Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Ev tikintisində vahid pəncərə: Nə vaxt reallaşacaq? – ŞƏRH

Ev tikintisində vahid pəncərə: Nə vaxt reallaşacaq? – ŞƏRH

Baş nazir Novruz Məmmədov tikinti qaydalarında dəyişikliklə bağlı yeni qərar imzalayıb. 

Belə ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na dəyişikliklər edilib. Qərara əsasən, qaydalara aşağıdakı yarımbənd əlavə edilib: 

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi”.

Son vaxtlar tikinti qaydalarına xeyli dəyişikliklər edilib.Bununla yanaşı, tikinti üçün icazə verən qurumların da sayı artıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda dəyişiklik edilib.Dəyişikliyə görə, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət etdiyi zaman torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti ilə yanaşı, tikinti layihəsini də təqdim etməli olacaq.Həmçinin, şəhərsalma əsaslandırılması bu Qaydaların 2-ci hissəsinin tələblərinə uyğun işlənilərək yerli icra hakimiyyəti orqanının, Bakı şəhərinin və digər şəhərlərin inzibati ərazisində isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq ediləcək.Digər dəyişikliyə görə, şəhərsalma əsaslandırılması dörd nüsxədə işlənilməlidir.Bir nüsxə layihədə qalacaq, bir nüsxə sifarişçiyə veriləcək, digər nüsxələri isə tikintiyə icazə verən orqanda (qurumda) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində saxlanılacaq.

Ekspertlər hesab edir ki, tikinti qaydaları sadələşdirilmək əvəzinə, getdikcə əlçatımlılığını itirir.Təklif olunur ki, prosedurun sadələşdirilməsi baxımından, tikinti prosesi vahid pəncərə sistemindən həyata keçirilsə, daha məqsədəuyğun olar.

Məsələ ilə bağlı Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, dəyişikliyin nə dərəcədə effektiv olacağını indidən söyləmək çətindir. Bunun üçün işin nəticəsini gözləmək lazımdır:

“Amma doğrudan da prosesin vahid pəncərə sistemindən idarə olunması həm prosedurun sadələşdirilməsi, həm də xərclərin optimallaşdırılması baxımından effektiv olar. Bu məsələdə prosesə nəzarət imkanları da artırıla bilər.Bununla bağlı müxtəlif variantlar təklif olunsa da, hələki təkliflər məqbul hesab olunmayıb, tam olaraq dəstəklənməyib.Məsələ açıq olaraq qalır.Amma son vaxtlar tikintinin tənzimlənməsi ilə bağlı verilən qərarlar hesab edirəm ki, yaxın gələcəkdə bu məsələləri aktuallaşdıracaq və bu istiqamətdə də müəyyən işlərə başlanacaq.Bir neçə gün əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Samir Quliyev tərəfindən təklif səslənmişdi ki, yeni tikililərdən mənzil alanlar notarial qaydada müqavilə imzalasınlar.Bu gün isə Ombudsman tərəfindən buna bənzər təklif irəli sürülüb ki, qeydiyyata alınmayan binalarda mənzil satışına qadağa qoyulsun.Bu təkliflərin özü də deməyə əsas verir ki, tikinti prosesində ilkin qeydiyyat işləri ilə bağlı məsələlər sürətlənməli və təkmilləşməlidir.Təkmilləşmə də ondan ibarətdir ki, bir pəncərə sistemi tətbiq oluna bilər.Bu sistem çərçivəsində elektron hökumət portalına müxtəlif qurumlardan inteqrasiya təmin olunar.Yəni, sərəncamın alınmasından tutmuş istismara verilənə qədər…Burada müəyyən sənədlər çatmasa, tikinti prosesinə icazə verilməz.Bir sözlə, nəzarət imkanları genişlənmiş olar.Ona görə də vahid pəncərə sistemi kifayət qədər aktual məsələdir.Mən bu sahənin mütəxəssisi kimi bunu dəstəkləyirəm.Amma hökumətin də yəqin ki, plan və proqramları var. Ona görə də gözləyək görək sonu necə nəticələnəcək”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …