Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / İlahiyyatçı 4 uşaq anasının İrana necə getməsinə və kəbin kəsdirməsinə aydınlıq gətirdi

İlahiyyatçı 4 uşaq anasının İrana necə getməsinə və kəbin kəsdirməsinə aydınlıq gətirdi

Azərbaycan vətəndaşı, Bakı sakini Azər Ağayev həyat yoldaşı Xalidə Mehbalıyeva tərəfindən 4 övladının saxta sənədlərlə İrana qaçırdığını iddia edir. O, Meydan TV-yə müraciətində bildirmişdi ki, Xalidə Mehbalıyeva onunla nikahlı olduğu halda 3 uşaq atası Cəfər Babayevə qoşulub qaçıb. Uşaqları ona və Azərbaycana qarşı döndərilib, həyat yoldaşı ilə C.Babayev isə SEPAH-a tabe “Camaatul Mustafa” ideologiya mərkəzinə bağlıdırlar. Buna görə də İranda təqibə məruz qalır.

İttihamda adı keçən Cəfər Babayev Meydan TV-yə danışıb. Bildirib ki, A.Ağayev İranın Qum şəhərindəki az qala bütün polis məntəqələrinə şikayət edib, amma şikayətləri əsassızdır.

Xalidənin Azər Ağayevlə ümumiyyətlə heç vaxt rəsmi nikahı olmayıb. Onlar yalnız dini kəbinlə bir yerdə yaşayıblar. Dini kəbinin pozulmasına dair isə sübutlarımız var”,- C.Babayev deyib.

Uşaqların saxta sənədlə İrana keçirilməsi iddiasına gəldikdə isə deyib ki, uşaqlar Ağayevin özünün rəsmi razılıq sənədi ilə aparılıb. Həmin etibarnamə onlar evli olarkən Ağayevin özü tərəfindən verilib:

Onlar dini kəbinlə 23 il bir yerdə yaşayıblar. Azər Ağayevin birinci evliliyindən olan övladı da atası ilə birgə yaşayır. İrandakı 17 yaşlı övladı isə atası ilə görüşmək istəmir. Ağayevin birinci həyat yoldaşı intihar edib, amma həyatını xilas etmək mümkün olub. Yəni onu demək istəyirəm ki, həyat yoldaşı kimi xanımına, övladlarına zülm yaşadıb”.

C.Babayev qeyd edib ki, Azər Ağayev evli olduğu zaman ailəsi 7 il İranda yaşayıb, uşaqlar orada təhsil alıblar. Yalnız koronavirus pandemiyası zamanı Azərbaycana geri dönüb, 3 il müddətində burada yaşayıblar.

Dini nikah pozulandan sonra X.Meybalıyeva aliment üçün Azər Ağayevi məhkəməyə verib və məhkəmə uşaqlara görə aliment kəsib.

C.Babayev iddia edir ki, məhkəmənin qərarından 3 ildən artıq vaxt keçsə də, Ağayev övladlarına aliment ödəməyib.

Xalidə Mehbalıyeva. Foto: screenshot

“Xalidə Meybalıyeva mənim həyat yoldaşıma Quran tədris edib. Biz onunla belə tanış olmuşuq. Mən də dini inanclıyam, ömrüm insanlara yardım etməklə keçib. Mən Xalidənin İrana qayıtmasına maddi kömək etmişəm. Biz bərabər İrana qaçmamışıq, əksinə Xalidə gəlməmişdən 7 ay əvvəl mən öz həyat yoldaşımla birlikdə gəlmişəm. Yəni, ailəm, uşaqlarım yanımdadır. Eləcə də Xalidə Mehbalıyeva da yanımızdadır, həyat yoldaşımla bacı kimidirlər”,– Babayev deyib.

