Ana səhifə / İqtisadiyyat / Gömrük rüsumları bazarı çökdürür: tikinti materialları bahalaşdı

Gömrük rüsumları bazarı çökdürür: tikinti materialları bahalaşdı

Son iki ildə manatın devalvasiyası ilə paralel qiymətlər qalxanda əhali düşünürdü ki, milli valyutamızın məzənnəsi sabitləşsə, qiymətlər də stabilləşər. Lakin son 9 ayın təcrübəsi göstərdi ki, vəziyyət heç də düşünüldüyü kimi deyil.

Tikinti sektoru da bu prosesdən kənarda qalmadı. Lakin artıq paytaxt Bakıda yeni tikinti bumu gözlənilir. Bəs görəsən, hazırda qiymətlərlə bağlı vəziyyət necədir?

Suala cavab tapmaq üçün paytaxtın tikinti materialları satışını həyata keçirən ən böyük bazarına – “Dərnəgül bazarı”na baş çəkdik.

Bəllidir ki, bu bazar paytaxtdakı tikinti materiallarının qiymətini müəyyən edən topdansatış mərkəzidir. İstər sadə insanlar, istərsə də şirkətlər ən ucuz və keyfiyyətli material üçün buraya üz tuturlar. Müşahidələrimiz zamanı gördük ki, bazarda alıcılıq ötən aylarla müqayisədə zəifləyib.

Satıcılarla həmsöhbət olduq. Onların sözlərinə görə, son iki ayda qiymətlər qalxdığından əhalinin acılıq qabiliyyəti azalıb: “2 aya yaxındır ki, bazarda qiymətlər artmağa başlayıb. Artım daha çox yağların bahalaşması ərəfəsinə təsadüf etdi. Məlumdur ki, bir sahədəki bahalaşma digər sahələrə də yansıyır. Demək olar ki, əksər tikinti materiallarının qiymətində artım var. Bu isə müştərilərin qıtlığına səbəb olur. Mağazanı səhər saat 8-dən açmışıq, cəmi 3 müştərimiz olub. Bazara gələnlər ancaq qiymətlərdən xəbər tutub gedirlər”.

Satıcılar bahalaşmanın səbəbini gömrük rüsumları ilə əlaqələndirdilər: “Ən xırda detalın belə üzərinə elə rüsum qoyurlar ki, bazarda üstünə əlavə qiymət qoya bilmirik. Müştəri qaçmasın deyə, qazanc üçün qəpik-quruş artırırıq. Yerpulunu, gündəlik xərcləri hesablayanda çox az məbləğdə qazancımız olur”.

Bazarda daha çox taxtanın, armaturun, kirəmitin qiymətində kəskin bahalaşma var. Taxta satışı ilə məşğul olan sahibkarlar yay aylarından bəri 50 manata yaxın qiymət artımı olduğunu bildirdilər: “Kubmetri 260-270 manata təklif edilən taxta, indi 315-320 manata təklif edilir. Yaydan bəri 2-3 dəfə bahalaşma oldu. Bu bahalaşmanın da əsas səbəbi ölkə ərazisinə gətirilən mallara qoyulan rüsumlardır. Bazarın durğunlaşmasının əsas səbəbi budur. Tikinti aparmaq istəyənlər qiymətlərin ucuzlaşmasına ümid edirlər. Zarafat deyil, taxtanın 1 kubunda 50 manat ciddi fərqdir. Ölkədə istehsal olunan 12-lik armaturun qiyməti 63 qəpik, Rusiyadan gələn 14-lük armaturun qiyməti isə 80 qəpiyə təklif olunur.

Satıcılarla söhbət zamanı yerli istehsal olan armaturların qiymətində cüzi bahalaşma olduğunu öyrəndik. Rusiyadan gələn malların qiymətində isə 10-12 qəpik artım var.

Kirəmitlərin qiymətində də kəskin bahalaşma müşahidə olunur. Belə ki, Çin istehsalı olan və kvadratmetri əvvəllər 4 manata təklif olunan kirəmit, 6 manata – 6 manat 50 qəpiyədir. Əvvəllər 7 manata təklif olunan Rusiya istehsalı kirəmitlərin qiyməti isə indi 9 manat 80 qəpikdir. Həmçinin, ölkədə istehsal olunan tikinti materiallarının qiymətində də bahalaşma var. Plastik borular və kafelin qiymətində 50 qəpik artım müşahidə olunur. “Gilan” istehsalı olan və 1 kvadratmetri 9 manat 50 qəpiyə təklif olunan kafel indi 10 manata təklif olunur.

Rusiyadan idxal olunan mallar 1 manat civarında bahalaşıb. Aqlay və mərmərin qiymətində elə də artım müşahidə olunmur. Qiymətlər 45 manatdan 200 manatadək dəyişir. Satıcılar gömrük xərclərinin artdığını vurğulayaraq, müştəriləri itirməmək üçün malların üzərinə cüzi miqdarda qiymət qoyduqlarını bildirdilər: “Gömrük rüsumları artan zaman bizim büdcəmizə ciddi zərər vurur. Tutaq ki, kvadratmetri 40 manata aldığımız mərmərin üzərinə bu dəfə 10 manat qoymuruq, müştəri itirməyək deyə 5 manat əlavə edirik. Bu cür vəziyyətdən çıxmağa çalışırıq”.

Qeyd edək ki, artımın əsas səbəbi gömrük sisteminin şəffaflaşmasıdır. Əgər əvvəllər ölkəyə idxal olunan malların bir qismi qeydiyyata alınır, digəri hissəsi isə qeyri-rəsmi şəkildə ölkəyə buraxılırdısa, artıq bütün məhsullar rəsmi qeydiyyatdan keçir. Nəticədə idxalçı şirkətin gömrük xərcləri artır. Bundan əlavə, gömrük rüsumlarının da yüksək olduğu məlumdur. Xüsusən yerli istehsalı olmayan məhsullar üzrə Azərbaycan xarici bazarlardan asılıdır. Bu halda yüksək rüsumların tətbiqi həmin malların yerli bazarda baha satılmasına gətirib çıxarır.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …