Masallı rayonun 7 kəndini birləşdirən bir icra nümayəndəliyində bir
sıra problemlərin illərdir həll olunmamış qalması camaatı narahat edir.
Jam.az
xəbər verir ki, Güllütəpə Ərazi İcra Nümayəndəliyinə daxil olan bu
kəndlərin bir qisminin problemi bu yaxınlarda həllini tapıb.
“Yol, qaz çəkilib, amma hamısına yox…”
Belə
ki, Güllütəpə, Tatyanoba, Əmirtürbə və Yeni Zuvand kəndlərinə yeni
asfalt yolun çəkilişi başa çatıb. Dövlət başçıs tərəfindən ayrılmış 6.8
milyon manat vəsait hesabına qurulan yeni yol yerdə qalan Yolağac,
Yuxarı Zuvand kəndlərinə qədər uzanmayıb.
Yerli
İcra Hakimiyyətindən bildiriblər ki, hələlik bu kəndlərə yol çəkilməsi
üçün vəsait ayrılmayıb. Lakin yaxın illərdə bunun reallaşacağına söz
veriblər.
Qeyd
edək ki, sözügedən kəndlərə təbii qaz xətti də çəkilib. Bu ilin Novruz
bayramında əhalinin istifadəsinə verilən təbii qazın verilişində problem
yoxdur. Lakin bu xəttin çəkilməsi də yarımçıq həyata keçirilib. Çünki
eyni xətt Yeni Zuvand və Yolağac kəndlərinə qədər uzanmalı olduğu halda,
bəlli olmayan səbəblərdən çəkilişi dayandırılıb.
Yeni
Zuvand kənd sakinləri bildiriblər ki, qaz xətti onların kəndlərinin
girəcəyinə qədər çəkilib. Lakin kəndə çəkilişi dayandırılıb. Onların
iddialarına görə, dövlət büdcəsindən Yeni Zuvand və Əmirtürbə kəndlərinə
qaz xəttinin çəkilməsi üçün vəsait də alınıb. Bununla əlaqədar Masallı
İcra Hakimiyyətinə gedib, icra başçısı ilə görüşmək istəyirlər. Onlar
qışda əziyyət çəkdiklərini, odun sobalarının hesabına soyuq ayları başa
vurduqlarını bildirirlər.
Məsələ
ilə bağlı araşdırmamız nəticəsində məlum olub ki, Yeni Zuvand və
Əmirtürbə kəndlərinə təbii qaz xətlərinin çəkilməsi məqsədi ilə dövlət
büdcəsindən hər hansı vəsait ayrılmayıb. Amma həmin xəttin çəkilməsi bu
ilin dövlət büdcəsinin smetasına salınıb. Bununla əlaqədar layihə də
hazırdır.
Masallı
İcra Hakimiyyətindən bildiriblər ki, 2019-cu il ərzində sözügedən iki
kəndə qaz xəttlərinin çəkilişi reallaşdırılacaq. Onlar sadəcə vəsaitin
ayrılmasını gözləyir və bunun ardından zəruri addımları atacaqlar.
Bu
xəttin Yolağac kəndinə qədər uzanacağı barədə isə heç bir məlumat
yoxdur. Güman edilir ki, bu kənd yaxın bir neçə ildə qazla təmin
olunmayacaq.
“İlanlar evlərə soxulur…”
Bu
kəndlər əsasən dağlıq zonada yerləşir. Burovar dağ silsiləsinin
ətəyində, təpələrin əhatəsində yerləşən Güllütəpə kəndinin sakinləri bu
ilin yayından etibarən qəribə vəziyyətlə üzləşiblər.
Vəziyyəti
qəliz edən səbəb havalar istiləşdikdən sonra ilanların sayının
çoxalmasıdır. Hətta sakinlər durumun kritik olduğunu da deyirlər.
Belə
ki, müxtəlif növ zəhərli ilanlar artıq heyvanlara hücum edir, evlərə
soxulur, həyətlərdə məskən salaraq sakinləri qorxudurlar. Camaat deyir
ki, çox uzun illər əvvəl belə vəziyyətlə üzləşiblər. Son günlər isə
durum daha kritik şəkil alıb. Onların sözlərinə görə, bəzi hallarda ilan
əlindən uşaqları evdən həyətə buraxa bilmirlər. Heyvanlara hücum edən
zəhərli sürünənlərin kənd camaatının bir neçə mal-qarasını tələf etdiyi
də deyilir.
Camaat
nə edəcəyini bilmədiyini deyir. Onlar qeyd edirlər ki, imkanı olanlar
bazardan dərman alaraq, həyətinə səpərək təhlükədən qurtula bilib. Amma
çox insanın belə imkanı olmadığından səksəkədə yaşayır.
“182 ha torpaq sahəsi camaatdan alınıb”
Yeni
Zuvand kəndinin sakinləri bu ərazilərə ötən əsrin 70-ci illərində
köçürülüblər. 1100 nəfərdən ibarət kəndin bütün çıxışları meşə
ərazilərinədir. Elə bu səbəbdən də onlara əkin-biçin üçün verilmiş
yerlər də bir zamanlar Meşə Təsərrüfatı İdarəsinin balansında olub.
Müstəqillikdən
sonra bu ərazilərdə əkinçilik və maldarlıqla məşğul olan zuvandlılar
son günlər ETSN-lə problem yaşamalı olublar. Kənd camaatının dediyinə
görə, bu günlərdə 182 hektar torpaq sahəsi əhalinin əlindən alınıb. Buna
səbəb kimi, həmin ərazilərin meşə torpaqları olduğu və orada yeni
bağların salınması nəzərdə tutulub. Kənd sakinlərinin narazılığına
baxmayaraq, yerli qurumlar başqa çıxış yolu olmadığını onlara
çatdırıblar.
Zuvand
camaatı deyir ki, 182 hektar torpaq sahəsi meşə təsərrüfatına
məxsusdursa, buna etirazları yoxdur. Amma bu qədər insanın illərlə
əkib-becərdiyi və dolanışığını qurduğu torpaq onlardan alınırsa,
əvəzində onlara yeni sahələr versinlər ki, insanlar damanda qalmasınlar.
Bu istəklərinə isə indiyə qədər hər hansı münasibət bildirilməyib.
“350 ailə faciənin bir addımlığında…”
Tatyanoba
kəndi öz qədimliyinə görə, tarixə düşüb. Bu kəndin hər qarışında qədim
dövrlərə aid tarixi nümunələr tapmaq mümkündür. Tatyan çayı boyunca bir
ara aparılan arxeoloji qazıntılar zamanı üzə çıxan yüzlərlə mədəniyyət
və tarix nümunəsi mütəxəssislərin özlərini belə heyran qoyubmuş.
350
evdən ibarət olan kənd camaatı isə səksəkədədir. Çünki bu kəndə giriş
və çıxış yalnız çayın üzərindən mümkündür. Tatyan çayı üzərində 80-ci
illərdə inşa edilmiş körpü isə qəzalı vəziyyətdədir.
Kənd
sakinləri bildirirlər ki, körpünün üzərindən keçərkən insanlar
kəlmeyi-şəhadətlərini oxuyurlar. Çünki körpünün əsas dayaqları sıradan
çıxıb, bir hissəsi isə çöküb. Məsələ ilə bağlı Masallının icra başçısı
dəfələrlə kənd camaatı ilə görüşərək, körpüyə baxış keçirib. Lakin bütün
bunlara baxmayaraq, körpünün təmir edilməsi və ya yenidən qurulması ilə
bağlı hər hansı tədbir görülməyib.
Kənd
sakini Zaur Səmədbəyli bildiriblər ki, 350 evdən ibarət olan kəndin
körpüsü ilə bağlı dəfələrlə rəsmi qurumlara, icra nümayəndəsi və
bələdiyyəyə müraciət ediblər. “İnsanlar körpünü qorxa-qorxa keçirlər.
Rəsmi qurumlara məlumat vermişik. Gəlib baxıblar, amma heç bir faydası
olmayıb. Bizlər həyatımızla oynayırıq. Artıq öyrəşmişik. Rəsmi qurumlar
gözləyir ki, kimsə körünün ucması nəticəsində tələf olsun, sonra işə
başlasınlar. İndidən bu işə əncam çəksinlər. Kimsə ölməsin”.
“Gənclər işsizlikdən əziyyət çəkir”
Güllütəpə
İnzibati Ərazi vahidliyinə Güllütəpə, Tatyanoba, Obalar, Yeni Zuvand,
Yuxarı Zuvand, Əmirtürbə və Yolağac kəndləri daxildir. Üst üstə bu
kəndlərdə seçici sayı 4000 min nəfərə yaxındır. Kənd camaatının əsas
məşğuliyyəti əkinçilik və maldarlıqdan ibarətdir ki, ərazilərin azlığı
nəticəsində tutarlı nəticə də əldə etmək olmur. Çünki heyvan saxlamaq
üçün geniş ərazilər yoxdur, varsa da meşə massivləridir ki, orada
əkilmiş yeni ağaclara görə, mal-qaranın girişinə qadağa qoyulub. Yerdə
qalan torpaqlar isə əkin üçün nəzərədə tutulduğundan heyvandarlıq üçün
istifadə oluna bilmir.
Sakinlər
deyir ki, cavan uşaqlar işsizlik üzündən kəndləri tərk edirlər. Onlar
bildirirlər ki, Rusiya və Bakıya üz tutan gənclər də çox vaxt geri
qayıtmırlar. Camaatın sözlərinə görə, dövlət qurumları kənddə
məşğuliyyət üçün tədbir görməlidir. “Övladlarımız işsizlik üzündən
evlərini tərk edirlər. Hərəsi bir diyara üz tutur. Əgər bu kəndlərdə,
hətta rayon mərkəzində iş yerləri, zavod, fabrik olsaydı onlara uzağa
getməzdilər, elə gedib orada işləyərdilər. Bizim də övladlarımız göz
qabağında olardı”.
Vaxtıyla
kənddə xalçaçılığın geniş yayıldığını, turizm üçün potensialın
olduğunu, balıqçılıq təsrrüfatlarının yaradılmasına imkanın mövcudluğunu
deyən sakinlər rəsmi qurumlardan zəruri addımlar atılmasını istəyirlər.
Həmçinin oxuyun
Naxçıvanda sahibkarlar etiraza başlayıblar
Onlar “Cahan” Ticarət Mərkəzindəki mağazalarını bağlayıblar Mayın 2-də Naxçıvan şəhərində “Cahan” Ticarət Mərkəzinin 100-ə yaxın …