Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Bakıda iki gəncin mübhəm intiharı: Öncədən verilən anons, sirlər, gizlinlər… FOTOLARLA

Bakıda iki gəncin mübhəm intiharı: Öncədən verilən anons, sirlər, gizlinlər… FOTOLARLA

Ötən gün Bakıda iki gəncin intihar etməsi xəbəri növbəti dəfə cəmiyyətdə şok effekti yaşatdı. Hər ikisi təxminən 22-23 yaşlarında olan gənclərin biri özünü metroda qatarın altına ataraq, digəri isə özünü dənizə ataraq intihar edib. Bu iki gəncin intihar səbəbi sirr olaraq qaldığı kimi, dənizdə intihar edən gəncin meyiti də hələ ki tapılmayıb.

Bildirək ki, dünən axşam saatlarında metronun “Ulduz” stansiyasında intihar edən Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu özünü qatarın altına atıb.

İntihar səbəbi dəqiq bilinməyən gənc sosial aktivliyi ilə seçilib. Bir neçə xarici dil bilən Rəşad “Glamour Center MMC” tur şirkətinin direktoru olub və rayonlara turlar təşkil edirmiş. Sosial şəbəkədə sonuncu dəfə bir neçə gün öncə Qəbələyə təşkil etdiyi turun şəkillərini paylaşıb. Facebook fəaliyyətini araşdırdıqda gəncin daim pozitiv paylaşımlar etdiyinin şahidi olduq. Eyni zamanda müğənni olan gənc dövlət tədbirlərində, toylarda da mahnı ifadə edirmiş.

Bəs özünün özəl tur şirkəti olan, həyat dolu olan bir gənc nədən insanların gözü qarşısında intihar edib?

“Yeni Müsavat”ın müxbiri bu suallara cavab tapmağa çalışıb və mərhumun Gəncədə yaşayan dostları ilə əlaqə saxlayıb.

Mərhumun adının çəkilməsini istəməyən dostu əvvəlcə onun şəxsiyyətini xarakterizə edərək, haqqında çox müsbət fikirlər səsləndirib: “Onu çox pozitiv, həyat eşqli, gülərüz, səmimi, çox kişilərdən fərqli olaraq sözünün üstündə duran bir gənc kimi tanıyırdım. Bir böyük kimi mənə qarşı hər zaman sayğılı idi. Bundan başqa yaşının az olmasına rəğmən çox güclü təşkilatçılıq qabiliyyəti var idi. Özünün tur şirkəti var idi, bu günlərdə Gəncədə ofisi açıldı”.

İntihar səbəbinə gəlincə, mərhumun dostu bildirdi ki, bu onun cinsi azlıqlara xas davranış tərzi ilə əlaqədar ola bilər: “Mən onun bir həmcinsinə qarşı fərqli münasibətini görmədiyim üçün cinsi azlıq olduğunu deyə bilmərəm. Ancaq davranışında, hərəkətlərində onlara xas əlamətlər var idi. Bu da Gəncə kimi bir şəhərdə onu çox sıxırdı. İctimai qınaq çox güclü idi. Burada mühit elədir ki, yaxın vaxtlarda saçını uzadan bir oğlanı tutub döymüş, ölümcül hala salmışdılar. O da ola cinsi azlıqlara qarşı münasibət…”.

Rəşad Mustafazadənin digər bir xanım dostu (adının çəkilməsini istəmədi) isə təsdiqlədi ki, mərhum cinsi azlıq olub və intiharına da elə bu səbəb ola bilər: “Hədsiz dərəcədə yaxşı uşaq idi, həyatsevər biri idi. Nə vaxtsa intihar edəcəyi heç vaxt ağlıma gəlməzdi. “Glamour Center MMC” tur şirkəti üçün yeni ofis açmışdı, ancaq heç ofisin bir ayı tamam olmadan bu addımı atdı. İki ay öncə onun cinsi azlıqlardan olan başqa bir dostu intihar etmişdi. Həmişə onu qınayırdı ki, düz etmədi. Ancaq indi özünün intihar etməsi bizi şoka saldı. Ancaq bilirdik ki, Gəncədə ictimai qınaq, təzyiqlər onu çox sıxır”.

Həmsöhbətim onu da qeyd etdi ki, Rəşad Mustafazadəyə ailəsi heç zaman dəstək olmayıb: “Onların ailəsində birlik yox idi, hərə ayrı yaşayırdı. İki bacısı, bir qardaşı var idi. Atası Rusiyada yaşayırdı, ona heç vaxt arxa çıxmamışdı, bir övlad kimi baxmırdı. Həmişə atasından şikayətlənirdi. Rəşada ailədən heç kim dəstək çıxmadı. Ancaq maddi olaraq onlara ehtiyacı yox idi, işləyib özünü dolandırırdı”.

Qeyd edək ki, Rəşad Mustafazadənin sosial şəbəkədəki son statusları belə pozitiv olub. O , Qəbələyə təşkil etdiyi tutun elanını paylaşıb. Növbəti paylaşımında “Glamour Center MMC”-nin dünyanın müxtəlif ölkələrinə aviareyslərin bilet satışını həyata keçirdiyini qeyd edib. Həmçinin direktoru olduğu şirkət vasitəsilə ehtiyaclı ailələr üçün yardım toplama kampaniyası da həyata keçirirmiş.

Sonuncu statusu isə dekabrın 28-də yazıb: “Hə, yaltaqlar da var. Onları da unutmayaq. Xüsusən 16-30 yaşlı 72%-lər. Kənardan çox gülməli görünürsüz. Çox sağ olun ki, güldürürsüz!”.

****

Yanvarın 8-də özünü dənizə ataraq intihar edən Məlik Cahangirovun intihar addımı isə daha dəhşətli olub. O, sosial şəbəkədə status yazaraq intihar edəcəyi saata qədər üstüörtülü şəkildə anons verib. “Son 52 saat”, “son saat 1 dəqiqə” yazaraq intihar vaxtını bildirib. Sonra həmin saatda dənizdə şəklini çəkərək facebook-da paylaşıb və harada olduğunu qeyd edib. Sanki bununla kiminsə gələrək onu xilas etməsini gözləyib. Məlik Cahan təxəllüsü ilə şeirlər yazan gənc son şeirlərində son yolçuluğunun dənizə olduğunu da göstərib. Lakin bütün bunlar yaxınlarına bir həyəcan siqnalı üçün kifayət etməyib.

Məlumat üçün bildirək ki, hadisə “Yaxt Klub”a yaxın ərazidə qeydə alınıb və Məlik Cahangirovun saat 16:45 radələrində özünü dənizə atıb. Lerik rayon sakini olan və ailəsi Lerikdə yaşayan 1995-ci il təvəllüdlü gənc Azərbaycan Dövlət Pedoqoji Universitetinin coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırmış.

Məlik Cahangirovun özünə nə üçün qəsd etməsi ilə bağlı mətbuatda bir neçə iddialar yayıldı. Onlardan biri bu idi ki, gənc təhsil haqqını vaxtında ödəmədiyi üçün oxuduğu universitetdən qovulmaq təhlükəsi ilə üzləşibmiş. Bu sözləri Teleqraf.com-a açıqlamasında bulvarda özünü dənizə ataraq intihar etmiş Məlik Cahangirovun bibisi oğlu Xəyal Kərimov deyib.

Onun sözlərinə görə, Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib: “Bu səbəbdən təhsil haqqını ödəyə bilməyib. İlkin versiya kimi intihara bu səbəb ola bilər. Pulun nəyə xərcləndiyi bəlli deyil”.

Bu məlumatı dəqiqləşdirmək üçün “Yeni Müsavat” olaraq Azərbaycan Dövlət Pedoqoji Universitetinin mətbuat xidməti ilə əlaqə saxladıq.
Universitetin mətbuat xidmət rəhbəri Mənsur İbrahimli bildirdi ki, dünən müxtəlif özünü dənizə ataraq intihar etmiş 23 yaşlı Məlik Nizaməddin oğlu Cahangirov hazırda ADPU-nun tələbəsi deyil: “Mediada Məlik Cahangirovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi olduğu qeyd edilir. Bununla əlaqədar olaraq bildiririk ki, 1995-ci il təvəllüdlü Məlik Cahangirov 2013-2014-cü tədris ilində ADPU-nun Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul edilib. 2016-2017-ci tədris ilində IV tədris ilinin 401-ci qrupunun tələbəsi olub. 2 fəndən akademik borcu olduğuna və son semestrdə dərslərə gəlmədiyinə görə 22 dekabr 2017-ci il tarixli 2/227 saylı əmrlə ADPU tələbələri sırasından xaric edilib. Qeyd etməyi məqsədəuyğun sayırıq ki, Məlik Cahangirovun ötən ilin sentyabr ayından bu yana ADPU ilə heç bir əlaqəsi olmayıb. Biz bu faciəli hadisədən dərin kədər hissi keçirdiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına Allahdan səbir diləyirik. Allah rəhmət etsin”.

İntihar səbəbinin nə olduğunu və gəncin son zamanlar nə üçün intihara meylli statuslar yazdığını öyrənmək üçün onun dostları ilə əlaqə saxladıq.

Məlik Cahangirovla bir komandada intellektual yarışlara qatılan və yaxın dostu olan Günay Vəliyeva “Yeni Müsavat”a danışarkən bildirdi ki, mərhumu 4 ildir ki, tanıyır: “Hər həftə birgə intellektual yarışlara gedirdik, komanda yoldaşım idi. Birlikdə AİOK-un, NHN-in yarışlarına qatılardıq, 4 ildir hər şənbə və bazar günlərimiz orada keçərdi. “Xəmsə” intellektual yarışına da qatılmışdıq. Çox mehriban, dostlarına qarşı diqqətcil bir insan idi. Yeri gələndə şad olurdu, mühitə uyğunlaşırdı. Ancaq son 7-8 aydır ki, özünə qapanmışdı, pessismistləşmişdi və facebook statuslarında bunu bildirirdi. Onun bu cür status yazmasına öyrəşmişdik və ona görə son statusunu da onlardan biri zənn etdik, adi qarşıladıq. Çox peşmanam ki, intiharına 52 saat qaldığını bildirən statusa görə ona zəng etmədim. İnanmıram ki, intihar səbəbi universitetin ödənişi olsun. Çünki bizim universitetdə ödənişə görə tələbəni tələsdirmirlər, tələbələr də belə hallarda dostlarına kömək edirlər. O, universiteti keçən il bitirməli idi, ancaq kəsiri var idi və bu yaxınlarda imtahanı olacaqdı. Səbəb intihar deyil. Ancaq yaxın dost olsaq da dərdini danışmazdı, qapalı idi. Deyərdi ki, öz problemlərimlə başqalarını üzməyi sevmirəm. Hər şey yaxşıdır, düzələcək deyirdi. Ailəsi, maddi durumu haqqında danışmağı sevmədiyi üçün bu haqda məlumatım yoxdur. Ancaq çox da imkanlı deyildi. Çox savadlı , intellektual idi, şair idi, şeirlər yazırdı. Ən böyük arzusu şeirlər kitabını çıxartmaq idi. Son paylaşımlarında hər şeyi qeyd edib. Çox peşmanam ki, diqqət etmədik. VhatsApp statusunda da yazıb ki, əcəlinə tərk edilmiş qoca kimi köməksizəm. Son vaxtlar o qədər pessimist idi ki, intihar edəcəyinin fərqinə vara bilmədik.

Günay Vəliyevanın sözlərinə görə, Məlik daha öncə də intihara cəhd edib: “Dekabrın 31-də də nəsə bir hadisə olmuşdu. Dostları sosial şəbəkədə yazdılar ki, belə etmə və sair. Onu intihar fikrindən yayındırdılar. Sonra Məlik də yazdı ki, yaxşıyam, narahat olmayın. 31 dekabrdan 1 həftə əvvəl də status yazmışdı ki, “1 həftə sonra öləcəyinizi bilsəniz nə edərdiniz?”. Başqa belə bir məqam olmayıb. Ancaq görünür, hər şeyi öncədən planlayırmış.

Həmsöhbətim sonda onu da bildirdi ki, özünəqapalı və dərdini paylaşmayan bir insan olduğundan dostlarından heç biri Məlik Cahanın hansı səbəbdən intihar etdiyini bilmir.

Qeyd edək ki, Məlik Cahangirovun meyiti hələ ki tapılmayıb. Bu mənada yaxınları onun sağ qalacağına olan ümidlərini üzmürlər. Bu barədə dənizdən çıxarılan meyitin isə intihar etdiyi deyilən Məlik Cahangirovun olmadığı bildirilir. Teleqraf.com-a açıqlamasında Məlikin bibisi oğlu Xəyal Kərimov deyib. Onun sözlərinə görə, axtarışlar hələ də davam edir: “Dünən gecədən axtarırlar. Məlikin ailə üzvləri, qohumları da burdadırlar. Hələ də ümidimiz var ki, intihar etməyib, sağdır, özünü dənizə atsa da, başqa yerdən sağ-salamat çıxıb, harasa gedib. Gözləyirik”.

Qeyd edək ki, bu gün dənizdən tapılan kişi meyitinin gənc şairə məxsus olması haqda mediada xəbər verilmişdi. Mərhumun dostu Günay Vəliyeva isə onun üzməyi bilmədiyini, bu baxımdan üzüb başqa bir yerdə sahilə çıxa bilməyəciyini təəssüf hissi ilə bildirdi.

Mərhumun sosial şəbəkədəki səhifəsində də onun sağ ola biləcəyi ilə bağlı müzakirələr gedir. Dostları onun facebook profilinə və VhatsApp hesabına yanvarın 9-da , günorta saatlarında bir neçə dəqiqə aktiv olduğunu yazıblar. Telefonuna zəng çatdığını qeyd edənlər də olub.
Ola bilər ki, mərhum intihar edərkən gödəkçəsini çıxarıb sahildə qoyduğundan telefonu da polis tərəfindən götürülüb və araşdırılır. Şəxsi hesablarında da məhz bu səbəbdən aktiv olduğu görünür.

Hər halda ölümün təsdiqlənməsi üçün Məlik Cahanın yaxınları rəsmi qurumlar tərəfindən mərhumun meyitinin tapılması ilə bağlı verilən xəbəri gözləyir.

Həmçinin oxuyun

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu …