Cümə axşamı , May 2 2024
Ana səhifə / İqtisadiyyat / “AzParking” narazılıq yaradır: Sən saydığını say, gör AYNA nə sayır – NƏ BAŞ VERİR?

“AzParking” narazılıq yaradır: Sən saydığını say, gör AYNA nə sayır – NƏ BAŞ VERİR?

Azərbaycanda vətəndaşlara “xidmət” üçün yaradılan qurumların əksəriyyətində ilk olaraq cərimə mexanizmi hazırlanır. 

Hətta xidmətlər fəaliyyət başlamamış, qaydalar tənzimlənmədən vətəndaşların hansı hallarda nə qədər cərimə olunacağı ilə bağlı məsələlər həll olunur. Bütün təzə yaradılan qurumlar da cərimə etmək səlahiyyətində olur. Hansı ki, bu məsələnin özü də qanunda boşluqların olduğunu göstərir. Belə xidmətlərdən biri də “Azparkinq”dir. Uzun illər avtomobillərin parklanması ilə bağlı ölkədə ciddi narazılıqlar olub. 

Necə deyərlər, ürəyi istəyən əyninə sarı jilet geyinib əlinə qırmızı çubuq alaraq yolun bir qırağında dayanıb “parkovşik” olur, sürücülərdən pul tələb edirdi. Aidiyyəti dövlət qurumları hər dəfə bunun qanunsuz olduğunu deyirdilər, amma nəticə dəyişmirdi.

Yeri gəlmişkən, bu gün də bəzi küçələrdə oxşar mənzərə var. “AzParking” yaradıldıqdan və fəaliyyətə başladıqdan sonra hər kəs nəhayət ki, avtomobil parklanması ilə bağlı problemlərin həll olunacağını düşünürdü. Amma necə deyərlər, sən saydığını say, gör AYNA-Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi nə sayır… 

Parklanmaya elə qiymətlər qoydular ki, az qala bir aylıq ödəniş yaşayış minimumu ilə eyni oldu. “AzParking”də qiymətlər belədir: 

Bakı şəhərinin mərkəzində parklanma tarifi hər saat üçün 1 manat, digər ərazilərdə isə 1 saat üçün həmin tarif 30, 40 və 70 qəpikdir. Yəni iş yeri şəhərin mərkəzindədirsə və yaxşı halda hər gün 8 saat işləyirsənsə, şənbə və bazar günü qeyri-iş günüdürsə, hər ay 22 gün avtomobilini “Azparkinq”in daynacağında saxlamaq məcburiyyətindəsən və aylıq 176 manat ödəniş etməlisən.

Əgər iş yeriniz mərkəzdə deyilsə, aylq ödəniş məbləği 100-125 manat civarında olacaq. Müqayisə üçün qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat müəyyən edilib. 

Bu, “AzParking” qiymətlərinin baha olduğunu göstərir. Amma hələ bu, xidmətin normal tərəfidir. Əgər “AzParking”ə daxil olarkən qeydiyyatdan keçməyi unudursansa, cərimələnirsən. Bu zaman isə parklanma bölgəsində nə qədər qalmağın nəzərə alınmır, ümumi olaraq 10 manat civarında cərimə yazılır. “AzpParking” ilk 15 dəqiqə ərzində ödəniş nəzərdə tutmur, amma sürücü parklanma bölgəsində qeydiyyatdan keçmədən 5 dəqiqə belə qalsa, yenə də cərimə olunur. Bu isə xidmətin həqiqətən də vətəndaşın yox, kimlərinsə rahatlığı üçün edilir.

“AzParking”in fəaliyyətində qanunazidd halların olduğu da iddia olunur.

Məsələn, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev deyir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qanunları və konstitusion hüquqları heçə sayaraq özbaşınalıq və qanunsuzluq edir: 

“Qaynar xəttin əməkdaşları isə heç bir məsələyə aydınlıq gətirmirlər və dəstəyi yarımçıq asırlar. Sanki AYNA-nın əsas “missiyası” əsassız cərimələməkdən ibarətdir. Uzun illər yaşadığım binanın qarşısında avtomobilimi saxlayıram, AYNA-ya bildiriş göndərməyimə baxmayaraq heç bir cavab yoxdur və hər gün əsassız olaraq cərimə yazırlar mənə. Təəssüf ki, AYNA müvafiq sahədə insanlara xidmət göstərmək əvəzinə insanları incitməklə məşğuldur”. 

Jurnalist Taleh Şahsuvarlı isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə belə bir sualla müraciət edib:

“Vətəndaş Məmmədov Məmməd Məmməd oğlu (ad şərtidir) Pirşağıda yaşayır. O, təcili bir iş üçün öz maşını ilə Bakı şəhərinin mərkəzinə gəldi. İşi təxminən 3 saat çəkəcək. Parkinqə daxil oldu və bu zaman fərqinə vardı ki, mobil telefonunu evdə unudub. Ancaq onun parkinq xidmətinin haqqını ödəməmək kimi bir niyyəti yoxdur.

Başqa çıxış yolu da yoxdur, maşını saxlayıb işinin dalınca getdi və axşam ona mesaj gəldi ki, parkinq qeydiyyatından keçmədiyi üçün 10 manat cərimə edilib:

1) Konstitusiyaya görə, Azərbaycan vətəndaşının mobil cihazdan istifadə etmək kimi bir vəzifəsi yoxdursa, AYNA hansı ixtiyarla vətəndaşın konstitutsion hüquq və azadlıqlarına müdaxilə edərək onu daim mobil cihazdan istifadə etməyə, mobil cihazı yanında daşımağa və kontur yükləməyə zorlayır? 

2) Azərbaycan Respublikasında əsas ödəniş vasitəsi nə zamandan manat deyil, SMS olub? Azərbaycanın milli valyutasını ödəniş vasitəsi kimi sıradan çıxarmaq ixtiyarını AYNA haradan alır? 

3) Mobil telefonunu unutmuş vətəndaş dayanacaqdan son zərurət halında istifadə edib. Çünki sərbəst hərəkət etmək konstitusiyaya görə hüquq, parkinq xidmətindən istifadə etmək isə qaydadır. O, qaydanı qəsdən pozmayıb, öz ana yasa hüququnu qoruyaraq maşını saxlayıb. Bu isə İnzibati Xətalar Məcəlləsinin 19 maddəsinə əsasən halın icbari xəta olmasını aradan qaldırır. AYNA digər ödəniş üsulu təqdim etmədən halın son zərurət, yoxsa icbari xəta olmasını necə müəyyən edir? 

4) Mövcud qanunvericiliyə görə, parkinqlərdə ödəniş parkomatlar vasitəsi ilə edilməlidir. Buna əlavə olaraq digər üsullar da təklif oluna bilər. Qanuna görə, parkomat yoxdursa və ya işləmirsə, vətəndaş digər üsulların olub olmamasından asılı olmayaraq ödəniş etməli deyil. Çünki ölkədə əsas ödəniş vasitəsi manatdır.

AYNA hazırda topladığı bütün ödəniş və cərimələrin qanunsuz olduğunun fərqindədirmi? 

Çünki Nazirlər Kabinetinin qərarları hüquqi normativ akt kimi qanuna zidd ola bilməz və olarsa qanun əsas götürülməlidir”. 

Göründüyü kimi, AYNA-nın “AzParking” xidməti ilə bağlı ciddi narazılıqlar var. Maraqlısı isə odur ki, hələ də qurum səslənən şikayətlər, narazılıq və iddialarla bağlı heç bir açıqlama vermir, məsələyə aydınlıq gətirmir. Sonda onu da bildirək ki, “Azparkinq” ödənişləri yalnız müasir texnologiyalar vasitəsilə həyata keçirilir.

Yəni “AzParking” xidmətindən istifadə etmək üçün ya tətbiqi mobil telefonununa yükləməlisən, ya da SMS vasitəsilə qeydiyyatdan keçib ödəniş etməlisən. Əgər telefonun xarab olubsa və onu ustaya aparırsansa, avtomobilini “AzParking”in dayanacağında saxlaya bilməzsən, çıxış yolun yoxdursa, 10 manat cərimə olunacaqsan.

Müasir dövrlə ayaqlaşmaq lazımdır, zəruridir, amma Azərbaycan reallıqlarını da nəzərə almaq, insanların konstitusion hüquqlarına hörmət etmək daha vacibdir. 

Həmçinin oxuyun

Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Hava …