Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Restoran və kafelərdə fantastik qiymətlər: nəzarət olmalıdırmı…

Restoran və kafelərdə fantastik qiymətlər: nəzarət olmalıdırmı…

Natiq Cəfərli: “Ancaq rəqabətli mühitin artırılması və müəyyən təşviq proqramının olması bu sahədə qiymətlərin tənzimlənməsində mühüm rol oynaya bilər”

Yay aylarında xüsusilə açıq məkanı olan və ya dəniz sahilində yerləşən restoranlarda  kəskin qiymət artımı müşahidə edilir. Bəzi restoranlar müştərinin çoxluğundan istifadə edib, qiymətləri fantastik dərəcədə bahalaşdırırlar.

Sosial şəbəkələrdə mövcud durumdan şikayət edən insanlar bildirirlər ki, xüsusilə də dəniz kənarında yerləşən kafelər həftə sonları qiymətləri iki dəfədən də çox bahalaşdırır. Vətəndaşların sözlərinə görə, eyni hal dəniz kənarında, xüsusi istirahət məkanlarında yerləşən mağazalara da aiddir. Bu mağazalarda da qiymətlər kəskin şəkildə qaldırılıb. Məsələn, kənarda 60 qəpiyə olan suyu həmin mağazalarda 2 manatdan da baha qiymətə satırlar.

Azərbaycanı turizm ölkəsinə çevirmək, ölkəyə çoxsaylı turist cəlb etmək üçün  dövlət tərəfindən son illər xeyli addımlar atılıb. Görülən işlərin nəticəsində son illər Bakının mərkəzi küçələrində turistlərin sayı gözlə görüləcək səviyyədə artıb. Artıq Bakı küçələrində təkcə ərəblər deyil, Avropadan, Rusiyadan, Türkiyədən gələn turistləri də görmək olur.

Bu il ölkə başçısının sərəncamı ilə Dövlət Turizm Agentliyinin müstəqil qurum kimi fəaliyyətə başlaması bu sahənin inkişafına dövlətin ən üst səviyyəsində  çalışıldığını göstərdi.  Bütün bunların fonunda restoranlardakı mövcud vəziyyət turizmin inkişafı üçün nə dərəcədə uyğundur? Bu qiymətlərə nəzarət mümkündürmü?

“Yeni Müsavat”a danışan turizm üzrə ekspert Elxan Vəliyev bildirib ki, sahibkarlar istədikləri qiymətləri təyin edə bilərlər:

“Onlar vergi ödənişlərini edirlər, nəzarətdədirlər və istədikləri qiyməti də təyin edə bilirlər. Sahibkar hər hansı bir subsidiya almayıbsa, qiymətləri necə endirə bilər? Dövlət bununla bağlı hər hansı bir tapşırıq verə bilər. Ancaq sahibkarın da göstərdiyi xidmət odursa, hər hansı bir  əks addım atmaq olmaz. Əgər qiymət yuxarıdırsa, iqtisadi şərtlərə görə satış olmayacaq. Deməli, tələbat var və buna uyğun olaraq da qiymətləri yüksəldirlər. İkinci tərəfdən də hər bir sahəyə uyğun qiymətlər formalaşıb. Təbii ki, şəhərin mərkəzində və ya digər bu kimi yerlərdə qiymətlər baha olacaq.  Yəni hazırkı zamanda hər hansı bir qanunla və ya digər bu kimi inzibati yolla kafe və restoranlarda qiymətləri tənzimləmək mümkün deyil”.

Ä°lgili resim

“Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, qiymətlərin aşağı olması üçün dövlət müəyyən addımlar ata bilər:

“Əslində bazar iqtisadiyyatı qaydalarına görə, sahibkarlara hər hansı bir qiyməti diktə etmək mümkün və doğru deyil. Dünyanın keçdiyi yol sübut edir ki, burada əsas məsələ  rəqabətli mühitin yaradılmasıdır.  Yəni obyektlərin sayının çox olması, rəqabətli mühitin daha da genişlənməsi fürsətcil sahibkarlara imkan verməyəcək ki, qiymətləri kəskin şəkildə artıra bilsinlər. Bu da əsas məsələdir. Ancaq dövlətin müəyyən alətləri də var ki, onlar vasitəsilə restoranlara, qiymətlərə təsir mexanizmi yarada bilər. Bu, müəyyən güzəştlər, təşviq proqramları da ola bilər. Eyni zamanda vergilərlə bağlı hər hansı bir addım atıla bilər. Məsələn, sadələşmiş verginin həcminin genişləndirilməsi mümkündür. İctimai iaşə obyektlərinə sadələşmiş verginin illik dövriyyəsi artırıla bilər. Təqribən 1 milyon manata qədər bunu etmək olar. 1 milyon manatdan yuxarı dövriyyəsi olanlar isə böyük vergilərə cəlb edilə bilərlər. Bundan aşağı olanlar 3-4 faiz dövriyyədən vergi tətbiq etməklə, sahibkarların xərclərini azaltmaq olar. Nəticədə bu üsul qiymətlərə də təsir edər. Yəni birbaşa, sovet dövründə olduğu kimi dövlət tərəfindən tənzimlənən qiymət siyasətinin olması doğru deyil. Bu, nəticə etibarilə sovet hökumətinin son dövrlərində olduğu kimi mağazalarda piştaxtaların boşalmasına, kafe və restoranlarda isə xidmətin kəskin şəkildə pisləşməsinə səbəb ola bilər. Ancaq rəqabətli mühitin artırılması və müəyyən təşviq proqramının olması bu sahədə qiymətlərin tənzimlənməsində mühüm rol oynaya bilər”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …