Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Metroya girən adama baltanı kim verib?

Metroya girən adama baltanı kim verib?

Hər əlinə balta alan Roskolnikov olmaz.

Təsnifatda ən sonuncu sayırıq mədəniyyəti. Pandemiya olan kimi ilk zərbə mədəniyyətə dəyir. Neftin qiyməti azalan kimi ölkənin kino büdcəsi azaldılır.

Çünki ilk baxışdan elə hiss olunur ki, mədəniyyət əyləncədir, olmasa da, keçinmək mümkündür.

Bəzi kitabxanaçı xalaların ağzını arayın, onlar bədii ədəbiyyata “əyləncə ədəbiyyatı” deyir.

Mədəniyyətə xor baxışımız ucbatındandır ki, sənətin əlahiddə funksiyasını – bir neçə il sonranın siyasətini, əxlaqını, iqtisadiyyatını formalaşdırdığını görmürük.

Ədəbiyyata bir çimdik yaxın olanlar “balta” sözünü eşidən kimi Dostoyevskinin “Cinayət və cəzası”nı xatırlayır.

Məhz bu əsərdən sonra “öldürmək” anlayışının digər üzü – Ayın görünməyən tərəfinə işıq düşdü.

Oxucu ilk dəfə idi ki, cinayətin üstünün açılmamasını istəyirdi. Oxucu ilk dəfə idi ki, cinayətkarın yanında idi. Səbəb: Rodion Roskolnikov sələmçi qarını ona görə öldürmüşdü ki, onun çirkli yollarla yığdığı və bu yaşdan sonra ona lazım olmayacaq pulu götürərək qızlar üçün təhsil şəraiti yaratsın.

Bəli! Dostoyevski yeni nəzəriyyə yaratmışdı. Sonradan “Roskolnikov nəzəriyyəsi” adlanacaq bu ideya dünyanın düzənini dəyişdi.

Necə?

Niçşenin sevimli müəlliflərindən birinin Dostoyevski olduğunu bilirik. Niçşe Roskolnikovun əməlinin yeni ideya olduğunu hiss etmişdi. O, yaxşı bilirdi ki, bugünədək əlinə balta alanların heç biri bu ideya uğrunda adam öldürməyib; bir çox işıqlı gəncin yaxşı yaşaması üçün bir “lazımsız adam”ın öldürülməsi.

Nitşe bu ideyanı bədii plastdan ayırdı, metodiki hala saldı. Beləliklə, “Roskolnikov nəzəriyyəsi” bir mərhələ adladı. Bircə qalırdı bu ideyadan istifadə etmək, onu da Nitşenin təqdimatlarını gözünə təpən Adolf Hitler etdi. Ali irq ideyasını öncə ölkəsində tətbiq etdi, ardınca dünyaya yaymağa çalışdı.

Təbii ki, kiminsə yaxşı yaşaması üçün başqalarının öldürülməsi, irqlərarası fərq qəbuledilməzdir və dünya bu siyasəti faşizm adı altında rədd etdi. Hitler Almaniyası məğlub edilən günə qədər isə nasistlər bu yöndən xeyli “islahat” etdi.

Bu gün əlimizdə bir zəncir var; “Dostoyevski, Nitşe, Hitler” zənciri. İki əsr əvvəl Dostoyevski bir hərdəmxəyalın əlinə balta verdi, pis-yaxşı, dünyanı dəyişdirdi.

Bəli, hər əlinə balta alan Roskolnikov olmaz.

Roskolnikov olmaq üçün əvvəlcə Dostoyevski mədəniyyətində formalaşmalısan.

Bu gün metroya balta ilə düşüb özünü videoya çəkən adamın problemi geylər, transseksuallardı. Çünki onu yetişdirən mədəniyyət bu düşüncələrdən xali deyil.

Təbii ki, mədəniyyət baltayla yox, qələmlə yazılır. Ancaq bir gün baltayla dünyanı dəyişmək istəyən biri ortaya çıxanda da, gərək ona baltanı verən adamla  maraqlanasan. Məsələn, Dostoyevskinin verdiyi baltayla müasir Almaniya yarandı.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …