Sosial şəbəkədə biz:

Yeni ilin büdcəsində 3,15 milyardlıq SUAL: Pul çatacaqmı?

Yeni ilin büdcəsində 3,15 milyardlıq SUAL: Pul çatacaqmı?
Xəbər Şəkli
05 November 2026, 16:15
Gündəm

Noyabrın 4-də Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev gələn ilin əsas büdcə göstəricilərini açıqlayıb:

- Gəlirlər: 39,25 milyard manat
- Xərclər: 42,4 milyard manat
- Büdcə kəsiri: 3,15 milyard manat
- Qeyri-neft-qaz gəlirləri: 23,8 milyard manat
- Vergi daxilolmaları: 18,4 milyard manat
- Neft Fondundan transfert: 11,9 milyard manat

Bəs büdcə kəsirinin 3,15 milyard manata çatması hansı iqtisadi riskləri yarada bilər?Qeyri-neft-qaz gəlirlərinin 23,8 milyard manat olması müsbət göstərici kimi təqdim edilir. Bu, iqtisadiyyatın neftdən asılılığının real şəkildə azalması deməkdirmi?

2027-ci ilin büdcəsi əhalinin sosial rifahına, maaşlara və pensiyalara hansı real təsiri göstərə bilər? Vətəndaşlar büdcənin artımını gündəlik həyatlarında hiss edəcəklərmi?

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb: "2027-ci ilin dövlət büdcəsi layihəsində maraqlı məqamlardan biri həm gəlirlərin, həm xərclərin, həm də büdcə kəsirinin təxminən 1,67 faiz artmasıdır. Yəni hər üç göstərici üzrə artım tempi və dinamikası demək olar ki, eynidir.

Gəlirlər 645 milyon manat, xərclər isə 690 milyon manatdan çox artıb. Büdcə kəsirində də təxminən 51 milyon manat artım var. Bu isə böyük artım hesab edilə bilməz. Nəzərə alsaq ki, Azərbaycanın mövcud maliyyə resursları, maliyyə dayanıqlığı və büdcənin göstəriciləri büdcə kəsirinin icrası ilə bağlı heç bir risk yaratmır, bu baxımdan narahatlığa əsas yoxdur. Neftin qiymətinin 65 dollardan götürülməsi də kifayət qədər ehtiyatlı yanaşmadır. Büdcənin ciddi şəkildə artırılmaması da düşünülmüş və məqsədəuyğun yanaşmadır. Ümumiyyətlə, Azərbaycanın əhalisinin sayı, makroiqtisadi vəziyyəti və müxtəlif proseslər nəzərə alınmaqla deyə bilərik ki, təxminən 40 milyard manata yaxın büdcə ölkə üçün yetərli göstəricidir".

İqtisadçı ə, həmçinin, Azərbaycanın neftdən asılılığımızın ildən-ilə azaldığını qeyd edib: "Bu proses davamlı xarakter daşıyır və birmənalı olaraq müsbət haldır. Eyni zamanda, büdcə daxilolmalarında qeyri-neft sektorunun payı da hər il artır. Vergi daxilolmalarında qeyri-neft sektorunun payının yüksəlməsi də müsbət tendensiyadır.

Doğrudur, bu sahədə artım sürəti və dinamikası qənaətbəxş olmasa da, geriləmənin baş verməməsi, göstəricilərin yerində saymaması və qeyri-neft sektorunun əksər istiqamətləri üzrə artım dinamikasının müşahidə olunması məsələyə optimist yanaşmağa imkan verir".

Əhalinin sosial təminatına gəldikdə Eldəniz Əmirov xatırladıb ki, Azərbaycan Respublikasının dövlət büdcəsi uzun illərdir sosial ruhda qurulur: "Sosial cəhətdən həssas insanların maraqları və ehtiyacları daim nəzərə alınmağa çalışılır.

Sosial ödənişlər, sosial həssas qruplara ayrılan vəsaitlər və digər istiqamətlər üzrə artımın həcmi bu ödənişləri alan insanlar tərəfindən hər zaman yetərli hesab olunmaya bilər. Lakin məsələyə kompleks yanaşdıqda düşünürəm ki, büdcə göstəricilərinin imkan verdiyi həcmdə sosial istiqamətlərə diqqət artırılır.

Son dövrlərdə əhali artımı ilə bağlı dinamikanın qənaətbəxş olmamasını nəzərə alsaq, doğulan uşaqlara görə ödənişin 150 faiz artırılaraq 600 manatdan 1500 manata çatdırılması, üç yaşınadək uşaqlara qulluq edən analara verilən müavinətin artırılması və digər məsələlər 2027-ci ilin dövlət büdcəsinin sosial istiqamətləri üzrə ən diqqətçəkən yeniliklərdəndir.

Bəs doğulan uşaqlara görə ödənişin 1500 manata çatdırılması əhali artımına təsir göstərəcəkmi? Mən düşünmürəm ki, bu addım özlüyündə əhali artımına ciddi təsir etsin. Çünki demoqrafik problemlər təkcə maddi amillərlə bağlı deyil. Əhali artımı yalnız maddi vəziyyətdən asılı olsaydı, Avropa ölkələri bu gün belə problemlərlə üzləşməzdilər.

Burada ailə dəyərləri, həyata baxış, yaşam tərzi və ailəyə münasibət kimi amillər çox böyük rol oynayır. Məhz bu faktorların nəticəsidir ki, maddi imkanları son dərəcə məhdud olan Afrika ölkələrində ailələrdə 5-10 uşaq olduğu halda, maddi rifah səviyyəsi yüksək olan Avropa ölkələrində ya ümumiyyətlə uşaq olmur, ya da ailələr bir uşaqla kifayətlənirlər.

Yəni məsələ artıq təkcə maddi amillərlə deyil, daha çox ailə institutuna münasibət və doğumla bağlı sosial-mədəni faktorlarla əlaqəlidir. Təbii ki, maddi amillərin də rolu var. Bunu da mütləq nəzərə almaq lazımdır. Sadəcə, onların təsiri bəzən təqdim olunduğu qədər həlledici deyil".