Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Cəmiyyət / Abid Şərifovun ailə biznesində böhran: yol işçiləri aylardır maaş almır

Abid Şərifovun ailə biznesində böhran: yol işçiləri aylardır maaş almır

Baş nazirin müavini Abid Şərifova bağlı olan “Evrascon” (keçmiş “Azərkörpü” ASC) Bakı-Ələt-Astara yolunun tikintisində iştirak edən işçilərin maaşlarını aylardır ödəyə bilmir.

Bu barədə virtualaz.org saytına tikintidə çalışan işçilərin bir qrupu məlumat verib.

“Evrascon”un subpodratçılarından olan  şirkətin adlarının açıqlanmamasını xahiş edən işçilərinin dediyinə görə onlar aylardır əməkhaqqı ala bilmirlər və ailələrinə çörəkpulu göndərmək imkanından məhrum olublar.

Rəhbərlik maaşların verilməməsini “Evrascon” şirkətində yaranmış maliyyə problemi ilə əlaqələndirir.

“Evrascon” şirkəti Ələt-Astara avtomobil yolunun 55-ci kilometrliyində, Kür çayı üzərində körpü tikintisini həyata keçirir. Şirkət Azərbaycanda çoxsaylı iri yol-nəqliyyat infrastrukturu layihələrinin podratçısıdır və son vaxtlar ciddi maliyyə sıxıntıları içərisində olduğuna dair məlumatlar yayılır.

Məsələn, Qazaxıstan mətbuatının yazdığına görə, “Evrascon” şirkətinin bu ölkədə həyata keçirdiyi tikinti layihəsində işləmək üçün Azərbaycandan aparılan işçilər aylardır əməkhaqqı ala bilmir. Üstəlik onlar iş icazəsi alınmadan işlədilir.

Qazaxıstanın Miqrasiya Xidməti 200-ə yaxın azərbaycanlı işçini saxlayaraq məhkəməyə çıxarıb və cərimələtdirib.

Bu məlumatlarla bağlı “Yeni Müsavat” qəzetinə danışan Abid Şərifov şirkətin qardaşına məxsus olduğunu təsdiqləyib, eyni zamanda “Evrascon”un rəhbəri İsmayıl İsmiyevlə əlaqə saxladığını, deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.

Bir müddət əvvəl isə “Evrascon” şirkətinin Qazaxıstanda Almatı-Kokpek-Çunca-Koktal-Xorqos yolunun bərpası layihəsinin həyata keçirilməsi zamanı 15 milyon manat həcmində zərərə düşdüyü məlum olmuşdu.

Qazaxıstan mənbələri xəbər verirdi ki, şirkət bu məbləğdə zərərə düşməsini hava şəraitinin həddən artıq sərt keçməsi ilə izah edib. Lakin yerli mətbuat bunun şirkətdə mənimsəmələrlə əlaqəli ola biləcəyini yazırdı.

Ələt-Astara yolunun tikintisi Dünya Bankının ayırdığı dövlət zəmanətli kredit hesabına Nəqliyyat Nazirliyinin sifarişi ilə həyata keçirilir. Bu baxımdan şirkətin dövlət tərəfindən maliyyələşdirilən infrastruktur layihəsində işləyənlərin əmək haqlarını aylardır verməməsi kifayət qədər müəmmalıdır. Belə çıxır ki, ya Nəqliyyat Nazirliyi podratçı şirkətə ödənişləri həyata keçirməyib, ya da şirkət özü həmin layihəyə ayrılmış vəsaitləri başqa xərclərinə yönəldir və işçilər əmək haqlarını ala bilmir.

“Evrascon” ASC-nin nəzarət səhm zərfi (51,2%) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. Abid Şərifovun həyat yoldaşı da şirkətin səhmdarları arasında yer alır.

Ümumiyyətlə, baş nazirin müavininin də təsdiq etdiyi kimi, “Evrascon” Abid Şərifovun ailə biznes imperiyasının əsas sütunlarından birini təşkil edir.

Virtualaz.org saytı Ələt-Astara yolunun tikintisi layihəsində işləyən işçilərin əmək haqlarının ödənilməməsini səbəblərini öyrənə bilmək üçün “Evrascon” şirkətinin mərkəzi ofisinə müraciət edib.

Telefon zənginə cavab verən əməkdaş bildirib ki, bu suala şirkətin direktorlar şurasının sədri Manaf Şirinov cavab verə bilər. O da hazırda yerində yoxdur.

Həmçinin oxuyun

Daşaltı: 29 ildən sonra baş tutan qisas — VİDEO

Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin dördüncü buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi jurnalist Fərdin …

Bir cavab yazın