Çərşənbə , May 8 2024
Ana səhifə / Araşdırma / Paytaxtda “böyük söküntü”nü ləngidən səbəblər

Paytaxtda “böyük söküntü”nü ləngidən səbəblər

“Xruşşovka”ların ləğvi prosesi: investorları cəlb edən nədir?

Bu ilin martında baş nazir Artur Rasi-zadə “Xruşşovka”ların sökülməsinə qərar vermişdi. Qərarda qeyd edilirdi ki, Bakı şəhərinin mikrorayonlarında əsasən “Xruşşovka” kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binalar tikiləcək. Lakin hələ də şəhərdə kütləvi şəkildə “Xruşşovka”ların sökülməsinin şahidi olmuruq.

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev bildirdi ki,  hazırda söküntü işləri investisiya layihələri çərçivəsində həyata keçirilir: “Həmçinin burada söhbət təkcə ”Xruşşovka”lardan getmir, bu ad altında bütün köhnə və istismar müddətini başa vurmuş binalar nəzərdə tutulur. Prosesə artıq başlanılıb. Tikinti şirkətləri söküntünü həyata keçirir və  tikiləcək binada ilk növbədə sökülən binada yaşayanların mənzil təminatı həyata keçiriləcək. Artıq qalan mənzillər isə digər vətəndaşlara satılacaq və müvafiq gəlir əldə olunacaq”.

Ekspertin fikrincə, söküntü işlərinin və bu layihələrin həyata keçirilməsi onu göstərir ki, yaxın gələcəkdə bazarda yeni mənzillərin təklifi artacaq: “Bu da sözsüz ki, son nəticədə ilkin bazara təzyiq göstərəcək. Demək olar ki, gözləntilər yarandığı  üçün hazırda az da olsa təzyiq göstərməyə başlayıb. Hazırda ilkin bazarda vəziyyət onsuz da yaxşı deyil. Bu gözləntilər ortamüddətli dövr üçün hesablanıb. Çünki söküntü işləri təzə başlayıb və təzə mənzillərin bazara çıxması hələ müəyyən vaxt aparacaq. Bizim hazırda müşahidə etdiyimiz qısamüddətli təsirlərdir. Bu da onunla bağlıdır ki, sökülən binalardan çıxarılan vətəndaşlar kirayə mənzillərdə yerləşdirilirlər. Bu orta keyfiyyətdə olan kirayə mənzillərə tələbatı artırır. Əgər bu templə davam etsə, yeni binalar tikilməyə başlasa kirayə bazarında aktivlik daha da artacaq”.

Image result for Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev

Cəmiyyəti düşündürən suallardan biri də budur ki, investorlar üçün köhnə binanı söküb, yerində təzə bina tikmək və əvvəl yaşayan vətəndaşları yerləşdirib, qalan mənzilləri satışa çıxartmaq biznes maraqları baxımından cəlbedici deyil. Çünki köhnə binanın sökülməsi, ərazinin təmizlənməsi, sakinlərin yeni mənzil hazır olana kimi kirayə mənzillərdə yerləşdirilməsi və onların xərclərinin ödənilməsi, həmçinin sonradan onların mənzillə təmin olunması investora baha başa gəlir. Halbuki onlar bu tikinti boş ərazidə də həyata keçirib daha qazanclı çıxa bilər. Bəs, investorları cəlb edən nədir?

Bu sualı cavablandıran Rəşad Əliyev bildirdi ki, investorları cəlb edən köhnə binaların yerləşdiyi ərazilərdir ki, bu bölgələrdə hazırda boş yer tapmaq çox çətindir: “Çoxları belə düşünür ki, boş yerdə bina tikmək daha cəlbedicidir. Lakin bu konkret haldan asılıdır. Məsələn, şəhərin ən ”yağlı” yerlərində köhnə binalar var, onun sökülüb yerində təzə bina tikməklə daha çox gəlir əldə edə bilər, nəinki şəhərin kənarında. Çünki mərkəzdə artıq boş torpaq sahəsi qalmayıb. Faktiki olaraq köhnə binaların sökülməsində iki məqsəd var: birincisi köhnə binaların yenilənməsidir, ikincisi də odur ki, artıq Bakı çox yüklənir, boş yerlər getdikcə azalır. Məsələn, köhnə binalar var ki, metro ətrafındadır. Ancaq bu dəqiqə heç bir metronun yaxınlığında boş yer yoxdur. Hər yerdə “Xruşşovka”lar və keyfiyyətini itirmiş binalardır. Burada artıq başqa yol yoxdur, yeganə variant odur ki, həmin binaları söküb yerində təzəsini tiksinlər”.

Rəşad Əliyevin sözlərinə görə, bu prosesdə heç də bütün layihələr investorlar üçün sərfəli olmayacaq: “Bizim müşahidə etdiyimiz o layihələdir ki, investorlar hesablama aparır və qənaətə gəlir ki, məhz həmin ərazidə tikinti aparmaqla daha qazanclı çıxa bilər. Ancaq Bakının elə yerləri var ki, investorlar o ərazilərdə tikinti aparmağa getməyəcəklər. Elə yerlər olacaq ki, iqtisadi baxımdan orada bu layihələrin həyata keçirilməsi sərfəli olmayacaq. Artıq o zaman hökumət bu barədə düşünəcək ki, investorları o ərazilərə necə cəlb etmək olar. Hələ ki proses yeni başlayır. Hələ ki, yaxşı və cəlbedici ərazilər çoxdur və investorların diqqətini cəlb edir. Getdikcə vəziyyət baxıb müəyyən qərarlar verilə bilər. Çünki köhnə binaların ləğvində hökumət də maraqlıdır. Hələlik dövlət bunu kommersiya layihəsi kimi həyata keçirməyə başlayıb və çalışır ki, büdcə də zərər görməsin. Ancaq  gələcəkdə, bəzi layihələrin sərf etmədiyini görsə, müəyyən addımlar atılacaq”.

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …