Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Iran ətrafında gərginlik Azərbaycan üçün də riskə çevrilir

Iran ətrafında gərginlik Azərbaycan üçün də riskə çevrilir

ABŞ-İran mümkün hərbi qarşıdurması Cənubi Qafqazı da təhdid edir…

Fars körfəzində İran ətrafında gərginlik davam edir. İranın İngiltərəyə məxsus tankerləri saxlaması körfəzdə onsuz da yüksək olan gərginliyi daha da artırıb.

Xatırladaq ki, iyulun 4-də Cəbəllütariq boğazında İngiltərə hərbçilərinin İrana məxsus “Grace-1″ tankerini saxlamasına cavab olaraq, Tehran ötən həftə əvvəlcə qanunsuz neft daşıyan gəmini, ardınca isə Britaniyaya məxsus iki tankeri saxlayıb. Daha sonra tankerlərdən biri buraxılsa da, ikincisi hələ də İran sahillərindədir. İran rəsmiləri tankeri dənizçilik qaydalarını pozmaqda ittiham edir. Britaniya hökuməti isə bunu Cəbəllütariqdəki hadisəyə cavab adlandırır.

ABŞ hökuməti isə bəyan edib ki, Fars körfəzi və Ərəbistan dənizi hövzəsində gəmilərin təhlükəsizliyini təmin etmək üçün hərbi alyans yaradılacaq. Körfəzdə bu formada gərginliyin yüksəlməsi savaş riskini də yüksəldir. Məlum olduğu kimi, artıq Britaniya rəsmi olaraq körfəzdə İrana qarşı cəbhədə yer alıb. Daha əvvəl bu “koalisiyada” BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, qismən də Misir, Küveyt və Bəhreyn İrana qarşı ABŞ-ın yanında dayanıb. Bu isə o deməkdir ki, ABŞ-ın faktiki olaraq İrana qarşı qeyri-rəsmi koalisiyası formalaşır – baxmayaraq ki, ərəb ölkələri İrana qarşı birbaşa hərbi əməliyyatlara qatılmaq istəmir.

Ancaq İran ətrafında təhlükə və mümkün müharibə ehtimalı – hansı ki, hər keçən gün daha da yüksəlir – indi İrandan daha çox qonşu ölkələri narahat edir. Yeri gəlmişkən, bir qədər əvvəl Qərb mediası Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərliyinin ABŞ rəsmilərinə İrana qarşı əməliyyatda iştirak etmək istəmədiklərini bildiriblər. Ancaq aydın məsələdir ki, İraq əməliyyatında olduğu kimi, ABŞ-a ərəb ölkələri yalnız siyasi və logistik dəstək üçün lazımdır.

İran Ətrafında gərginlik ile ilgili görsel sonucu

Hazırda İran ətrafında Yaxın Şərqin 11 ölkəsində ABŞ ordusunun 46 hərbi bazasında 54 min hərbçi var. Bu ölkələr Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İsrail, Suriya, İordaniya, İraq və Omandır. ABŞ-ın körfəzdə ən böyük hərbi bazası Qətərdə yerləşən və 10 mindən çox hərbçinin olduğu əl-Udeyd hərbi hava bazasıdır. Bundan başqa, ABŞ ordusunun Hind okeanı bölgəsində xidmət edən 5-ci hərbi donanması Bəhreyndə yerləşir. İran ətrafında gərginlik yüksəldikdən sonra ABŞ hökuməti Aralıq dənizində İtaliya sahillərində xidmət edən “USS Abraham Linkoln” təyyarədaşıyanı, eləcə də Qətərə 4 ədəd B-52 bombardmançıları və 2 min hərbi qulluqçu göndərib. Bura Türkiyə, Əfqanıstan, Pakistan kimi ölkələrdə yerləşən hərbçiləri əlavə etsək, o zaman təxmini məlumatlara əsasən, İran ətrafında 70-120 min arası ABŞ hərbçisi var. Bu isə böyük qüvvədir. Ancaq əlbəttə, İran kimi ölkəyə qarşı müharibə üçün əlavə hərbi gücə ehtiyac var.

Vaşinqton isə hələlik təmkinli danışır. İrana qarşı müharibə etmək istəmədiyini, məqsədinin iqtisadi sanksiyalar vasitəsilə Tehranın nüvə və ballistik raket proqramını dayandırmaq, eləcə də Yaxın Şərqdəki silahlı qruplara dəstəyinin qarşısını almaq olduğunu bəyan edir. Ancaq Vaşinqton rəsmiləri açıq bəyan etməsələr də İrana qarşı daxildəki narazı qrupları, o cümlədən etnik separatizm qüvvələrini – kürdlər, ərəblər, bəluclar kimi – riskli qrupları mərkəzi hökumətə qarşı hərəkətə gətirmək istəyir.

İran ətrafında qeyri-müəyyənliyin davam etdiyi vaxtda iyulun 22-də İraqın baş naziri Adil Əbdülmehdi gözlənilmədən Tehrana səfər edib. Baş nazirin İrana səfəri barədə hətta bir gün əvvəl belə hər hansı məlumat verilməyib. Axşamüstü gözlənilmədən Tehranda peyda olan Əbdülhemdini prezident Həsən Ruhani qarşılayıb. Ötən ilin oktyabrında İraqın baş naziri seçilən Adil Əbdülmehdi bu ilin aprelində ilk dəfə Tehrana səfər edib. Görünür ki, baş nazirin İrana gözlənilməz səfəri İran ətrafında yaranmış gərginliklə əlaqədardır. Məlum olduğu kimi, İraq İranla böyük sərhədi olan və ABŞ-ın faktiki olaraq 5 min hərbi qulluqçusunun (rəsmi rəqəmlərə əsasən – K.R.) olduğu ölkədir. Təsadüfi deyil ki, may ayında İran-ABŞ münasibətləri gərginləşəndə ilk dəfə Bağdadda ABŞ səfirliyinə raket atıldı, ötən ay isə ABŞ hərbi bazasına raket atıldı. Çünki hazırda İraqda həm İranın, həm də ABŞ-ın ciddi təsiri var. Yəni İrana qarşı əməliyyat zamanı ilk risk altına düşəcək ölkə İraqdır. Bu mənada İraq ehtimal olunan ABŞ-İran müharibəsindən ciddi şəkildə narahatdır. Onsuz da müharibələr və terrordan özünə gələ bilməyən İraq növbəti dəfə amansız müharibənin ortasında qala, bu dəfə dağıntı və təsirləri daha dəhşətli ola bilər.

Nə qədər arzuolunmaz olsa da, mümkün İran-ABŞ müharibəsinin ikinci riskli ölkəsi Azərbaycan ola bilər. Təkcə ona görə yox ki, müharibə zamanı İranda çoxlu sayda Azərbaycan əhalisi öldürülə, eləcə də evlərini tərk edib Azərbaycana qaça bilər, həm də ona görə ki, savaşın alovları bizim ölkəni də vura bilər. Məsələ ondadır ki, ABŞ və İran arasında ehtimal olunan toqquşma cənubda – Fars körfəzi, Hörmüz boğazı ətrafında gözlənilsə də, Azərbaycanı başqa bir təhlükə gözləyə bilər. Daha doğrusu, gözləyir.

İran Ətrafında gərginlik ile ilgili görsel sonucu

Əldə etdiyimiz bilgilərə əsasən, Rusiya dövlətinin mümkün İran-ABŞ savaşı ilə bağlı xüsusi ssenarisi var. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata əsasən, İrana qarşı müharibə başlayacağı təqdirdə Rusiya dövləti Cənubi Qafqaz respublikaları üzərində hərbi nəzarətini quracaq. Ermənistanda Rusiyanın hərbi bazaları olduğu üçün söhbət Gürcüstan və Azərbaycandan gedir. Bu nəzarətin hansı formada təmin olunacağı məlum olmasa da, bildirilir ki, müharibə vəziyyətində regiona müharibəni əsas gətirərək 3-cü dövlətin hərbi güclərinin yerləşdirilməsinin qarşısını almaq üçün Moskva bu qabaqlayıcı planı hazırlayıb. Çünki ruslar hesab edir ki, İrana qarşı müharibə zamanı yaranmış vəziyyətdə onun Qərb rəqibləri Cənubi Qafqazda hərbi iştirakını təmin edə, bazalar qura bilər. Üstəlik, mümkün müharibə zamanı Rusiyanın İranla əlaqəsinin daha yaxşı qurulması lazımdır.

İran Ətrafında gərginlik ile ilgili görsel sonucu

Qeyd edək ki, Rusiya Dövlət Duması bir neçə il əvvəl sərhədlərdə terror təhlükəsi olarsa, sərhəd bölgəsində içərilərə doğru hərbi qüvvə yerləşdirməyə icazə verən qanun qəbul edib. Bu isə o deməkdir ki, ruslar mümkün İran müharibəsi zamanı yaranmış vəziyyətdən istifadə etməyə çalışacaq. 20 il əvvəl Serbiyaya qarşı NATO əməliyyatları zamanı Rusiya ordusu Belqrad hava limanını ələ keçirməklə NATO-nun hava limanına girməsinin qarşısını almışdı. Belə anlaşılır ki, ruslar eyni ssenarini bu dəfə İrana qarşı müharibə zamanı istifadə etməyi planlaşdırır. Bu planın detalları, deyildiyi kimi, hələlik məlum olmasa da, əməliyyat planının olduğu haqda ciddi mənbələrdən məlumat var. Görünən odur ki, İrana qarşı əməliyyat həm də Azərbaycan üçün riskə çevrilir. O da ehtimal olunur ki, son zamanlar Gürcüstan ətrafında baş verənlər qonşumuzda bu təhlükə haqda məlumatın olduğunu göstərir.

Kənan RÖVŞƏNOĞLU

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …