Rəsmi Bakı Rusiyanın dövlət kanalında nümayiş olunan Azərbaycan xəritəsinə etiraz edib
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın dövlət televiziyası olan “1-ci kanal”da yayımlanan “Vremya pokaĵet” proqramında Azərbaycanın təhrif olunmuş xəritəsinin göstərilməsinə etiraz edib.
XİN-in mətbuat katibi Ayxan Hacızadə yerli medianın sualını cavablandırarkən bildirib ki, mayın 6-da efirə gedən verilişdə Azərbaycanın xəritəsində “Dağlıq-Qarabağ” ifadəsinin yer alması “ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiya”dır.
Onun sözlərinə görə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub və bu vəziyyət beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən tanınır.
“Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin dəfələrlə bəyan olunmasına baxmayaraq, dövlət televiziyasında köhnə və separatizmi təşviq edən narrativlərin yayılması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna ziddir”, – deyə Hacızadə bildirib.
XİN rəsmisi əlavə edib ki, dövlətə məxsus media qurumlarının belə yanaşması yolverilməzdir və Azərbaycan tərəfi Rusiyadan məsələyə aydınlıq gətirilməsini, həmçinin belə halların təkrarlanmaması üçün addımlar atılmasını gözləyir.
Məsələ mayın 6-da Rusiyanın “1-ci kanal”ında yayımlanan proqramda Azərbaycanın xəritəsinin təhrif olunmuş formada göstərilməsindən sonra gündəmə gəlib. Verilişdə xəritədə “Dağlıq-Qarabağ” adlı ərazi qeyd olunub.