Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Daşınmaz əmlakın sığortasına niyə maraq yoxdur – TƏHLİL

Daşınmaz əmlakın sığortasına niyə maraq yoxdur – TƏHLİL

Ölkədə keçən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında baş verən məlum zəlzələ, istərsə də ümumiyyətlə, son vaxtlar bir sıra ticarət obyektlərində yanğın və sair kimi hadisələr mülkiyyəti sığortalamağın nə qədər vacib olduğunu bir daha diktə edir. Ancaq burada məcburi, yəni inzibati yolla heç bir şeyə nail olmaq mümkün deyil. Sığortanın inkişafı və genişlənməsinin kökündə könüllülük prinsipi dayanmalıdır. 

Prezident İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına dair yanında keçirdiyi müşavirədə də bildirdi ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. 

“Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür”, – deyə dövlət başçısı vurğuladı. 

Həqiqətən də, bu gün dünyada Azərbaycan kimi ikinci bir dövlət yoxdur ki, sıravi vətəndaş böyüklü-kiçikli hər hansı bir maddi fəlakətlə üzləşdikdə dərhal ona yardım etsin. Düzdür, hər bir ölkədə dövlət vətəndaşa xidmət edir. Ancaq heç bir ölkədə dövlət bizdəki qədər yük daşımır.

Xüsusən də bazar iqtisadiyyatı şəraitində məsuliyyət və zəmanət bölüşdürülməli olduğu halda, bizdə dövlət olduqca vacib və ağır vəzifələrlə yanaşı, kompensasiya və sığorta ödənişləri ilə də yüklənmiş vəziyyətdədir. 

Məsələn, inkişaf etmiş ölkələrdə hər hansı ticarət obyektində və yaxud mərkəzində yanğın baş verdikdə bütün maliyyə yükünü sığorta şirkətləri daşıyır ki, hər şey qabaqcadan onlar tərəfindən sığortalandığı üçün kompensasiya ödənişi cabahdehlik həmin şirkətlərin üzərinə düşür.

Zəlzələ və yaxud digər növ təbii fəlakət nəticəsində də evlərə ziyan dəydiyi halda maliyyə sarıdan sığortaçılar köməyə gəlir. Ölkəmizdə isə Prezident demişkən, sığorta sahəsində boşluqlar var.

Belə olmasa idi, məsələn, qanunvericiliyə heç bir dəyişiklik və yaxud yenilik tədbiq olunmadığı halda bu ildən daşınmaz əmlakın icbarı sığortası üzrə cərimənin işə düşəcəyi haqda ajiotaj yaranmazdı, daha doğrusunu desəm, bunu yaratmaq mümkün olmazdı. Bəli, İnzibati Xətlar Məcəlləsinin 469.1-ci bəndində yazılıb ki, daşınmaz əmlakı icbarı sığortalamaqdan yayındırdığına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat cərimə ödəməlidirlər. Ancaq bu, yeni hüquqi-normativ baza əsasında təsbitini tapmayıb.

İcbari sığorta haqqında 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun 35.2. maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbari xarakter daşıyır. Bura dövlət qeydiyyatına alınmış qaraclar, mağazalar, evlər, mənzillər və sair obyektlər daxildir. 

Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir və yaxud edilməlidir.

İcbari sığorta kimlərə aiddir? Qanunun 37-ci maddəsində yazılıb ki, faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı sözügedən Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidirlər. 

Məsələ bundadır ki, qeyd olunan qanun, yəni ki, daşınmaz əmlakın icbari sığortaya görə inzibati qaydada məsuliyyət məsələsi 2011-ci ildə qəbul olub – doqquz il bundan qabaq… Və ötən doqquz il ərzində həmin inzibati qaydada məsuliyyət heç kimə tədbiq olunmayıb. Çünki bu sahədə uyğun və müvafiq mexanizm yoxdur.

İndi də mövcud deyil. O səbəbdən ki, hər bir kəsin sahib olduğu daşınmaz əmlakı üzrə kupçası yoxdur. Belə şəraitdə isə, cəza bərabər tətbiq edilə bilməz. Odur ki, düşünməyə əsas var ki, bu il ortaya atılan cərimə söhbəti məhz sığorta şirkətlərinin təşəbbüsüdür. Yəni, kor-koranə bir təşəbbüs…

İkinci bir məsələ isə ondan ibarətdir ki, icbari sığorta haqqında qanunun 40.2-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydası, yaşayış evlərinə və mənzillərə münasibətdə sığorta məbləğinin 0,2 faizindən artıq olmamaq şərtilə müəyyən edilir ki, vətəndaşlar Bakıda 50 manat ödəyərək əmlakını 25 min manat, Sumqayıt, Gəncə və Naxçıvanda 40 manat ödəyərək 20 min manat, digər yerlərdə isə 30 manat ödəyərək əmlakını 15 min manat dəyərində sığortalamalıdırlar.

Sual olunur ki, əmlakın qiyməti, dəyəri bəlli olmadan standart olaraq Bakıda 50, Sumqayıt, Gəncə və Naxçıvanda 40, digər yerlərdə 30 manat sığorta haqqı hansı məntiqə əsaslanır? Avtomobillər üzrə icbari sığorta mühərrikin həcminə görə diferensiallaşdırılmış şəkildə yığılır. Daşınmaz əmlakın mühərriki olmursa da, sahəsi və dəyəri var axı… 

Odur ki, sığorta haqları yığımı daşınmaz əmlak üzrə də qiymətləndirməyə əsasən aparılmalı deyilmi? Ancaq qiymətləndirməni və cəriməni kim və ya hansı qurum aparmalı və yığmalıdır, dəqiq məlum deyil.

Sözün qısası, bu, həqiqətdir ki, Azərbaycanda sığorta yaxşı inkişaf etməyib, bu sahədə fəaliyyət, maraq bazar iqtisadiyyatının tələblərinə uyğun deyil. Sığorta sahəsində nə əldə etmişiksə 2000-ci illərdən sonrakı dövrə düşür. Bu da aydın məsələdir.

Ölkə iqtisadiyyatı qeyd olunan dövrdən sonra gəlirli olmağa başlayıb. Halbuki, sığorta özü bir biznes sahəsidir. Yəni gəlir gətirən fəaliyyətdir. Ancaq bunun üçün müvafiq şərait və bazar mövcud olmalıdır. Bizdə də məhz, bunlar yoxdur. Əvvəla, sığorta barədə anlayış zəifdir, maraq sıfır dərəcəsindədir.

Gəlirlər sığorta xidmətindən istifadəyə bir çox hallarda imkan açmır. İmkan olduqda da keyfiyyətli sığorta xidmətinə rast gəlinmir. Bəs ölkədə sığortada olan boşluqları aradan qaldırmaq üçün nə etmək lazımdır?

Fikrimcə, bu qısa müddətin işi deyil. Dövlət tərəfindən sığorta biznesinin genişlənməsi və inkişafı üçün hər cür lazım olan addımlar atılmalı, hüquqi-normativ baza yaradılmalı, dəstək həyata keçirilməlidir və sair…

Ancaq müvafiq bazarın tam təşəkkül tapması üçün iqtisadiyyat da tələb olunan səviyyədə inkişaf etməli, kölgə iqtisadiyyatının çəkisi azalmalı, sığortaya inam, maraq yaranmalı, gəlirlər artmalı, sığorta xidmətləri maksimum səviyyədə stimullaşdırıcı – cəlbedici xarakter daşımalı, sığorta anlayışı və onun səmərəsi cəmiyyətdə hər kəs üçün eyni dərəcədə aydın əhəmiyyət kəsb etməlidir.

Pərviz HEYDƏROV

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …