Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Ali Baş Komandan əmr versə, briqada bir günə Ağdam şəhərini işğaldan azad edə bilər”

“Ali Baş Komandan əmr versə, briqada bir günə Ağdam şəhərini işğaldan azad edə bilər”

Qarabağ bölgəsində yerləşən N saylı hərbi hissəyə 2012-ci ildə yeni komandir təyin etmişdilər. İşlərim nə qədər çox olsa da, vaxt tapib onunla görüşmək üçün hərbi hissəyə getdim. Tanış olduq; polkovnik-leytenant Raquf Orucov! Tanışlıqdan sonra komandir məni çay süfrəsinə dəvət elədi. Söhbətimiz təxminən bir saat cəkdi.
Onu da deyim ki, bir vaxtlar mən özüm də zabit olmuşam. 1971-ci ildə hərbi xidmətdən qayıdanda artıq leytenant rütbəsində idim. Ona görə də hərbi işdən az-çox anlayışım var. Və bilirəm, əgər komandir əsgərini sevirsə, onun qayğısına qalırsa, əsgər də komandirini sevir, ona böyük ehtiram bəsləyir. Raquf Orucovun sevimli komandir olduğunu elə ilk ünsiyyətdən hiss elədim.
Söhbət əsnasında həm hərbi qüvvələrimizin itkilərinin qarşısını almaq, həm də dinc əhalinin təhlükəsizliyini qorumaq məqsədilə komandir məndən düşmənlə təmas xətti boyunca torpaq sədd çəkilməsinə kömək göstərilməsini xahiş etdi. Dedi ki, Bərdə rayonunda bir təşkilatda bu işi görə biləcək texnika var, özü də yalnız gecələr işləmək mümkündür ki, ermənilər texnikanı vura bilməsinlər.
Görüşdən çıxıb rayon icra hakimiyyətinə gəldim. Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Allahverən Əliyevdən komandirin dediyi texnikanın Bərdə rayonunda hansı təşkilatda olduğunu xahiş etdim. Səhərisi Allahverən müəllim həmin texnikanın sürücüsü ilə birlikdə yanıma gəldi. Qısa söhbətdən sonra sürücü təmas xəttdində işləməyə razılıq verdi. Çətinliklə də olsa, 29 günə torpaq bənd çəkilişi başa çatdırıldı.
Raquf Orucovun növbəti xahişi hərbi hissənin həyətindəki meydançaya asfalt döşənməsi ilə bağlı oldu. Qisa müddətdə bu məsələni də həll etdik.
Görüşlərimizdən birində Raquf Orucov bir az utana-utana dedi ki, canlı qüvvə sarıdan itki verəndə həlak olan əsgərləri kəfənləyib ailələrinə təhvil vermək üçün hərbi hissədə lazımı şərait yoxdur. “Çox vaxt valideyinlər özləri də yuyat yerinə girmək istəyirlər, – dedi – amma şərait olmadığına görə, həm komandir, həm də bir ağdamlı kimi xəcalət çəkirəm. Bizə kömək edin, bu problemi həll edək”. Mütləq kömək edəcəyimi dedim. Bir ay müddətinə hərbi hissənin yaxınlığındakı qədim bir məscidin həyətində bütün şəraiti olan yuyat yeri tikdirdik.
Ümumiyyətlə, Ağdamda işlədiyim müddətdə Raquf Orucov mənə dəfələrlə xahişlə müraciət etdi. Amma bu xahişlərin biri də şəxsi xarakterli deyildi. Onun bütün müraciətləri yalnız hərbçilərin həyat şəraitinin yaxşılaşdırılması və  onların təhlükəsizliyi ilə bağlı idi.
Bayaq əsgərlərin Raquf Orucovu komandir kimi çox sevdiklərini hiss etdiyimi dedim. Bax həmin sevgi və ehtiram məhz Raquf Orucovun bir komandir kimi sözübütövlüyündən, ağayanalığından, qayğıkeşliyindən qaynaqlanırdı.
Raquf Orucovla müntəzəm görüşlərimiz olurdu. Onunla birlikdə tez-tez əsgərlərlə nahar edərdik. Bayramlarda onun komandiri olduğu briqadanın bütün heyəti üçün plov hazırladırdım. Əlavə olaraq, şirniyyat, mer-meyvə tədarükü də görüb hərbi hissəyə, hərbiçilərlə bayramlaşmağa gedirdik.
Mənim rəhbərliyim dövründə Ağdam rayonunun bütün idarə və müəssisə rəhbərləri ayrı-ayrı hərbi hissələrə, hərbçilərə daima olaraq Ağdam “Şur” ansamblının konsertlərini təşkil edir, keçirilən bütün tədbirlərə şəxsən özüm də qatılırdım.
Bir dəfə söhbət zamanı söz necə gətirdisə, Raquf Orucovdan soruşdum:
 – Komandir, müharibə başlasa, düşmənə qalib gələ bilərikmi? Yetərincə gücümüz varmı?
Raquf Orucov:
– Əgər Ali Baş Komandan əmr versə, – dedi, – bizim briqada bir günə Ağdam şəhərini işğaldan azad edə bilər.
O zaman komandirin bu sözləri məni xeyli qürurlandırmışdı. Təsadüfi deyil ki, doğma torpağı düşməndən tezliklə azad etmək üçün hər an döyüşə hazır olan bu peşəkar zabit 2016-cı ilin aprel ayında Talış yüksəkliyi istiqamətində ordumuzun uğurlu həyata keçirdiyi əks-hücum zamanı öz silahdaşları ilə birlikdə böyük qəhrəmanlıq göstərdi. Hələ gənc zabit kimi Murovdağ istiqamətindəki hərbi hissələrdən birində kəşfiyyat bölüyünün komandiri olarkən Raquf Orucov düşmən arxasında bir neçə uğurlu əməliyyat keçirdiyi, əfsanəvi igidliyinə görə, həm dövlət təltifinə layiq görüldüyü, həm də “Murov qartalı” kimi rəmzi bir ad aldığı barədə mən də eşitmişdim. Aprel döyüşlərində isə o, ən öndə gedən komandirlərdən biri kimi düşmənə ağır zərbə vurdu, lakin özü də qəhramancasına həlak oldu, şəhidlik zirvəsinə yüksəldi. Bu döyüş, Raqufun vaxtı ilə mənə dediyi kimi, göstərdi ki, ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdı! Mən bu igid eloğlumla fəxr edirəm. Onun şəhid olması məni dərindən kədərləndirdi. Raqufun Sumqayıt şəhərinin Şəhidlər Xiyabanındakı məzarını ziyarət edəndə bir daha şahid oldum ki, xalqımızın belə qəhramanlara necə böyük sevgisi, ehtiramı var…
Allah bütün şəhidlərimizə rəhmət  eləsin!
Mənbə: 
2009-2014 cü ilərdə Ağdamın icra başçısı işləmiş Nizami Sadıqovun “Ağdam gündəliyi: Beş ilin hesabatı” kitabı

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …