Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Filmlərdə həddindən artıq bayağı, düşük ifadələr, açıq-saçıqlıq zövq vermir”

“Filmlərdə həddindən artıq bayağı, düşük ifadələr, açıq-saçıqlıq zövq vermir”

“Aktyorların peşəkarlığı çox vacibdir. Məsələn, “Təhminə və Zaur”, “Dəli Kür” filmləri real həyatdan götürülmüşdü, sünilik yox idi. Buna görə də həmin filmlər sevildi. “Təhminə və Zaur” yazıçı Anarın ssenarisi əsasında çəkilmişdi, çox gözəl romandır. Düzdür, bu filmdə açıq-saçıq səhnələr var. Amma bilavasitə normal, real həyatdan götürülüb, bayağılıq yoxdur. İnsanın daxili aləmi, onun sevgisi, məhəbətti, hisslərini əks etdirən canlı epizodlar var, hamıya xoş gəlir. Düzdür, bəzilərinə belə səhnələr xoş deyil. Məsələn, yaşlı nəslin çox hissəsi bunu qəbul etməmişdi ki, filmdə belə açıq səhnələr olmamalı idi. Lakin əslində geniş düşüncəli insan daim o hisslərlə yaşayır. Hər birimiz o hissləri keçirə bilərik və o hisslər bizə çox doğma idi…”

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Rzayev Azərbaycanda çəkilən filmlərin daha canlı olması üçün açıq-saçıq səhnələrə yer verilməsi təklifinə münasibət bildirərkən deyib.

“Eləcə də “Dəli Kür”. Elmi müdafiəm “Dəli Kür”lə olub. Çox sual verirdilər ki, Cahandar ağa arvadı ola-ola niyə Mələyi qaçırır? Amma bu filmdə də çox təbii hisslər var. Mələk çox kasıb bir ailənin qızı idi, düşkün halda idi. Uşağı olmadığına görə Allahyar onun ölməsini istəyir. Cahandar ağa Mələyi görəndə onun gözəlliyinə vuruldu. Digər tərəfdən bir insan kimi ona ömrünü bağışladı. Mənə sual verəndə dedim ki, necə ola bilərdi, Mələyin özünü qayadan atması daha yaxşı olacaqdı, yoxsa Cahandar ağanın yanında həyat qazanması? Bu, dünyanı dərindən dərk edən insanlar üçün çox maraqlıdır, həm də dəyərlidir. Obrazlar çox təbiidir. Həm də aktyorların peşəkarlığı, yanaşması, jestləri o qədər canlıdır ki, insan o səhnələrə vurulur. Mən də belə canlı əsərlərin filmə çəkilməsinin tərəfdarıyam”, – deputat bildirib.

T.Rzayev deyib ki, bəzən filmləri çox bayağı çəkirlər: “Nə canlılıq hiss olunur, nə də o hisslər… Ona görə də belə tərzdə filmləri sevmirik. Bizdə bəzi teleseriallar var. Həddindən artıq bayağı, düşük ifadələr, açıq-saçıqlıq, hırıltılar adama zövq vermir. “Təhminə və Zaur”da həddən artıq söyüşlü, açıq-saçıq səhnələri kəsib efirə verməməklə düz ediblər. Açıq-saçıq səhnələr də az, yerində olmalıdır. İndi çıxıb səhnədə bir-birilərini söyüb, təhqir edirlər. Bu, bizi tərbiyə edə bilməz. Tərəfdarı deyiləm. Şərtlər olmalıdır, milli-mentalitetimiz ortaya qoyulmalıdır. Səmimi ifadələr işlədilə bilər. Bəzən səmimi olaraq bir adama “quzu balası” deyirsən. Bəziləri bunu bəyənmir. Əslində quzu da bir heyvandır, bunun özündə bir səmimiyyət var. Maddiyyat elə bir həddə gəlib çatıb ki, hamı maddi vəziyyəti düşünür. Ona görə də aktyorlar belə səhnələrə gedirlər ki, beş-on manat qazansınlar. Amma tarixən peşəkar sənətkarlar bunun arxasınca getməyiblər. Onlar sənətin arxasınca gedirdilər. Mən də istəyərəm ki, dövlət bu filmlərin çəkilməsi üçün pul ayırsın. Azərbaycan həqiqətlərini, milli-mənəvi dəyərlərini bu filmlərdə görə bilək. Heç vaxt açıq-saçıqlığın tərəfdarı deyiləm – açıq geyimlər, ifadələr… Görürsünüz, “Dədə Qorqud”, “Nəsimi” filmləri nə qədər gözəldir?!”

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …