İyulun 13-də paytaxtın Xətai rayonu, X.Məmmədov küçəsi, 18 saylı ünvanda 16 mərtəbəli binanın liftində qəza baş verdi. 

Binanın 3-cü girişində quraşdırılmış sərnişin lifti aşağı istiqamətdə hərəkətdə olarkən 5-ci mərtəbədən başlayaraq surətlə 1-ci mərtəbəyə düşdü. Xoşbəxtlikdən hadisə nəticəsində ölüm və ciddi xəsarət alma halları baş vermədi.

Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlandı. İş üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq tədbirlərinin davam etdirildiyi bildirildi.

Amma hələ ki, kiminsə cəzalandırıldığı barədə heç bir rəsmi məlumat verilməyib.

Minval.info-nun əldə etdiyi məlumata görə, qəza baş verən bina “Tikmat” MTK şirkəti tərəfindən tikilib. Mənbənin saytımıza deməsinə görə, şirkətin rəhbəri İmişli rayonundan olan sahibkardır. Onun rəhbərliyi ilə bir neçə belə bina tikilərək istifadəyə verilib. Amma məlum hadisə sonra “Tikmat” MTK-nın hansı səviyyədə iş gördüyünü göstərir.

Hazırda “Tikmat” MTK-nin tikdiyi binaların liftlərində tez-tez nasazlıqlar yaranır. Belə ki, sakinlər bu səbəbdən bir neçə dəfə liftdə köməksiz vəziyyətdə qalıblar. Amma problem müvəqqəti həll olunur və yenidən eyni durumla rastlaşırlar. Nasazlıq qorxusu yeni binanın sakinlərində qorxu yaratdığından bəziləri liftdən istifadə edə bilmir. Buna görə, xeyli pul ödəyib şirkətin binalarından ev alan insanlar təhlükəsizlik üçün pilləkəndən yararlanmaq məcburiyyətində qalırlar. Bir çoxları isə “Allah-Allah”, “harada qırıldı, qırıldı…” deyib qismətinə ümid bağlayaraq liftdən istifadə edirlər.

Bu ayın ortalarında baş verən qəzada əziyyət çəkənlər də “Tikmat” MTK-yə deyil, qeyd etdiyimiz düşüncə ilə qismətə bel bağlayan insanlar olub. Şirkət işinə məsuliyyətsiz yanaşdığından az qalsın onlar faciəvi şəkildə həyatlarını itirəcəkdilər. Burada məsul şəxslər qədər olmasa, bina sakinləri də günahkardır. Digər tərəfdən isə aylarla eyni problemdən əziyyət çəkən insanlar “Tikmak” MMC-nin məsuliyyətsizliyindən xəbərdar olduğu üçün çarəsizlikdən onların bu səriştəsizliyinə göz yumurlar.

Görəsən, sözügedən hadisənin səbəbkarları doğrudanmı vicdan rahatlığı ilə hazırda öz işləri ilə məşğuldurlar. Onların öz yaxınları, əzizləri də həmin binanın liftlərində qala, həyatı təhlükə ilə üzləşə bilərlər.

Məsuliyyətdən yaxa qurtaran “Tikmat” MTK rəhbərliyi hadisəyə görə ən azından ailələrə kompensasiya ödəməliydi. Lakin kompensasiya qalsın bir yana, şirkət tərəfindən heç bir nümayən liftdəki qəzaya görə, ortalıqda görünmədi. “Bir daha belə hallar baş verməyəcək, bu işdə kim günahkardır cəzalandırılacaq” kimi açıqlamalar da verilmədi. Axı şirkətin nəyinə lazımdır, orada kim öldü, kim qaldı. Pulunu alıb mənzilini satıb, bununla işi bitib.

Məsələylə bağlı Bakı Lift İdarəsindən minval.info-ya açıqlamasında yalnız dövlət büdcəsinin hesabına tikilən binalara nəzarət etdiklərini bildirdilər.

Ardınca “Tikmat” MTK-nin əməkdaşı ilə əlaqə saxladıq. Onun sözlərinə görə, sərnişinlərin sayının çoxluğu liftəki qəzaya səbəb olub:

“Orada tros qırılmayıb. Saytlar yanlış məlumat veriblər. Liftə nəzərdə tutulandan artıq sərnişin minib və buna görə qəza baş verib. Nasazlıqların yaranmasını normaldır. Liftlərə nəzarət edirik. Problem ortaya çıxan zaman həlli istiqamətində işlər görülür”.

Sakinlər isə deyirlər ki, kimsə liftdə ölməsə probelm həll olunmayacaq: “Yəqin gözləyirlər ki, kimsə liftdə ölsün, sonra həmin adamın yaxını şirkət sahibini, komendantı öldürsün”. 

Ümumiyyətlə, ölkədə lift problemi tendensiyası mövcuddur və bununla əlaqədar nəinki ciddi, heç xırda tədbirlərin görülmür. Yalnız təmir işləri ilə nasazlıq müvəqqəti olaraq aradan qaldırılır.

Ümid edək ki, faciəvi hadisə baş vermədən lift problemi aradan qaldırılacaq.