Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Qaçaq Nəbi küçəsinin adını dəyişib Rövşən Lənkəranskinin adı verilsin – İLAHİYYATÇIDAN ŞOK TƏKLİF

Qaçaq Nəbi küçəsinin adını dəyişib Rövşən Lənkəranskinin adı verilsin – İLAHİYYATÇIDAN ŞOK TƏKLİF

“Hər bir mövcud olan hakimiyyət idarəçiliyinə və siyasətinə sərf edən, ona boyun əyən istedadlı ziyalıları, şair və yazarları, tanınmış adamları zaman-zaman öz tərəfinə çəkib. Hətta tarixi şəxsiyyətlərdən də bu amalla istifadə (əslində sui-istifadə) edilib”.

Bunu Cebhe.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, Sovet hakimiyyətinin məlum ideologiyasına fikirləri və fəaliyyətləri uyğun gələn simalardan da bu məqsədlə istifadə olunub:

“Səməd Vurğunlar, Süleyman Rüstəmlər sovetlərə yarınıb orden alanda, Cavidlər, Cavadlar isə millətin qeyrətini çəkib gülləyə, sürgünə tuş gəlirdilər. Əliheydər Qarayevlər, Bağırovlar xalqı satanda, Nərimanovlar, Rəsulzadələr öz yolundan dönməyərək ölümə, sürgünə qucaq açırdılar. Bu hər zaman belə olub. Sovet hakimiyyəti Babəki ərəb istismarına qarşı savaşdığı üçün xalqın gözündə populyarlaşdırdı. Sovetə qədər Babək adı olmayıb Azərbaycanda. Halbuki ən böyük istismarçılığı elə ruslar özləri edirdilər. Koroğlunu milli qəhrəmana ona görə çevirdilər ki, (mifik bir obrazı) o dastanda türk xotkarlarına qarşı savaşıb. Ərzurum, Qars səfərlərində hədəfi türklər olub. Ancaq Cavad xanı unutdurdular. Real və əsas qəhrəmanlarımızı gizlətdilər 70 il ərzində. Aşılanmış bu təbliğat təəssüf ki, hələ də davam edir. Yenə də xalqın gözündə Cavad xanın obrazı Koroğludan, Babəkdən sönükdür. Yenə də Cavidin, Cavadın obrazı Səməd Vurğundan sönükdür. Bu sırf Sovet ideologiyasının təsiridir. Burada nə istedad, nə də digər amilin rolu yoxdur. Habelə Mirzə Fətəli Axundovun ateist olması münasibəti ilə sovet vaxtı zirvələrdə təqdim edilməsi buna nümunədir. Xurafatı, mövhumatı, cəhaləti tənqidinə bir söz ola bilməz. Cəlil Məmmədquluzadə, Haqverdiyev, Sabir də bunu edib. Ancaq onlar Allahın, dinin, xalqın min illik inancının əleyhinə çıxıb təhqir etməyiblər. Axundov ərəbləri istismarçılıqda ittiham edir, ancaq rus istismarına xoşgəldin deyərək çar rusiyasının orden və medallarını sinəsində gəzdirir, çinlərini çiyinlərində saxlayırdı. Ən böyük satqın elə onun özü deyildimi? Xalqın etiqad etdiyi bir ənənəni, dini, inanc və etiqadı təhqir etmək xalqın özünü təhqir etmək deyilmi? Hindistanda inəyə pərəstiş edirlər, ancaq kim onları və inəyi təhqir edir? Axundov rusa yarınmaq üçün xalqın heysiyyətini aşağılayıb. Onun tənqidi fikirləri heç bir tutarlı arqumentə, dəlilə əsaslanmır. Halbuki xurafatı, mövhumatı tənqid etmək olar, ancaq ideologiyanı, əqidəni təhqir etmək yolverilməzdir”.

O, hesab edir ki, sovet hökuməti özünə sərf edən simaları parladıb, Cavad xan kimi, Cavid və Cavad kimi şəxsiyyətləri də məhv edib:

“Ancaq təəccüblüsü və təəssüflüsü budur ki, bu “ənənə” indi də davam edir. Hələ də Koroğlunu Cavad xandan, Səməd Vurğunu Caviddən üstün sayanlar olduqca çoxdur. Axundov istifadə edildi və atıldı. Hətta öləndə meyitinə yiyə duran da olmadı. Təhqir etdiyi Allah onu acı bir aqibətə tuş gətirdi! Bu xalqın əsl qəhrəmanı yeddi qazan aş yeyib Türkiyədən qız oğurlamağa gedən mifik Koroğlu yox, milləti üçün, namusu üçün, müstəqilliyimiz üçün canından, qanından, ailəsindən keçən, İmam Hüseynin Kərbəlada etdiyini edən real qəhrəman Cavad Xandır. Bu xalqın əsl şairləri Stalinə yalmanmaq üçün “Mən nə Sanılıyam, nə də Cavadam, onlara düşmənəm, onlara yadam deyən Səməd Vurğun yox, “Müsavatçı bayquşlara” kimi şerləri ilə xalqın iradəsini satan Süleyman Rüstəmlər yox, kişi kimi, əqidə və milli amallar uğrunda canlarını fəda edən Əhməd Cavadlar, Hacı Kərim Sanılılar, Hüseyn Cavidlər olublar. Axundov kimilərini də mənfur sovetlər birliyinin ideoloqları xalqa dahi kimi sırıyıb. Xalqımız, xüsusən gənc nəsil tarixi və şəxsiyyətləri olduğu kimi tanımalıdır. Əsl qəhrəmanlar, əsl dahilər rejimlərə xidmət etdiyinə görə parlaqlaşdırılanlardan qabağa salınmalıdır”.

Tural İrfanın qənaətincə, əgər Babəki ərəb istismarına qarşı savaşdığına görə seviriksə, Cavad xanı rus istismarına qarşı vuruşduğuna görə daha çox sevməliyik:

“Çünki ərəb sonda mədəniyyətmizdə mühüm rol oynayan, bizi bu gün dünyaya bağlayan mühüm amillərdən biri olan İslam dini qoydu getdi (məhz getdi), ancaq rus torpaqlarımızı parçaladı, xalqımıza qarşı soyqırım etdi, dahilərimizə divan tutdu, bu gün də erməni məsələsində bizə qarşıdır. Bu anlamda, sözün fəlsəfi mənasında bu gün defakto rusa qarşı savaşan Cavad xanın obrazı türkə qarşı savaşan Koroğlunun obrazından qat-qat sönükdür. Əsl qəhrəmanları gizlətmək və ya kölgədə saxlamaqla tarix yazmaq olmaz. Hazırda yaşadığım küçənin adı Süleyman Rüstəmdir, qonşu küçə Səməd Vurğundur, digəri də Qaçaq Nəbidir. Qaçaq Nəbinin yerinə elə mərhum Rövşən Lənkəranskinin adını vermək olardı. Məgər Lənkəranskinin nəyi Qaçaq Nəbidən əskikdir? Bu da xalqın tərəfində, kasıbların yanında olub, xeyirxahlıq rəmzinə çevrilib. Qəribə məntiq doğur deyilmi? Mən demirəm ki, Qaçaq Nəbini atmaq lazımdır. Xeyir. O da xalqın oğludur. Ancaq bunlar hamısı sovetlərin ilahiləşdirdiyi, ön plana çıxardığı insanlardır. İndiki dövrdə yaşasaydı Nəbi kimə qarşı vuruşacaqdı? Ancaq Cavad xan istismara qarşı savaşdı. Bu mənada xalqımıza xarakterik olan şəxsiyyətləri daha önə çəkməliyik”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …