Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / Lukaşenko müxalifət lideri Tixanovskayanı söydü – “Əclaf qadın!”

Lukaşenko müxalifət lideri Tixanovskayanı söydü – “Əclaf qadın!”

Belarus prezidenti Aleksandr Lukaşenko müxalifət lideri və prezidentliyə keçmiş namizəd, hazırda mühacirətdə olan Svetlana Tixanovskayanı söyüb, onu “əclaf qadın” adlandırıb. Lukaşenko ötən gün ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı məmurlarla keçirdiyi toplantıda Tixanovskayanın uşaqları ilə təhdid edildiyi üçün Belarusu tərk etməyə məcbur olduğu haqda iddiaların yalan olduğunu deyib.

Lukaşenkonun bu mövzu haqda danışması Tixanovskayanın Ağ evdə ABŞ prezidenti Cozef Baydenlə görüşündən sonraya təsadüf edib. Müxalifət lideri bir neçə gündür ABŞ-da səfərdədir və daha əvvəl dövlət katibi Entoni Blinken də daxil olmaqla administrasiyanın bir çox üzvləri ilə görüşüb.

“Bunu mən bu gün məruzədə oxumuşam ki, guya onu Belarusu tərk etməyə məcbur ediblər, hədələyiblər ki, uşaqlarını oğurlayarıq və daha nələr. Qulaq asın, uşaqlar mənim üçün həmişə qırmızı xətdir və siz bunu bilirsiniz. Uşaqlar valideyinlərinə görə bax belə məsuliyyəti bölüşməli deyil ki, mən Litvaya gedirəm, uşaqları da götürürəm. Əgər siz onları ora aparmısınızsa, onda müdafiə edin”,-Belarus prezidenti bildirib.

Lukaşenko onu da deyib ki, müxalifətçi qadın şəxsən Belarus prezidenti yanında operativ-analitik mərkəzin rəisi Andrey Pavlyuçenkoya müraciət edərək ölkədən çıxışa icazə istəyib və maliyyə yardımı xahiş edib. Lukaşenkonun sözlərinə görə, Tixanovskayaya 15 min dollar veriblər və Litvaya getməyinə imkan yaradıblar. 

“Və indi o deyir ki, təhdid olunub, uşaqlarını əlindən almaq istəyiblər və daha nələr. Əclaf qadın!”,-Lukaşenko deyib.

Bundan əvvəl Tixanovskaya demişdi ki, 2020-ci ilin avqustunda prezident seçkilərindən sonra Belarusdan getməsinə təəsüflənir. O, bunun yanlış qərar olduğunu deyib. Bununla belə, Tixanovskaya bildirib ki, həmin vaxt belaruslular özləri kütləvi aksiyalara hazır deyildilər və heç bir koordinasiya strukturları yox idi.

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …