Xaçmazda fəaliyyət göstərən “Arzu” Özəl Ticarət Mərkəzinin sifarişlə qətlə yetirilən sahibəsi Nəcimə babayevanın övladları mətbuat konfransı keçiriblər.
AFN
xəbər verir ki, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi
Cəmiyyətinin ofisində keçirilən tədbirdə Gülnarə və Fuad Həbibovlar
analarının qətlinin sifarişçisi və killer haqda baş prokurora müraciət
etdiklərini açıqlayıblar.
Gülnarə Həbibova analarının qətlinə qədər ona qarşı atılan qərəzli addımların bu gün onlara qarşı atıldığını bəyan edib:
“Mənim
müraciətim Azərbaycan dövlətinədir. Azərbaycan dövləti mənim vətəndaş
olaraq mülkiyyət hüququmu təmin eləsin. Azərbaycan dövləti Əmlak
Komitəsinin sifətində mən Gülnara Həbibovaya 1182608 nömrəli çıxarış
verib. Həmin çıxarış mənim mülkiyyət hüququmun Azərbaycan dövləti
adından tanındığının təsdiqidir. Ona görə də mən bu gün Azərbaycan
dövlətindən kömək istəyir, əmlakıma olan və yaxın günlərdə
planlaşdırılan qəsdin – böyük bir cinayətin qarşısının alınmasında
yardım istəyirəm”.
Gülnarə Həbibova deyib ki, Xaçmazda onlara məxsus bazarın əllərindən alınmasına çalışan şəxslərin dairəsini bilməyən yoxdur:
“Bir
neçə gün əvvəl bazarımızın ərazisini – baxın, mülkiyyət hüququnu
təsdiqləyən bu sənəddə göstərilən ərazidən söhbət gedir – məhkəmənin
xüsusi qərardadı əsasında hasara almışıq.
Amma
indi hasarın sökülməsinə hazırlıq gedir. Bizim – mənim və qardaşlarımın
həyati təhlükəsi var. Bunu sıradan bir söz olaraq demirəm. Anam Nəcimə
Babayevanı məhz bu bazara görə sifarişlə öldürüblər. İndi isə bizim
əmlakımıza və həyatımıza qəsd hazırlanıb.
Ay Azərbyacan dövləti, bizi ölümdən qurtar, Azərbaycan dövləti, bizim mülkiyyət hüququmuza qəsdin qarşısını al!
2019-cu
ilin martına qədər dözüb susmuşuq. Anam Nəcimə Babayevanın qətli ilə
bağlı təfərratları ictimailəşdirməmişik. Düşünmüşük ki, dövlət gez-tez
bu məsələnin üstünü açacaq. Bütün bu illər ərzində anamızın qətli barədə
danışmamağımızın səbəbi istintaq orqanının israrlı şəkildə bizdən
gözləməyimizi xahiş etməsi idi. Vəd olunmuşdu ki, qatil və sifarişçi
tapılaraq istintaqa cəlb ediləcəklər. Lakin bu baş vermədi, əvəzində isə
2017-ci ilin aprelindən etibarən bizim ailəmizə qarşı təxribatlar
başlayıb və bu gün də davam edir.
Ailəmizə
məxsus və Xaçmazda yerləşən bazarda 13 yaşından anası Cəmilə Sadıxovaya
kömək edən Qurban Sadıxovu bizə qarşı qoyublar. Bu adam orta
təhsillidir. Ondan sadəcə istifadə edirlər. Qurban Sadıxov hansı işlərin
içinə girməsinin mahiyyətini anlamadan barəmizdə hazırırlanan
məktublara imza atdı. Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş
Prokurorluq, DTX və digər dövlət qurumlarına əsassız şikayətlər
göndərilirdi. Hətta bizim guya onun 290 min manatlıq məbləğində xırda
mallarını talamağımız barədə Sumqayıt İnzibati İqtisadi Məhkəməsində
iddia qaldırdı. Həmin iddia AR Ali Məhkəməsinin qərarı ilə rədd edildi.
Dövlət qurumlarına yazılan məktublar üzrə də araşdırmalar göstərdi ki,
Qurbanın bütün iddiaları sırf əsassızdır. Bütün bu iddialar hələ anamın
sağlığında onun əleyhinə yazılan və eyni mərkəzdən idarə olunanmasına
şübhə etmədiyimiz şikayət məktublarının eynisidir.
Bildirirəm
ki, anam Nəcimə Babayevanın sağlığında, 2007-ci ildən qətlə yetirilən
günə – 15 sentyabr 2010-cu ilə qədər ona qarşı eyni məzmunlu şikayətləri
Şəmsəddin Xanbabayevin sabiq 1-ci müavini Akif Mərdanovun
təşkilatçılığı və hətta özünün şəxsi imzası ilə yazılırdı.
Digər
tərəfdən yazdığı satirik şeirlərə görə Xaçmaz rayon icra hakimiyyətinin
başçısı Şəmsəddin Xanbabayevin və Akif Mərdanovun təlimatları ilə bir
qrup öyrədilmiş şəxs anam barədə Xaçmaz Rayon Məhkəməsinə əsassız
iddialar verirdilər. Anamdan 250 min manat təzminat tələb edir, bazarın
guya antisanitar şəraitə görə bağlanılmasını tələb edirdilər.
12
il əvvəl anamdan 250 min manat tələb edənlər, anama qarşı şər-şəbədə
düzüb qoşanlar bu gün də bizə qarşı etni addımları atırlar. Qurban
Sadıxov da bizdən – Nəcimə Babayevanın övladlarından 298 min manat tələb
edir.
Anamı
qanunsuz olaraq məhkəmələrə çəkirdilər, ondan şikayətlər yazılmasını
təşkil edirdilər, indi də həmin proses bizə qarşı gedir. Ötən 12 il
ərzində taktika dəyişməyib. Anam Nəcimə Babayevaya qarşı qanunsuz,
dövlətin gücündən istifadə edilməklə atılan addımlar bu bizlərə – onun
övladlarına qarşı atılır.
Sadəcə
istifadə olunan adamlar dəyişir. Əvvəllər Akif Mərdanov ortalıqda idi.
Bu gün isə Qurban Sadıxov ortadadır. Bazarın bir kənarında olan “Azəri
Qardaşları” Özəl Ticarət Mərkəzinə onu direktor təyin ediblər. Həmin gün
də bazara çəkiliş qrupu göndərildi. Maraqlıdır ki, Qurban Sadıxov
2017-ci ilin avqustunda bazardakı piştaxtası ilə bağlı yaranmış mübahisə
zamanı məhz “Kanal 24” internet tərəfindən qərəzli çəkiliş aparmışdı.
İndi də planlı şəkildə həmin kanal dəvət olunur, Qurban Sadıxov böyük
bir qışqır-bağır salaraq bizi anamın qətlində ittiham edir və bunu
çəkiliş internet üzərindən yayımlanır. Halbuki biz öz qanuni ərazimiz –
baxın, dövlətin bizə verdiyi bu Sərəncamla özəl mülkiyyətimizdə olan
ərazini hasarlamağımızın qarşısını almağa yönəlik addımlar atırdıq.
Qurban Sadıxov bizə böyük bir böhtan atıb.
KİV-də
açıq-aşkar deyib ki, guya biz Nəcimə Babayevanın övladlarının anamızın
ölümündə əli var. Qurban Sadıxovdan 7 il əvvəl eyni ittihamı Xaçmazın
icra başçısı Şəmsəddin Xanbabayev dilə gətirib.
KİV-də
bu haqda fikirləri ilk dəfə Şəmsəddin Xanbabayev deyib. İndi isə eyni
fikirlər Qurban Sadıxovun ağzı ilə deyilir. Biz Qurban Sadıxovun
barəsində Xaçmaz Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında iddia
verdik. Bizə böhtan atdığına görə Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini
tələb etdik. Məhkəmədə olduqca biabırçı vəziyyət yarandı. Hakim İlkin
Xəlilov bizi dinlədi, Qurban Sadıxovdan soruşdu ki, işin məhkəmə
baxışına çıxarılmasını münasibəti necədir. O da, vəkili də dedilər ki,
etiraz etmirlər. Biz də iddiamızı müdafiə etdik. Hakim müşavirəyə getdi
və gəlib iddianın baxılmasına rədd olması haqda qərardad elan elədi.
Halbuki hakim özü də bilirdi ki, tərəflər etiraz etmirsə, iddia icraata
qəbul olunmalı idi. Biz həmin qərardadı mübahisələndirəcəyik. Bizə
böhtan atan Qurban Sadıxovun cəzalandırılmasını sona qədər tələb
edəcəyik.
Azərbaycan
dövlətindən xahişimiz budur ki, Xaçmazda bizə qarşı baş verən
cinayətlər araşdırılsın, anamız Nəcimə Babayevanın qətl işi – sifarişçi
və qatil – hansılar ki, kimlikləri haqda baş prokuror Zakir Qaralova
rəsmi məlumat vermişik, açılsın.
Siz
təsəvvür edin ki, 2017-ci ildə mənə, yəni Gülnara Həbibovaya qarşı
saxta əsasla Xaçmaz rayon prokuroru Elxan Əbdülrəhmanlı Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə qərəzli şəkildə
cinayət işi başlatdı.
Müxtəlif
bəhanələrlə cinayət işinin araşdırılmasını 2 il uzatdı, 2019-cu ilin
yanvar-fevral aylarında E.Əbdürrəhimov G.Həbibovanı aldadaraq
təqsirləndirilən şəxs elan edərək işi məhkəmə göndərmək üçün cəhd etdi,
G.Həbibovanın təcili ölkə hüdudlarını tərk etməsi bu planları boşa
çıxartdı. Yalnız 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının
Baş Prokuroru cənab Zakir Qaralovun qəbulunda olduqdan 2 ay sonra –
sentyabrın 27-də işdə cinayət tərkibi olmadığına görə cinayət işinin
icraatına xitam verilib. Cəmi 12 gün sonra həmin cinayət işinin əsas
fiqurantı olan Qurban Sadıxov “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinə
direktor təyin olundu. Məhz bu məqam növbəti dəfə təsdiqləyir ki, bizə –
anam Nəcimə Babayevanın ölümünə qədər aparılan, sonra da biz
övladlarına qarşı davam edən təqiblər eyni mərkəzdən idarə olunur.
Anam “Arzu” Ticarət Mərkəzinin sahibəsi Nəcimə Babayevanın qətlindən 9 il ötməsinə baxmayaraq, ölüm işi açılmamış qalır.
İstədikləri
də budur ki, biz susaq, anamızın qətlinin üstünün açılmasını tələb
etməyək, bazarı da aparıb Şəmsəddin Xanbabayevin istədiyi adamlara
təhvil verək.
Buna görə də bizim canımıza qəsd etmək planları var. Öldürməsələr şərləyib həbsə atdırmaq, bazarı ələ keçirmək istəyirlər.
Bir
daha Azərbaycan dövlətinə səslənirəm, Biz anamızın Rusiyanın konkret
hansı şəhərindən kimin sifarişi ilə gətirilən killer tərəfindən
öldürülməsi barədə məlumat əldə etmişik və hüquq-mühafizə orqanlarından
cinayət işinin açılması üçün əməli tədbirlər görmələrini gözləyirik.
Aprelin
1-də artıq 80 yaşı tamam olmuş, 16-cı ildir ki, Xaçmaz rayonunun icra
başçısı işləyən Şəmsəddin Xanbabayev son 12 il ərzində sağlığında anama,
indi isə ailəsinə zülüm etməkdən başqa ayrı işi olmadı. Bu illər
ərzində sahibi olduğumuz ticarət mərkəzini əlimizdən almaq üçün ən
iyrənc üsullara əl atdı və bu gün də özünəməxsus siması ilə öz
ampluasındadır. Bizə qarşı, ailəmizə qarşı hardan bir təhlükə yaranırsa
mütləq qaydada arxasından Şəmsəddin Xanbabayev çıxır. Son günlər baş
verənlər bir daha buna sübutdur.
Belə
ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 17 avqust 2019-cu il tarixli
qərardadının tələbi olaraq, bizim mülkiyyətimizdə olan qeyri-yaşayış və
torpaq sahəsində hörülmüş hasarın sökülməsinə hazırlıq gedir. İcrası
bitmiş və bu barədə müvafiq akt bağlanmış icranın təmini tədbirinin guya
mümkünsüzlüyü haqda Sumqayıt Apelyasiya Məhkəməsində tam qanunsuz
olaraq izah prosesi təyin olunmuş və məhkəmə iclası oktyabrın 25-nə
təyin olunmuşdur. Burada yeganə məqsəd Qurban Sadıxov kimi öyrədilmiş
adamların vasitəsilə orada iğtişaş törədərək bizi təxribata çəkmək,
beləliklə, ailəmizin məhvi ilə bağlı yarımçıq qalmış planı
tamamlamaqdır. Keşmiş təcrübə göstərir ki, Elxan Əbdürrəhmanlının
prokuror olduğu rayonda heç kim Qurban Sadıxovun törədəcəyi qanunazidd
əməllərə hüquqi qiymət verməyəcək. Nəzərə alsaq ki, bütün bu iyrənc
oyunların başında Xaçmaz rayonunu az qala öz şəxsi mülkiyyətinə
çevirməsinə baxmayaraq, illərdir Xaçmaz mərkəzi bazarını ələ keçirə
bilməyən Şəmsəddin Xanbabayev dayanıb, məsələ aydın olur.
Bizim
– mənim və qardaşlarımın həyati təhlükəsi var. Bunu sıradan bir söz
olaraq demirəm. Anam Nəcimə Babayevanı məhz bu bazara görə sifarişlə
öldürüblər. İndi isə bizim əmlakımıza və həyatımıza qəsd hazırlanıb”.
Mətbuat konfransında səslənən fikirlərlə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.