Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / İqbal Məmmədovun “mənzil qalmaqalı” böyüyür – Prezidentə şikayət olundu

İqbal Məmmədovun “mənzil qalmaqalı” böyüyür – Prezidentə şikayət olundu

Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllədəki 4 saylı yaşayış binasının sakinləri – Məmmədov Şakir Fərman oğlu və Məmmədov Əli-Ağa Məmməd Həsən oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respulikasının Baş Naziri cənab Novruz Məmmədova, Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədova, Azərbaycan Respulikasının ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə Hüquq Şurasının üzvü cənab Ramiz Rzayevə və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi cənab Əhməd Əhmədova ünvanlı müraciəti daxil olub.

Müraciətdə deyilir:

“Hörmətli möhtərəm Prezident!

Hörmətli cənablar!

Biz – “Sahil-D Kompani” MMC-nin Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə ünvanında inşa etdiyi 24 mərtəbəli, 4 saylı yaşayış binasının sakinləri – Məmmədov Şakir Fərman oğlu (mənzil 80) və Məmmədov Əli-Ağa Məmməd Həsən oğlu (mənzil 74) dəyərli vaxtınızı aldığımız üçün əvvəlcədən üzr istəyirik. Bu gün Milli Məclisdə oturan, xalqın ona göstərdiyi etimadı doğrultmaq üçün gecə-gündüz çalışaraq insanların problemlərini həll etmək əvəzinə, öz mənafeyini xalqın, dövlətin mənafeyindən üstün tutaraq, millət vəkili vəsiqəsindən sui-istifadə edərək bizləri, halal zəhmətimizlə aldığımız mənzillərimizi əlimizdən almağa çalışan Məmmədov İqbal Nəriman oğlu haqqında sizə müraciət etmək məcburiyyətində qoyub. Belə ki, biz yuxarıda qeyd olunan mənzillərin sahibləri Məmmədov İqbal Nəriman oğlu tərəfindən təhdid və təhqirlərə məruz qalmışıq. O, əvvəlcə Xətai rayon Məhkəməsinə müraciət edərək bizi öz mənzillərimizdən çıxarmaq istəmişdir. Xətai rayon Məhkəməsinin hakimi Səadət Səlimovanın qanuni çıxardığı Qətnaməni heçə sayaraq, heç bir aidiyyəti olmayan Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Bu dəfə Nərimanov rayon Məhkəməsinin köməkliyi ilə bizim mənzillərdən çıxarılmağımız barədə Qətnamə əldə etmişdir. Qeyd etmək istəyirik ki, biz mənzilləri “Sahil-D Kompani” MMC-nin inşa etdiyi binadan almışıq, o isə mənzilləri “STS” MMC-dən aldığı halda, necə olur ki, bizim mənzillərə iddia edir? O, getsin öz məsələsini “STS” MMC ilə həll et, bizimlə nə işi var. Necə ki, bu barədə Xətai rayon Məhkəməsinin Qətnaməsi vardır.

Biz Nərimanov rayon Məhkəməsinin çıxardığı 2(005)-5266/2017 saylı, 5 sentyabr 2017-ci il tarixli Qətnaməsindən apellyasiya şikayəti verdik və Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrlik etdiyi məhkəmə heyəti iddiamızı təmin edərək, 2(103)-566/2018 saylı, 1 mart 2018-ci il tarixli Qətnamə çıxardı. Millət vəkili İqbal Məmmədov iddiasından əl çəkməyərək bizi Ali Məhkəməyə verib. Hal-hazırda iş Ali Məhkəmənin hakimi Əhməd Əhmədovun icraatındadır. Onu da qeyd edək ki, İqbal Məmmədov əvvəlcə 3 mənzilə iddia edirdisə, indi bizə məlum olmayan hansısa sehirli əlin köməkliyi ilə Əliyev Sərdar Məmməd oğluna məxsus 88 saylı mənzildən imtina edir. Soruşulur, necə olur o, əvvəlcə 3 mənzilə iddia etdiyi halda, indi 2 mənzilə iddia edir? Deməli, burada mənzili yoxdur ki, rahatca bir mənzildən imtina edir. Onun gücü yalnız sadə vətəndaşlara çatır?!

Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, xalqın ona göstərdiyi etimaddan sui-istifadə edən, insanları incitməklə qanunlarımızın və dövlətimizin yeritdiyi siyasətin əksinə gedən millət vəkili Məmmədov İqbal Nəriman oğlu barədə ciddi tədbir görmənizi sizdən xahiş edirik”.

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

tezadlar.az

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …