Cümə axşamı , May 9 2024
Ana səhifə / İqtisadiyyat / Qadınlar, yoxsa kişilər daha uğurlu sahibkar olur? – TƏZADLI YANAŞMA

Qadınlar, yoxsa kişilər daha uğurlu sahibkar olur? – TƏZADLI YANAŞMA

“Son 3-4 il ərzində Azərbaycanda qadın sahibkarların sayı kifayət qədər artıb. Bu da onların biznes sahəsinə və sahibkarlığa marağının artmasının əsas göstəricisidir”.  

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu da  kiçik və orta sahibkarlığın inkişafında onların rolununun artmasının əsas göstəricisidir.  

“Qadınlar kişilərə nisbətən daha səliqəli işləyirlər” 

Bunu müsbət hal kimi qiymətləndirən deputat, qadınların kişilərə nisbətən daha səliqəli iş gördüklərini qeyd edib: 

“Onlar iş görərkən çox risk etmirlər və yüz ölçüb, bir biçirlər. Digər tərəfdən də son vaxtlar bəzi sahələrdə qadınlara “yaşıl işıq” yandırılır ki, bu da müsbət tendensiyadır. Onlar üçün yeni iş yerləri, hətta ixtisaslar və sahələr yaradılır. Əsasən də iaşə obyektlərində idarəetmə onlara həvalə edilir.  

Bundan başqa, hüquq, kosmetologiya, tibb, sosial elmlər və bir çox sahələrdə zərif cinsin nümayəndələri üstünlük təşkil edirlər. Dövlət onlar üçün kifayət qədər münbit şərait yaradır və bunun müqabilində də qadınlarda iş qurmağa maraq və həvəs yaranır. Sözügedən tendesiya bundan sonra da davam edəcək. Elə sahələr var ki, onu idarə edən xanımların da sayı artıb. Onlar hətta böyük şirkətləri idarə edirlər ki, bu da böyük bir nəticədir”. 

“Qadınlar istehlakçı olduqları üçün yaxşı sahibkar ola bilmirlər” 

İqtisadçı ekspert Əkrəm Həsənov da bununla bağlı Azərbaycanda yeni bir tendensiyanın başladığını diqqətə çatdırıb.  

Onun sözlərinə görə, bəziləri qadınların daha yaxşı idarəçi və sahibkar olduqlarını iddia edirlər: 

“Hətta onların siyasət, politologiya və digər sahələrdə böyük uğurlar qazandıqlarını söyləyənlər var. Əslində isə, bu minillik insan tarixinə və elmin nəticələrinə zidd fikirlərdir. Tarix onu göstərir ki, yer üzündə nə varsa, böyük əksəriyyətinin yaradıcısı və sahibi məhz kişilərdir”.  

Sahibkarlıqda qadınların rolununun artdığını təsdiq edən müsahimibiz onu da əlavə edib ki, qadınlar biznes sahəsində çox qala bilmirlər: 

“Çünki, bu sahədə risklər çoxdur və onlar davam gətirmirlər. Ancaq kişilər buna davam gətirirlər və böyük nailiyyətlər əldə edirlər. Çünki, mübarizə apara bilirlər, hətta hər sahədə qalib olmaq istəyirlər və buna da nail olurlar. Qadın isə mahiyyət etibarı ilə istehlakçı olduğu üçün inkişafa və idarəetməyə az meyilli olurlar. Buna görə çox yaxşı sahibkar ola bilmirlər.  

Qadın hüquqlarının ciddi qorunduğu aparıcı Qərb dövlətlərinə nəzər yetirsək, görərik ki, bu dövlətlərdə əsas söz sahibləri kişilərdir. Böyük uğurlar qazanmış, ən varlı sahibkarların hamısı kişilərdir. Qadınlar isə onların həyat yoldaşı, qızı, sevgilisi və s.dir. Elm də sübut edir ki, kişilər daha ciddi və diqqətcildirlər və bir işlə daha yaxşı məşğul ola bilirlər”.  

Qadınların isə eyni vaxtda bir neçə iş görməkdə mahir olduqlarını deyən Ə.Həsənovun sözlərinə görə, bu da onların hələə kəşf olunmamış qabiliyyətidir: 

“Halbuki, bir işlə məşğul olduqda, daha böyük nailiyyət əldə etmək olur. Ancaq qadınlar bu qabiliyyətlərinə rəğmən uğur əldə edə bilmirlər”. 

Qeyd edək ki, bəzi sahələrdə, xüsusilə də sahubkarlıqda qadınlar böyük rol oynaya və və uğur qazana bilirlər. Elələri də var ki, idarəetdikləri sahəni irəli aparır, hətta qurduqları müəssisəni və ya şirkəti böyüdürlər. 

Bu faktı təkzib etməyən ekspert, belə qadınların da olduğunu söyləyib: 

“Amma onlar istisna təşkil edirlər. Bununla belə, ən yaxşı sahibkarların qadınların olması ilə bağlı yaranmış fikirlə razı deyiləm. Ona görə ki, bu fikrin arxasında başqa məqsədlər dayanır”.  

Həmçinin oxuyun

Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt açıqlandı

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq. …