Bazar ertəsi , May 27 2019
Ana səhifə / Cəmiyyət / “Milyarder Əvəz”in oğlu Şirvanı lərzəyə salıb

“Milyarder Əvəz”in oğlu Şirvanı lərzəyə salıb

Bir müddət əvvəl sərxoş vəziyyətdə ağır yol qəzası törətmiş Azad adlı gəncin barəsində heç bir ölçü götürülməyib
Baş vermiş yol qəzası nəticəsində əmək qabiliyyətini itirmiş Elnur Mehtiyevin atası Xudaverdi Mehtiyev prezidentə müraciət etdi. Azinforum.az “gundelik-bakı”ya istinadən həmin müraciəti təqdim edir.

Şirvan şəhəri, M.Rəsulzadə küçəsi ev 27, mənzil 16 ünvanında yaşayan Mehtiyev Xudaverdi Xanbala oğlu prezident İlham Əliyevə, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, ombudsman Elmira Süleymanovaya və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib. Vətəndaş şikayət məktubunun bir nüsxəsini də redaksiyamıza göndərib.

Şikayətçi yazır ki, 23 aprel saat təxminən 23:40 radələrində onun həyat yoldaşının telefonuna zəng gəlib: “Zəng vuran şəxs oğlum Elnurun idarə etdiyi “Vaz 21 154” markalı maşını ilə qəzaya düşdüyünü və onu xəstəxanaya apardığını bildirdi. Mən dərhal xəstəxanaya yollandım. Qəbul şöbəsində oğlumu gördüm. Sağ bud sümüyü və sağ çiyin körpücük sümüyü sınmışdı. Oğlumu xəstəxanaya gətirən şəxsdən soruşdum ki, qəzanı törədən digər maşın kimindir? Qonşu çarpayıda uzanmış bir nəfəri mənə göstərib dedi: çox sürətlə vurdu. Fikirləşdim ki, yaşlı adam 50 sürət həddi qoyulan yerdə avtomobili 150 sürətlə idarə etməz. Hansı ki, şəhərin mərkəzi sayılan M.Rəsulzadə küçəsi ilə Xəqani küçəsinin kəsişməsində. Yəni bura sürət yolu deyil.

Sonradan qardaşım oğlu Elçin mənə yaxınlaşıb “Toyota Prado” markalı maşından düşən şəxsin gənc oğlan olduğunu dedi. Öyrəndim ki, qəzanı törədən “Prado”nu idarə edən şəxs iş adamı Əvəzin oğlu Azaddır. O, sərxoş vəziyyətdə maşın idarə etdiyi üçün hadisə yerindən uzaqlaşmış, yerinə atası Əvəz xəstəxanaya gedərək özünü sükan arxasında olan şəxs kimi qələmə vermişdir. Elçin onu da bildirdi ki, təcili tibbi yardım maşınında onunla gedən sükan arxasındakı şəxs olmayıb. Fikirləşdim ki, avtomobil qəzasıdır, araşdırılacaq. Bu vaxt Əvəzin yanında ağ xalatda dayanan şəxsi mənə göstərib dedilər ki, kürəkənidir, xəstəxanada UZİ aparatında işləyir. Sonra palataya mülki geyimdə bir nəfər daxil oldu və oğlumun sərxoş olub-olmadığını yoxlamaq istədiyini bildirdi. Əlindəki köhnə cihazı bir neçə dəfə oğluma üfürdüb sərxoş olduğunu söylədi. Mən cihazın işləmədiyini deyib əsəbləşdim. Məni sakitləşdirən yol polisləri öz cihazlarını gətirib bir daha yoxladılar. Oğlumun sərxoş olmadığı üzə çıxdı. Qarşı tərəfin nə üçün yoxlanılmadığını soruşduqda “O milyarder Əvəzdi. Onu yoxlamağa ehtiyac yoxdur” cavabını eşitdim. Aprelin 24-də saat 12 radələrində qonşu palatada yatan Əvəzi soruşdum. Tibb bacısı bildirdi ki, Əvəz heç bir xəsarət almayıb. Əvəzlə eyni palatada yatan şəxs isə mənə dedi ki, o səhərə kimi evi ilə danışıb, oğlunun vəziyyəti ilə maraqlanıb. Aprelin 24-də elə saat 12 radələrində baş həkim və travmatologiya şöbəsinin müdiri Əvəzin yatdığı palataya gəldilər. Təxminən 15 dəqiqədən sonra çıxdılar. Onların ardınca Əvəz də çıxıb getdi. Aprelin 24-də qəza baş verən ərazidə iki polis əməkdaşını gördüm. Onlar mənə tədqiqatçı olduqlarını bildirdilər- mayor Kərimov və leytenant Quliyev. Kərimova bildirdim ki, qəzanı törədən Əvəz olmayıb, oğlu Azad törədib. Kərimov isə mənə dedi ki, bunu bütün Şirvan əhalisi bilir. Hətta icra başçısının göstərişi ilə Əvəzə məxsus bütün obyektlər bağlanıb”. Şirvan sakini deyir ki, bu zaman qəzanın şahidi olmuş şəxslər ona yaxınlaşıb “Prado” markalı avtomobili Azadın idarə etdiyini bildiriblər: “Şahidlərdən biri Eldar Babayev izahat verməyə hazır olduğunu söylədi. Kərimov mənə “narahat olma, oğlunun müalicəsi ilə məşğul ol. İş dəqiq araşdırılacaq” deyib arxayın saldı. Aprelin 25-də oğlum əməliyyat olundu. Əməliyyat təxminən 5 saat çəkdi.

Oğlum reanimasiyada qaldı. Aprelin 26-da onu reanimasiyadan palataya köçürdülər. Biz palatada olarkən mayor Kərimov və leytenant Quliyev oğlumdan izahat almağa gəldilər. Oğlum narkozun təsirindən tam ayılmadığına görə buna etiraz etdim. Kərimov isə sadəcə sual-cavab edəcəyini, sonradan izahatı dəyişə biləcəyimizi dedi. Polis əməkdaşından Azadı yoxladığını soruşanda “bəli” cavabını verdi. Aprelin 27-də Şirvan Şəhər Prokurorluğu və Şirvan Şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim. Bundan sonra Əvəz kürəkəni Cahidlə məni yanına çağırdı. Xəstəyə baş çəkmədən əvvəl Əvəz mənə şəhərə dəymiş maddi ziyanı ödədiyini və polislə anlaşdığını bildirdi. Məni ələ salırmış kimi əlində pul uzatdı. Halbuki, onun oğlu Azadın özbaşınalığı ucbatından mənim bir uşaq atası olan oğlum Elnur əmək qabiliyyətini itirib. Əvəz mənim narazı olduğumu görüb “mən işimi polislə həll edəcəm” deyib çıxıb getdi. Tədqiqatçı Kərimovla görüşüb şahidlərin izahatının hansı səbəbə görə alınmadığını soruşdum. Polis işçisinin danışığından Əvəzin artıq işi onlarla həll etdiyini anladım. Polis əməkdaşları mənə heç bir kömək etmədi. Daha sonra Şirvan Şəhər Prokurorunun qəbuluna yazıldım. Amma prokuror da bir kömək etmədi. İcra başçısı Mərdan Camalovun qəbulunda oldum. Başçı məni qəbul etdi və dərdimi ona danışdım. İcra hakimi də qəza hadisəsinin araşdırılmasından razı qalmadığını söylədi.

Yenidən məni polis rəisinin yanına göndərdi. Buna rəğmən, polis rəisi Şahin Mirzəyev də heç bir kömək göstərmədi. Dəfələrlə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etsəm də, şikayətimə baxan yoxdur. Cənab prezident, bir vətəndaş kimi sizdən xahişim pozulmuş hüquqlarımın bərpa olunmasında mənə kömək etməyinizdir. Qanunun aliliyinə inanır və ümid edirəm ki, hüquqlarım tezliklə bərpa olunacaq və hadisəni törətmiş Azad layiq olduğu cəzanı çəkəcək”.

Şikayət ərizəsində adı qeyd olunan bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …

Bir cavab yazın