terrorçuların məqsədlərinin daha çox insanın həyatına qəsd olmaq olduğunu qeyd edib: “Bu gecə biz növbəti dəfə terrorun alçaq üzünü gördük. Aydındır ki, ”Beşiktaş”-“Bursaspor” matçından dərhal sonra törədilən terror aktının məqsədi xeyli sayda insanı məhv etmək olub. Təəssüflər olsun ki, ölən və yaralananlar var. Millətimin terror bəlası ilə mübarizəmizi davam etdirəcəyimizdən şübhəsi olmasın. Biz qorxub meydanı bu alçaqlara buraxacaq qədər alçalmadıq.
Image result for Erdoğan
Polislərimiz vəzifələrini icra edir, bunlar isə xaincəsinə gənc aslanlarımıza bomba ilə hücum edir. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Millətimizin başı sağ olsun. Bunlar etdiklərinin əvəzini daha ağır ödəyəcəklər”.
Image result for Dövlət Baxçalı
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı terrorla bağlı verdiyi açıqlamasında təşkilatçıların yerlə-yeksan olunacağını bildirib: “Ölkəmizin sosial və siyasi razılaşma çevrəsinə girməyə başladığı bir vaxtda qaranlıq əllərin ortaya çıxması təsadüfi deyil. Ancaq türk milləti məşum və məlun oyunları pozmağa qadirdir. Türkiyə hər cür iyrənc və namərd əməliyyatı əzəcək gücə malikdir. PKK, FETÖ, İŞİD, PYD-YPG və DHKP-C yerlə-yeksan olacaq. Bunun başqa yolu qalmayıb”.
Ərdoğanın dekabrın 11-də Qazaxıstana planlaşdırılan səfəri də faciə ilə bağlı təxirə salınıb. Prezidentin Administrasiyasından bildirilib ki, səfər daha sonra həyata keçiriləcək. Əvvəlki terror faciələrindən fərqli olaraq, bu dəfə qardaş ölkədə faciə qurbanlarının xatirəsinə birgünlük matəm elan olunub. Qərar ölkənin baş naziri Binəli Yıldırım tərəfindən imzalanıb. Qərara dəstək verən ölkə də olub. Şimali Kipr Türk Cümhuriyyətində matəm elan olunub. Nazirlər Kabineti bununla bağlı qərar imzalayıb. Qərara əsasən, ölkədə bir günlük matəm elan edilib.
Dünən günorta saatlarında hadisə ilə bağlı İstanbulda etiraz yürüşü həyata keçirilib. Yürüşü təşkil edən Türkiyə Demokratiya Platformasının rəhbəri Kezban Hatemi deyib ki, platforma “Biz millətik, Türkiyəni terrora, çevrilişə təslim etdirməyəcəyik!” şüarı ilə fəaliyyətə başlayıb. Aksiya İstanbul Polis İdarəsinin qarşısından başlayıb, partlayışın baş verdiyi İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında başa çatacaq.
***
Türkiyədə baş verən faciə ölkəmizi də yasa boğub. Mətbuat və sosial şəbəkələrin əsas mövzusu dəhşətli terror olub. Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib: “İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi. Biz bu terror aktını lənətləyir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət eləsin!”.
Image result for Azərbaycan XİN
Azərbaycanın Xarici İşlər Nazirliyi də qardaş ölkədəki faciə ilə bağlı türk xalqına başsalığı verib: “Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir”.
Rusiya prezidenti Vladimir Putin də türkiyəli həmkarına başsağlığı verərək, hadisəsini alçaqcasına edilmiş cinayət adlandırıb və əminliklə bildirib ki, onu törədənlər və sifarişçilər cəzasız qalmayacaq.
Faciədən sonra diqqətçəkən bir məqam olub. Belə ki, hadisənin üzərindən saatlar keçsə də, Avropa dövlətlərinin heç biri Türkiyəyə başsağlığı verməyiblər. Qəzet çapa gedəndən sonra, bəlkə də Avropa ölkələrinin başçılarının başsağlıqları qardaş ölkəyə verildi, amma tərəddüd keçirdiklərinə heç kəsdə şübhə qalmadı. Bu da ciddi suallar doğurur. Ekspertlər bildirirlər ki, Türkiyənin son günlərdə dollar və avroya qarşı açdığı “müharibə” də terror da mühüm rol oynaya bilər.
Image result for Qabil Hüseynli
Politoloq Qabil Hüseynli bildirdi ki, terrordakı dəsti-xətt PKK-ya daha yaxındır: “PKK daim Ankara və İstanbulu hədəf kimi seçib. Cəmil Bıyıkın ”Biz mübarizəni iri şəhərlərə keçirəcəyik” sözləri bunları əyani şəkildə sübut edir. Həbsdə olan Səlahəddin Dəmirtaş tez-tez deyirdi ki, böyük faciələr ola bilər. PKK əvvəlcədən belə hadisələrin olacağının ip uclarını verib. İndi də onu həyata keçirməyə başlayıb. İstanbul kimi böyük şəhərdə kürdlərin hərəkət etməsi asandır. Çünki orada xeyli sayda kürd yaşayır. Onların PKK-ya ciddi dəstək verdikləri istisna deyil. Aparılan araşdırmalarda sonunda izlər PKK-ya gedib çıxacaq. Partlayıcı maddələr bir maşınla daşınmır. Onu hissə-hissə gətirib evlərdə gizlədirlər. Bunları yerli əhalinin iştirakı olmadan həyata keçirmək mümkün deyil. Terrorun baş verməsinə səbəb kimi səbəbsizlik desəm yanılmaram. Çünki ölkədə müxtəlif xalqlara tolerant münasibət var. Hətta kürdlərə daha çox diqqət ayrılır. Sadəcə, PKK kürdlərin beynini yeyə bilir. Belə olmasaydı, PKK Türkiyəyə sıza bilməzdi. Böyük şəhərlərə terrorun keçirilməsi hər halda bundan xəbər verir. Zənnimcə, mübarizədə amansız olmaq lazımdır. Müəyyən dövrlərdə PKK-ya qarşı mübarizəni xatırlayıram. Qəddar və amansız terror təşkilatına qarşı belə mübarizəyə böyük ehtiyac var”.
Politoloq türk polisinin əsas hədəf seçilməsinə də münasibət bildirdi: “Türkiyə polisi PKK-nın kökünü qazıyan təşkilatlardan biridir, bəlkə də birincisidir. Ölkənin müxtəlif ərazilərində polis peşəkar şəkildə mübarizə aparır. Bununla yaramazlar türk polisinə gözdağı vermək, cəmiyyətə psixoloji təsir etmək istəyirlər. Bir sözlə, ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Əminəm ki, terroru törədənlərin və onlara yardım edənlərin hamısı aşkara çıxarılacaq. Bunu etmək də çətin olmayacaq. Həbslər dalğası yüzlərlə insanı əhatə edəcək. Bu dəfə türk dövləti heç kimin nazı ilə oynamayacaq. Aranı qarışdıranlara lazımı dərs veriləcək. Həlak olan hər bir şəxs şəhiddir və Allah onların hamısına rəhmət eləsin”.
Q.Hüseynli Avropa dövlətlərinin faciəyə münasibətdə susqun qalmalarına sərt münasibət sərgilədi: “Bu, çox böyük simasızlıq, ləyaqətsizlikdir. Necə olur ki, Fransada bir terror hadisəsi baş verəndə dünya dövlətlərinin başçıları oraya yığışdılar, o cümlədən Türkiyə rəhbərliyi də. Terroru hamı bir yerdə lənətlədi. İndi ölən və yaralananların sayı Fransadakından daha çoxdur. Avropanın susması, başsağlığı verməməsi onun özünü ifşa edir, həmin ölkələr barəsində ciddi şübhələr yaradır. PKK-nın maliyyə qaynaqları bəllidir ki, Avropanın bir sıra ölkələri tərəfindən təşkil olunur. Avropanın Türkiyəyə qarşı necə münasibətinin dəyişdiyini, özünün dəyərlərinə qarşı getdiyini cəsarətlə söyləmək olar. Əgər terrorla bağlı münasibət sərgiləmirsənsə, bu, terrorçu ilə birlikdə olmaq anlamına gəlir”.
Politoloq Türkiyədəki matəmə Azərbaycanın qoşulmasının da vacibliyini vurğuladı: “Türkiyənin bu qərarına Azərbaycan mütləq qoşulmalıdır. Ölkə rəhbəri Ərdoğana başsağlığı verib. Zənn etmirəm ki, hadisə ilə bağlı Azərbaycanda da matəm elan olunması zəruridir. Amma hər halda türk xalqı ilə həmrəy olmağımızı müxtəlif yollarla göstərməli, yanında olduğumuzu bəyan etməliyik. İndi bunu hansı formada etmək siyasi rəhbərlikdən asılıdır”.(musavat.com)

Həmçinin oxuyun

Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt açıqlandı

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq. …

Bir cavab yazın