Azərbaycanda əmlakını kirayəyə verən fiziki şəxslərin vergiyə cəlb olunması mexanizminin dəyişdirilməsi təklif olunur.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, vergi orqanında uçotda olan fiziki şəxslərə əmlakın icarəyə verilməsindən əldə etdikləri gəlirlə bağlı çəkdikləri xərcləri gəlirdən çıxmaq və qalan məbləğə 20 faiz dərəcə ilə vergi ödəmək imkanı yaradılması nəzərdə tutulur.
Təklifin əsaslandırılmasında bildirilir ki, hazırda fiziki şəxslərin icarə gəlirləri, bir qayda olaraq, çəkilmiş xərclər nəzərə alınmadan vergiyə cəlb olunur. Halbuki hüquqi şəxslər icarə fəaliyyətindən əldə etdikləri gəlirdən həmin gəlirin qazanılması ilə bağlı xərcləri çıxmaq imkanına malikdirlər.
Yeni mexanizmin məqsədi fiziki şəxslərin vergi yükünü fərdi sahibkarların vergi yükünə uyğunlaşdırmaq və icarə fəaliyyəti üzrə xərclərin nəzərə alınmasına şərait yaratmaqdır. Dəyişiklik kirayə bazarında da müəyyən suallar doğurur.
Bəs xərclərin gəlirdən çıxılması mənzil sahibləri üçün hansı üstünlükləri yaradacaq?
Əmlak eksperti Elnur Azadov “Cebheinfo.az”- a bildirib ki, hazırda bu məsələ ilə bağlı müzakirə olunan dəyişiklik yalnız təklif xarakteri daşıyır. Onun sözlərinə görə, ölkədə kölgə iqtisadiyyatının mühüm hissəsini ticarət və daşınmaz əmlakın icarəsindən əldə olunan gəlirlər təşkil edir:
“Demək olar ki, daşınmaz əmlakın 95 faizi son dövrlərə qədər qeyri-qanuni, qeyri-leqal şəkildə icarəyə verilirdi. Vətəndaşların 5 faizə qədəri vergi ödəyirdi, əsasən xarici vətəndaşlara əmlaklarını kirayə verərkən rəsmi müqavilə bağlayırdılar.
Biz ekspertlər tərəfindən vergilərin azaldılmasını təklif etmişdik ki, daha çox həcmdə leqallaşma həyata keçirilsin və bu sektorda qanunsuz fəaliyyət minimuma ensin. Son bir il ərzində vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib. Eyni zamanda, müəyyən nəzarət mexanizmləri tətbiq olunub.
Mənzillərə baxış keçirilməsi, müxtəlif yoxlamaların aparılması, əmlakını kirayə verən şəxslərin və orada yaşayanların qeydiyyat vəziyyətinin araşdırılması kimi tədbirlər həyata keçirilib. Bu mənbədən tutulan vergi 10 faizlə hesablanırdı. Əgər vətəndaş vergi ödəyicisi idisə, bu, onun sabitləşmiş vergi öhdəliyi kimi nəzərə alınırdı”.
Ekspert qeyd edib ki, digər vergi ödəyiciləri, yəni kommersiya obyektlərini icarəyə verən şəxslər üçün vergi dərəcəsi 14 faiz təşkil edirdi. Yeni təklifə əsasən isə vergi ödəyicisi olan şəxslərin daşınmaz əmlakın saxlanılması və idarə olunması ilə bağlı xərcləri gəlirdən çıxıldıqdan sonra əldə etdikləri xalis gəlirə 20 faiz vergi tətbiq edilməsi nəzərdə tutulur:
“Bu, hələlik yalnız təklifdir və təsdiqlənməyib”, – deyə ekspert vurğulayıb.