Bildirib ki, Mehbalıyeva 1 il 3 aydır İrandadır. Təxminən 6-7 ay əvvəl Cəfər Babayevlə Xalidə Mehbalıyeva arasında kəbin kəsilib. Çünki İranda tənha qadının təhsil almasında əngəllər var. Kəbin də məhz Xalidə Mehbalıyevanın təhsil almasına yardım məqsədilə kəsilib:

Azər Ağayevin redaksiyanıza təqdim etdiyi sənəd siğə deyil, daimi kəbindir. İffətli bir xanımı cəmiyyətə bu cür təqdim etmək ən azından insafsızlıqdır. Ağayevin bir dərdi var, o da mülk davasıdır. Hətta xanımına bildirib ki, avtomobildən və alimentdən əl çəksə, o da onlardan əl çəkər. O ki qaldı Qasım Süleymanlı ilə şəkil çəkdirilməsinə, həmin şəkil maketdir. Digər dindarlar kimi onlar da maketlə şəkil çəkdiribər”.

Cəfər Babayev onu da bildirib ki, onun SEPAH-la heç bir əlaqəsi yoxdur, heç bir təşkilata qatılmayıb:

“Doğrudur, Azərbaycanda dindar dostlarım var. Onlardan bir neçəsi həbs olunub və mən din adamı kimi buna etiraz etmişəm. Bəlkə də Azərbaycana gəlsəm, sosial şəbəkələrdəki etirazlarıma görə həbs oluna bilərəm. Amma heç bir təşkilatın üzvü deyiləm. İndiyə kimi heç bir siyasi fəaliyyətim olmayıb”.

C.Babayev onu da deyib ki, A.Ağayevin şikayətlərindən sonra oxuduqları universitetdə problemlər yaranıb. Azərbaycandakı vəkilləri Ağayevin ittihamları ilə bağlı əlaqədar orqanlara müraciət edəcək.

C.Babayev deyib ki, uşaqlar anaları ilə birgə yaşayırlar. Heç bir yatılı məktəbə göndərilməyiblər:

“Azər Ağayevin oğlunun 15 yaşı var. Əvvəl məktəbə gedir, sonra da işləyib ailəsini saxlayırdı. İndi məktəbə də getmir, axşama qədər işləyib ailəsini dolandırır. Onların ataları ilə görüşməsinə heç kim əngəl yaratmır. Özləri atalarını görmək istəmirlər”.

C.Babayev Meydan TV-yə uşaqların səs yazısını da göndərib. Oğlu Azər Ağayevə nifrətini ifadə edib, onlara meyvəni belə icazə ilə verdiyini, analarına əziyyət çəkdirdiyini xatırladıb və onunla görüşmək istəmədiyini deyib.

X.Mehbalıyeva da “Youtube” kanalı üzərindən keçmiş həyat yoldaşının təzyiq və təhdidlərinə məruz qaldığını bildirib.

Meydan TV təkrar Azər Ağayevlə əlaqə saxlayıb. Azər Ağayev dini nikahın pozulmadığını israr edib və deyib ki, həyat yoldaşı onu tərk etdikdən sonra övladlarına maddi dəstək olub. Hətta bank hesablarına göndərilən vəsaitin qəbzləri də məhkəməyə təqdim olunub. Alimentin ödənilməsinə gəlincə, o, övladlarının Azərbaycanda yaşamadığını, onları geri gətirmək üçün İrana pul göndərmədiyini bildirib.  Onu da deyib ki, uşaqlarının ölkədən çıxarılmasına dair verdiyi sənəd evlilikləri dövrünə təsadüf edir və sonradan həmin sənədi ləğv etdirib. Ona görə də hesab edir ki, uşaqları saxta sənədlə ölkədən çıxarılıb.

Azər Ağayev onu da deyib ki, fevralın 15-də axşam saatlarında ETTELAT (İran Kəşfiyyat Nazirliyi) onun qaldığı oteldə əməliyyat keçirib və əşyaları dağıdılıb. Özünü isə həbs etmək üçün məhkəmə qarşısına çıxaracaqlar. Azər Ağayev dəfələrlə Azərbaycanın Təbrizdəki konsulluğu ilə əlaqə saxlamağa cəhd etdiyini, lakin ona kömək olunmadığını deyir.

Azərbaycan Xarici İşlər Nazirliyindən Meydan TV-yə məsələni araşdırdıqlarını bildiriblər.

Həmçinin oxuyun

Xaləddin İsgəndərovun oğluna məxsus 4 şirkət bağlandı

“Synergy Group”a aid daha 4 şirkət ləğv edilib. İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti mayın …