Ana səhifə / Bölgələr / Lənkəranın 4 gün qaranlıqda qalan kəndinə etirazlardan sonra işıq verilib

Lənkəranın 4 gün qaranlıqda qalan kəndinə etirazlardan sonra işıq verilib

İcra Hakimiyyəti isə heç bir aksiyanın keçirilmədiyini, iş getdiyini deyib

Dörd gündür ki, işıqsız qalan Lənkəranın Ürgə kənd sakinlərinin aksiya keçirdiyi bildirilir.

Kənd camaatının yolu bağladığı, daha sonra isə polisin müdaxiləsi nəticəsində dağıdıldığı deyilir.

Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər.

Ürgə kənd sakini, Qarabağ qazisi Rəhman Şahbazov isə Meydan TV-yə deyib ki, 350-dən çox ev 4 gün işıqsız qalıb.

Onun sözlərinə görə, kənd camaatının “Azərişıq”ın regional idarəsinə dəfələrlə müraciətinə isə məsuliyyətsiz yanaşılıb:

“İdarənin işçisi sanki bizimlə zarafat edir. Deyir ki, bəs filan yerdə işləyirlər. Gedib, görürəm ki, orada heç kim yoxdur. Elektrik xətləri də qırılmış vəziyyətdə yerdədir. Gəlib, görürəm ki, işıq idarəsinin işçiləri sərxoş vəziyyətdə, qonşunun qapısında oturublar. İşıq idarəsinin işçilərinin səhlənkarlığının ucbatından günlərdir işıqsız qalmışıq”.

“Cənublu.az”ın yazdığına görə, Lənkəranın bir çox ərazilərində ağacların aşması nəticəsində elektrik naqilləri qırılıb və hələ də bərpa olunmayıb.

Şəhərin Şəhidlər Xiyabanı küçəsindəki 7 saylı tam orta məktəbin arxa tərəfində rabitə dirəyinin aşması nəticəsində 10 ailə internetsiz qalıb. Həmçinin həmin küçənin 16-cı döngəsində də eyni vəziyyət yaşanır”.

Səhifənin yazdığına görə, şəhərin küçələri hələ də qardan təmizlənmədiyi üçün hərəkət məhdudiyyəti var:

Şəhərin keçmiş Vağzal, indiki Orxan Quluzadə küçəsi qardan təmizlənmədiyindən sakinlərin hərəkətində məhdudiyyət yaranıb. Onlar bildirirlər ki, işə və məktəbə piyada getmək məcburiyyətindədirlər. Qarın yaratdığı fəsadlardan biri də çörək almaq üçün yaranan böyük növbələrdir”.

Sosial şəbəkə istifadəçiləri şərhlərdə qeyd ediblər ki, Zövlə, Göyşaban, Sütəmurdov, Boladı kəndlərində və Gərmətük qəsəbəsinin bir hissəsində hələ də elektrik xətti bərpa edilməyib.

Lənkəran rayon icra hakimiyyəti başçısının köməkçisi Elnur Hüseynov Meydan TV-yə kənddə aksiya keçirilmədiyini deyib:

Foto: “Cənublu.az”

Camaat yolu bağlamayıb. Orada beş-altı adamdır, işləyirlər. Kənd camaatı da orada dəstəklərini göstərirlər. Heç bir aksiya olmayıb. İşıq da elə indilərdə bərpa olunub. Ürgə kəndində səhər saatlarında elektrik verilməsinin bir hissəsi bərpa olunub. İkinci hissəsi də bir az öncə bərpa olunub. Dünən Göyşabanda işlədilər, işıq verildi. Ümumi işıq bərpa olunub, bəzi evlərdə problem qalıb. Bir kənddə uzaqbaşı, 4 evin işığını bərpa ediblər”.

“Azərişıq” ASC-nin regionlardan əməkdaşları və paytaxtdan ərazilərə göndərilən qəza xidmətinin əməkdaşları ilk gündən iş başındadırlar. Əməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdirirlər”, – deyə “Azərişıq”dan bildirilib.

“Azərişıq”ın yanvarın 15-nə olan rəsmi açıqlamasında isə deyilir ki, baş vermiş qəzanın aradan qaldırılması istiqamətində fasiləsiz işlər gedir. Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə təmin olunub.

Bəzi dağ kəndlərində 0.4 kV-luq xətlərin bərpası tamamlanmaq üzrədir. Qeyd edilən rayonlarda yaxın saatlarda elektrik enerjisinin verilişi tamamilə bərpa ediləcək”, – məlumatda bildirilir.

Yazı hazırlanan müddətdə isə Ürgə kənd sakinləri Meydan TV-yə məlumat veriblər ki, etirazlardan sonra kəndə elektrik enerjisinin verilməsi bərpa olunub.

Azərbaycan ərazisində yanvarın 13-dən etibarən hava şəraiti kəskin pisləşib.

Ümumilikdə, ölkə ərazisinə qar yağıb.

Hidrometeorologiya Xidmətinin yanvarın 14-nə olan məlumatında qeyd edilib ki, ən çox qar cənub bölgəsində müşahidə olunub.

Qarın hündürlüyü Lənkəranda 52 sm, Biləsuvarda 45 sm, Lerikdə 40 sm, Yardımlıda 35 sm, Göytəpədə 33 sm, Astarada 32 sm olub.

Yağan qar nəticəsində Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarında elektrik enerjisinin verilişi tam dayanıb.

Həmçinin oxuyun

Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək

Mayın 26-da Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi …