Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Kriminal avtoritetin qızı atasından danışdı: “Evə qan içində gəlirdi”

Kriminal avtoritetin qızı atasından danışdı: “Evə qan içində gəlirdi”

Qanqster mübahisələri, narkotiklər, qaçaqmalçılıq, asan yolla əldə edilmiş pullar — kriminal ailənin günləri bunlarla keçir. İki dəfə həbsdə yatmış kriminal avtoritetin qızı doğulub böyüdüyü ailədə yaşananları RİA Novosti-yə anladıb.

21 yaşlı Valeriya Oleynikova Naro-Fominsk (Moskvanın cənub-qərbində şəhər) şəhərindəndir. İlk baxışda onun təminatlı həyatı var. Bu yaxınlarda tibb institutunu bitirib və işləmək üçün Moskvaya gedib. Lakin bir neçə il əvvəl hər şey başqa cür idi. Məsələ ondadır ki, Valeriya kriminal ailədə doğulub böyüyüb. Dəhşətli uşaqlıq xatirələrini o, böyük məmnuniyyətlə yaddaşından söküb atardı.

“Valideynlərim hələ mən anadan olana qədər qaçaqmalçılıqla məşğul olublar. Onlar xaricdən qanunsuz yollarla məişət cihazları, avtomobillər və digər şeylər gətirib satıblar. Biznesləri uğurlu olub və buna görə də biz yaxşı yaşamışıq, heç nədən korluq çəkməmişik. Pulumuz, villamız, şəxsi maşınımız olub, kurortlara dincəlməyə getmişik. Sonra atam kriminal aləmdəki bütün nüfuzlu dostları ilə dalaşdı və onlarsız yoluna davam etmək qərarı verdi. Və bizim qayğısız günlərimiz sürətlə başa çatdı” — deyə Valeriya bildirir.

“Mənim 4 yaşım olanda atam harasa yoxa çıxdı. O, uzun müddət evdə olmadı, sonra birdən ortaya çıxdı. Özünü evə çatdırıb dəhlizdə döşəməyə sərildi, anam isterika içində qışqırmağa, onu oyatmağa çalışdı. Bu, məni çox qorxutdu. Belə hallar ümumiyyətlə çox olub. Atam uzun müddət yoxa çıxandan sonra evə sərxoş halda dönürdü. Çox vaxt cinayətkar münaqişələrində iştirak etdiyindən, üst-başı qan içində olurdu” — deyə qız yadında qalan dəhşətli anları sadalayır.

Leranın 7 yaşı olanda atası ilk dəfə həbsxanaya düşür. Anası qızına deyir ki, atan xəstəxanadadır və tezliklə qayıdacaq. Amma bir gün televizorda Leranın atasının həbsindən bəhs edən süjet göstərirlər. Qızı məktəbdə buna görə incitməyə, gözümçıxdıya salmaya başlayırlar. O isə səmimi olaraq nə baş verdiyini anlamır.

“Digər qorxulu vaxtlar onun həbsindən sonra başlayan axtarışlar idi. Milislər gəldi, qonşuları və şahidləri topladı. Bütün dolabları alt-üst etdiklərini, nəsə axtardıqlarını və bütün bu vaxt ərzində dayanmadan qışqırıb-bağırdıqlarını bugünkü kimi xatırlayıram. Bu vaxta qədər biz bolluq içində yaşayırdıq, amma atamın həbsində sonra hər şey başa çatdı, hətta yemək almağa belə pulumuz olmadı. Anam saat 7-yə qədər işləyirdi, öz əşyalarını satırdı ki, yaxşı vəkil tutsun və borclarını ödəsin” — Valeriya deyib.

Kriminal avtoritet məhbəsdən qayıdanda artıq Leranın 10 yaşı vardı. Həyatları başdan-başa dəhşətə dönmüşdü: “O, həmişə mənim otağıma gəlir, öz həbsxana həyatından danışırdı. Anam isə otağın qapısını döyərək məni onun əlindən xilas etməyə çalışırdı. Atam mənə mənəvi cəhətdən çox təzyiq göstərirdi. Daim təkrarlayırdı ki, mən onun qızıyam və o, həmişə mənim yanımdadır. Lakin o, heç vaxt mənim yanımda olmayıb”.

Bir müddətdən sonra atası başqa mənzilə köçür, arvadını və uşaqlarını ziyarət etmir. Qızı isə hər dəfə özünü daha pis aparan atası ilə nadir hallarda baş tutan görüşlərdən məmnun qalırdı.

“Atam məndən o dərəcədə uzaq idi, hətta o, yenidən şəhərimizə qayıdanda və onu küçədə görəndə mən dərhal qaçır, yaxud da gizlənirdim. Hər dəfə onunla telefonla danışmaq mənə əziyyət verirdi. O, sanki məndə özünə qarşı duyğu hissi oyandırmaq üçün nə demək lazım gəldiyini yaxşı bilirdi. Bunu sözlə başa salmaq çətindir və mən bunu indi dəhşətlə xatırlayıram ki, atam hər dəfə zəng edəndə məndə ailəmizin yenidən bir araya gələcəyinə ümid baş qaldırırdı. Atamın mənim həyatımda olduğuna dair illüziya yaranırdı. Mənə ata yalnız mənəvi cəhətdən lazım idi. Qardaşımı isə döyürdü. Qardaşım böyük idi və atam üçün yad idi. O, anamın birinci ərindən dünyaya gəlmişdi. Ona görə də, atam onu hər bir xırda əməlinə görə, yeri gəldi-gəlmədi, mənasiz şeylərin üstündə döyürdü. Hər dəfə anam araya girib onu xilas etməyə çalışırdı. Amma həmişə onu atamın qəzəbindən qorumağa imkanı çatmırdı” — deyə qız bildirir.

Lera hesab edir ki, zəif xarakterli atası həbsxanadan çıxandan sonra tamamilə başqalaşır. Oleynikovlar ailəsinin elə tanışları olub ki, onlar da nə vaxtsa həbsxanaya düşüblər, amma qayıdandan sonra əvvəlki kimi qalıblar. Yaxınları ilə mehriban davranıblar, öz həyatlarını yeni təmiz səhifədən başlayıblar.

“Mən uşaqlığımdakı çox şeyi dəyişmək istəyərdim. Təbii ki, atam sürüşkən yola qədəm basandan sonra ailəmiz dağılmağa başladı. Anam onun üçün mümkün olan nə varsa, elədi. Amma o, kriminal dünyada idi, biz isə evdə. Xəstələnirdik, darıxırdıq, ac qalırdıq” — deyə Lera izah edir.

Oleynikovlar ailəsini bir çox üzvləri kriminal dünyanın dəhşətlərindən keçməli olublar, hətta onları ölümdən bir tük qədər məsafə ayırıb. Valeriyanın böyük qardaşı və anası bir dəfə kriminalların atışmasının episentrinə düşüblər.

“Qardaşımın onda 10-11 yaşları olub. O, anam və atamla birlikdə şəhərə gedirmiş. Avtomobil qəfildən atəşə tutulub. Atam dönəndə görüb ki, onları bir neçə maşın müşayiət eləyir və maşınlardan tapançalarla onlara aramsız atəş açırlar. Bu, anamın həyatındakı ən qorxulu anlardan biri olub. Onda qardaşım maşının arxa oturacağında oturubmuş və oturacaqda ayaq üstə durub arxa şüşədən baxaraq qışqırırmış ki, “lap döyüş filmlərindəki kimidir” — deyə qız bildirib.

Atasını tezliklə yenidən dəmir barmaqlıqlar arasına salırlar. Amma onda artıq Oleynikovların həyatı nisbətən öz axarına düşmüşdü. Lera özü-öz ayaqları üzərində durmağı bacarırdı — farmasevt təhsili alır və şəkil çəkməklə gününü keçirirdi.

Kriminal avtoritet (qızının təhlükəsizliyi üçün yazıda atasının adı qeyd olunmur-red.) ikinci müddətini yatıb həbsxanadan çıxandan sonra ailə demək olar ki, mövcud olmayıb. Valeriyanın böyük qardaşı evi tərk edib. Qardaşlarından biri orduya gedib, digəri isə yaşamaq üçün qohumlarının yanına köçüb. Lera isə təkcə işləmək üçün deyil, həm də həyatını yenidən qurmaq, ağır xatirələrdən qurtulmaq üçün Moskvaya köçüb.

Amma bu qədər bəlalı valideyndən elə-belə xilas olmaq mümkün deyil: indi də o, onu “saymayan” yeganə qızının əlindən yaşadığı evi almaq istəyir.

“İndi atam mənə qarşı məhkəmə qarşısında iddia qaldırıb. Son illər ərzində onu ilk dəfə məhkəmədə gördüm. Uğursuz və pərişan halda idi. Məni qeydiyyatda olduğum evdən çıxarmaq istəyir. Evin onun mülkiyyəti olduğunu deyir. Bu da taleyin ironiyası” — deyə kriminal aləmdə ad çıxarmış, amma öz ailəsinin üz qarası olan avtoritetin qızı Valeriya bildirir.(Sputnik)

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …