Lerik rayonun Kekonu və Sorsçay kəndlərinin sakinləri adından növbəti
dəfə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban
Əliyevaya müraciət olunaraq kəndlərin əsas probleminin həll olunmasına
köməklik göstərmələri xahiş olunub.
Lerik
rayonun Sorsçay kənd sakini, şəhid atası Bayraməli Bəbirovun yazdığı
müraciətdə bildirilir ki, Lerik rayon İcra Hakimiyyəti Kekonu və Sorsçay
kəndlərinin kiçik olmasını bəhanə gətirib, onları dovlət qayğısından
kənarda saxlayıb.
Müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli Prezident!
Lerik
rayonunun sərhəd bölgəsində yerləşən Kekonu və Sorsçay kəndləri müasir
sivilizasiyadan kənarda saxlanılıb. Belə ki, abadlaşdırılmış rayonun
mərkəzindən Şinəbənd, Nuravud və Zərdəbərə kəndlərinə qədər müasir
tələblərə cavab verən yol infrastrukturunun çəkilişinə başlanılsa da bu
kəndlərdən cəmi 3 kilometr məsafədə yerləşən Kekonu və Sorsçay
kəndlərinin sakinləri olaraq həm iqtisadiyyatdan, həm sosial inkişafdan,
həm həyatdan, həm də ümumiyyətlə, sivilizasiyadan kənarda qalmışıq.
Sizin
Lerik rayonuna diqqətinizi Piran yolunun açılışı, cümlədən, Şinəbənd,
Nuravud və Zərdəbərə kəndlərinin yollarının abadlaşdırılması üçün
verdiyiniz sərəncamlar və göstərişləriniz də bunu təsdiqləyir. Lakin
Kekonu və Sorsçay kəndlərini müasir həyatdan ayıran cəmi 3 kilometrlik
yolun inşa edilməməsi, ümumiyyətlə müvafiq qurumların kənd sakinlərinin
yol probleminə diqqət ayırmaması onu təsdiqləyir ki, Sizin bu məsələdən
xəbəriniz yoxdur, əks təqdirdə, mənzərə başqa cür olardı.
Dəfələrlə
Siz başda olmaqla müvafiq qurumlara müraciət edərək problemlərimizi
bildirmişik. Lakin yerli icra orqanları Sizə yalan məlumatlar verərək,
guya kənd yollarımızı təmir etdiklərini deyiblər. Hər bir ölkə vətəndaşı
kimi gördüyünüz işləri dəstəkləyir, vətənimizin inkişafını görüb
fərəhlənirik. Lakin bəzi məmurların əməlləri nəticəsində bizim
kəndlərimiz – Kekonu və Sorsçay bu inkişafdan kənarda qalıb. Yalnız öz
maraqlarını güdən, bunun üçün yeri gəlsə xalqın mənafelərini belə qurban
verən vəzifə sahibləri sizin Lerikə göstərdiyiniz qayğıdan bizləri
məhrum ediblər. Artıq keçilməz vəziyyətdə olan bu yollar kənd
sakinlərinin həyatını daha da dözülməz edib. Dəfələrlə əlaqədar dövlət
qurumlarına müraciət etsək də səsimizi eşidən olmayıb. Özlərini Sizin
sadiq əsgərləri kimi qələmə verən Lerik rayon İcra Hakimiyyətinin
məmurları əslində sizin xalqa göstərdiyiniz qayğıdan sui-istifadə edir,
öz şəxsi maraqlarını qoruyurlar. Lerik rayonunun təbii qazla təmin
edilməsi üçün həyata keçirilən layihələrdən də bizim kəndlər kənarda
saxlanılıb. Lerik rayon İcra Hakimiyyətinin məmurları sanki bu iki kəndi
– Kekonu və Sorsçayı görməzdən gəlirlər. Yerli icra məmurları bizim
kəndlərin sosial-iqtisadi inkişafı ilə bağlı heç bir iş görmürlər,
infrastruktur və sosial layihələrdən kənarda saxlanılırıq.
Cənab Prezident!
Biz
Lerik rayon İcra Hakimiyyətindən və rayonun müvafiq qurumlardan
yolumuzun təmir olunmasını istəyirik. Yalandan bir traktor ayıraraq,
guya yolumuzun genişləndirəcəyini dedilər. Amma yolda demək olar heç bir
iş görülmədi və yolun keçilməz hissələrinin genişləndililməsi təmin
olunmadı. Payız və qış aylarında kəndlərimizin yolları tam yararsız
vəziyyətə düşür. Adicə yağışlı havalarda Kekonu və Sorsçay kəndlərinə
minik avtomobilləri gedib-gəlmək olmur. Kəndlərin əhalisinin təcili
tibbi yardıma ehtiyacı yarandıqda onları normal xəstəxanaya vaxtında
yetişdirə bilmir. Biz bilirik ki, Prezident başda olmaqla Siz sərhədyanı
kəndlərin abadlığına xüsusi diqqət yetirirsiniz. Düşünürük ki, axı necə
ola bilər bütün vətəndaşların qayğısına qalan, gecə-gündüz ölkəmizin
rifahı üçün çalışan Sizlər cəmi 3 kilometrlik yolu diqqətdən kənarda
saxlasın.
Cənab Prezident!
Biz
həmişə dövlətimizə güvənmişik.. Bizim yaşadığımız Kekonu və Sorsçay
kəndlərinin kiçik olmasını bəhanə gətirib, bizi dovlət qayğısından
kənarda saxlanıldığını rəsmilər bizə bildirir. Amma biz Sorsçay və
Kekonu kəndlərinin sakinləri daim vətən eşqi həsrətində olmuşuq. Qarabağ
uğrunda döyüşlərdə iştirak edən onlarla veteranımız var. Təkcə
yaşadığım Sorsçay kəndində iki şəhid var – Bəşirov Sərxan Balabəy oğlu
və oğlum Bəbirov Zahir Bayraməli oğlu. Biz şəhid valideynləri olaraq
şəhid övladlarımızın məzarlarını ziyarət etməyə belə çətinlik çəkirik.
Çünki kəndlərimizdə heç bir infrastruktur yoxdur. Hərdəm bizə elə gəlir
ki, qonşu kəndlərin sakinləri müqayisədə Kekonu və Sorsçayda yaşayanlara
dövlət ögey vətəndaşı kimi baxır…
Siz
Prezident kimi and içən zaman çıxışınızda bildirdiniz ki, “Hər bir
Azərbaycan vətəndaşının prezidenti olacagam”. Bu sözlərinizə bizdə böyük
ümidlər yaradıb. İnanırıq ki, Kekonu və Sorsçay kəndlərində
yaşayanların da problemlərini həllnə göstəriş verəcəksiniz.
Hörmətli Prezident!
Kəndlərimizin
problemləri ilə əlaqədar şəhid atası kimi məni qəbul etməyinizi xahiş
edirəm. İnanıram ki, yazdığımız məktublar və şikayətlər sizə gəlib
çatmır. Və Sizləri yalan məlumatlarla inandırmağa çalışırlar ki, bu iki
sərhəd kəndində problemlər həll olunub. Amma biz burada orta əsrlər
dövründəki vəziyyətdə yaşamağa davam edirik”.
Ana səhifə / Bölgələr / Lerikin deputatı azmış kimi başçısı da narazılıq yaradır… – Prezidentə şikayət olundu
Həmçinin oxuyun
Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”
Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …