Ana səhifə / Bölgələr / “Məhkəmə fırıldaqla evimin əlimdən alınmasına, ailəmin çöllərdə qalmasına göz yumdu”

“Məhkəmə fırıldaqla evimin əlimdən alınmasına, ailəmin çöllərdə qalmasına göz yumdu”

Göyçay sakini: “Hüquq-mühafizə orqanları tədbir görməlidir ki, başqa ailələrin başına eyni oyunlar açılmasın”

Göyçay rayonu Potu kənd sakini Elşad Abdullayev evinin əlindən alındığını, məhkəmənin də buna göz yumduğunu deyir. Onun sözlərinə görə, nəticədə ailəsi, iki azyaşlı uşağı ağır vəziyyətdə qalıb.

“Nə bilim ki, evimdə çörək kəsən adam belə şey eləyər…”

Elşad Abdullayev Meydan TV-yə danışır ki, 2020-ci ildə Göyçay şəhərində yaşayan Famil Həmidovdan 10 min manat sələmlə pul alıb. Onun sözlərinə görə, razılaşma belə olub ki, əvəzində 20 min manat qaytaracaq. Amma pul qaytarılana qədər də girov kimi, evini sənədləşmə ilə ona verəcək:

“Mənə təcili pul lazım idi deyə, onun şərtləriylə razılaşdım. Bundan əvvəl də belə bir hal olmuşdu. Bir nəfərdən 10 min manat sələmlə pul götürmüşdüm, evimi onun adına keçirmişdi. Razılaşmaya uyğun şəkildə 17 min qaytardım. O adam da evimi sənədləşmə ilə özümə qaytardı. Bununla da belə olacağını düşündüm. Həm də Famil əvvəllər evimə gəlmişdi, bizdə çörək kəsmişdi. Mən nə bilim ki, belə bir şey eləyər?! Dediyi kimi, pulu düzəldib apardım, mənə qayıtdı ki, “o evi mənə satmısan”. Məndən evimi geri qaytarmaq üçün 50 min pul istədi. Dedim ki, ayıbdır, insan belə hərəkət eləməz. Xeyri olmadı…”.

“Aparıb hakimə sənədləri də göstərdim”

Famil Həmidov Potu kəndindəki evin boşaldılması, Elşad Abdullayev və ailəsinin oradan çıxarılması tələbiylə Göyçay Rayon Məhkəməsinə müraciət edib. Bu işə məhkəmədə hakim İbrahim Fəttahov baxıb:

“Əvvəl 10 min sələm götürdüyüm adamla aramızda olan sənədləri də məhkəməyə təqdim elədim. Hakimə göstərdim ki, əvvəl də belə olub, pul götürüləndə ev o adamın adına keçirilib, sonra qaytarılıb. Famil Həmidovla da razılaşmamız eyni cür olub. İndi o, evimi ələ keçirir. Hakim İbrahim Fəttahov o sənədləri görəndə inandı ki, doğrudan da belə razılaşmışdıq. Amma axırda nə etdilərsə, hakimin mövqeyi dəyişdi. Fırıldaqla evimin əlimdən alınmasına, ailəmin çöllərdə qalmasına göz yumub, onların xeyrinə qərar verdi”.

“Ali Məhkəmənin sədrinin qəbulunda başıma gələnləri danışdım”

Sonradan Şəki Apelyasiya Məhkəməsi, sentyabrın əvvəlində isə Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb. Bundan dərhal sonra məhkəmə icraçıları və polislərlə qapıya gəlib, Abdullayevlər ailəsini çıxarıblar:

“Polisləri görəndə dedim ki, heç nəyə ehtiyac yoxdur, özümüz çıxırıq. İndi iki kiçik məktəbli uşaqla demək olar, çöldə qalmışıq”.

Göyçay sakini bir həftə öncə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun da qəbulunda olub. İnam Kərimov noyabrın 23-də Şəkidə vətəndaşları qəbul edəndə onunla görüşüb:

“Başıma gələnləri danışdım. Məni başqa bir adamın yanına göndərdi. O adama da yerbəyer dedim ki, əvvəl də pul alıb evimi başqasının adına keçirmişdim, qaytarmışdı. Əlimdə sübutum da var. Ona görə inanmışdım buna da. Ən əsas məqamlardan biri, 21 sot torpaqda yeni tikilmiş, 70 min qiyməti olan evi mən hansı ağılla 10 minə satırdım? Əgər mən o adama 2020-ci ildə evi satmışdımsa, niyə 3 il ərzində mən oradan çıxmırdım? Deməli, bu alqı-satqı formal olub. Mənim bağımdan hər il 5-6 min manatlıq xurma yığılır. Buna görə oranı ələ keçirdi. Mən Şəkidə bunları danışandan sonra o adam mənə dedi ki, tədbir görüləcək. Mən də gözləyirəm”.

“Evimdə çörək kəsən adam ailəmi çöllərdə qoydu”

Elşad Abdullayev həm də Famil Həmidovun haqqında tədbir görülməsini istəyir. Deyir ki, daha bir adamın da əmlakının bu yolla ələ keçirildiyini sonradan eşidib. Hesab edir ki, başqa qurbanların olmaması üçün hüquq-mühafizə orqanları araşdırma aparıb, tədbir görməlidir:

“Tədbir görülməlidir ki, mənim kimi adamların inamından, təcrübəsizliyindən istifadə edib, başqa ailələrin başına eyni oyunlar açılmasın. Evimə gəlib çörək kəsən adam ailəmi çöllərdə qoydu”.

Famil Həmidov isə iddia edir ki, Elşad Abdullayevin dedikləri həqiqətəuyğun deyil. Onun sözlərinə görə, alqı-satqı sələmə görə formal olmayıb, sözügedən ev həqiqətən ona satılıb.

Həmçinin oxuyun

Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək

Mayın 26-da Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi …