Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Dünya üzümçülük-şərabçılıq sənayesində İsrail innovasiyası – ARAŞDIRMA

Dünya üzümçülük-şərabçılıq sənayesində İsrail innovasiyası – ARAŞDIRMA

Arxeoloji tədqiqatlara əsaslansaq, üzümçülüyün və sərabçılığın təşəkkül tapma tarixi insanların dunyada formalaşdığı dövrdən başlanır. Elmi mənbələrə əsasən, bu inkişaf, təxminən, 5-7 min il bundan qabaq Qafqaz, Orta Asiya, Suriya, Mesopotamiya və Misiri, bir sözlə, Aralıq, Qara və Xəzər dənizi hövzələrini əhatə etmişdir.

İsrail və Fələstinin qədim tarixini nəzərə alsaq, bu inkişaf sahəsi, sözsüz ki, həmin ərazilərdən kənarda qala bilməzdi. Misir fironlarına və Qədim Roma imperiyasının ərazilərindəki yaşayış məskənlərinə buradan şərab məhsullarının göndərilməsi barədə tarixi mənbələrdə qeydlər var. Hətta Misir piramidaları qurulmamışdan qabaq, divarlara həkk olunmuş heroqlif yazılarda və rəsmlərdə də bu deyilənlər öz əksini tapmışdı. Həmin dövrlərdə artıq Aralıq dənizi hövzəsi ərazisində 10 növdə ağ və qırmızı şərabın istehsal olunduğu iddia edilir. Və belə olan halda, həmin ərazidə yaşamış, özünəməxsus mədəniyyəti, qədimliyi və ağlı ilə seçilən qədim yəhudi xalqının bu yaxşı gəlir gətirən və həm də sağlamlıq bəxş edən içki məhsullarının istehsalı ilə məşğul olmaması mümkünsüz idi.

Keyfiyyətli içməli su problemi olan İsraildə antiseptik sağlamlıq əhəmiyyətli şərabların istehsalı vacib bir amilə çevrilirdi.

Belədə, sözsuz ki, dözümlü, yolundan dönməz xarakterli insanların olduğu yerdə yaranan tarixi rəvayətlər də dünyanı dolaşmağa başlayır.

Yəhudi tarixi mənbələrində göstərildiyi kimi, Qədim İudada kənd təsərrüfatının əsasını üzümçülük və şərabçılıq təskil etmişdir.

Yəhudi adət-ənənələrinə görə, ciddi-intizamlı iş həftəsinin sonu kimi qəbul olan “şənbə günü” istirahət toplantıları, Pasxa, Yeni il, Purim bayramları, toy şənlikləri “koşrut” (yəhudi texnologiyası ilə hazırlanan şərablar) olmadan keçirilməzdi. Burada yaranan rəvayətlər də diqqətçəkici və özünəməxsusdur.

“Tövrat”da göstərildiyinə görə, bütün səmavi dinlər kimi, İslam dininin də hörmət və inam bəslədiyi Musa peyğəmbər (Yəhudilər Moşe, xristianlar ise Moisey deyə muraciət edirlər) zəngin həyatın mahiyyətini öyrənmək məqsədi ilə öz adamlarını “süd və bal axan ölkəyə” – Misirə göndərir, onlar isə oradan böyük bir üzüm tənəyi və üzüm salxımı ilə qayıdırlar.

Torpağa basdırılan bu tənəklə “Eres”in – İsrailin ilk üzüm bağlarının əsası qoyulmuş olur. Bu, təxminən, Avropanın ilk üzümçülük tarixindən 2000 il əvvəlki dövrü əhatə edir.

Yəhudi mənbələri hətta iddia edirlər ki, dunya su basmasının çəkilməsindən sonra Nuh (Noy) peyğəmbər ilk üzüm tənəyini məhz İsrail dağlarında torpağa basdırıb. Cəmisi 21 min kv. km ərazisi (təxminən Abşeron yarımadası qədər), 8 milyon nəfər əhalisi olan bir ölkənin, mürəkkəb torpaq-iqlim, su qıtlığı şəraitində 5500 hektar  sahədə son innovasiya qaydalarına uyğun olaraq üzüm bağları salıb, istehsal etdikləri yüksək keyfiyyətli şərablarını Avropnın nəhəng içki bazarlarına çıxarmaq istedadına, böyük məbləğdə xarici valyuta əldə etməkdə ardıcıllıq göstərən, daim bu sahənin elmi nailiyyətlərini öyrənib onu tətbiq  edən bu xalqın özünə də,  yaratdıqları rəvayətlərinə də hörmətlə yanasmalı olursan.

Bugünkü İsrailin üzüm-şərabçılığının keçdiyi yolu heç də həmişə rəvan saymaq olmaz. İslam dininin spirtli içkilərin içilməsinə qoyduğu qadağalar orada bu sahənin inkişafını 1000 ilə qədər müddətdə dayandırmışdır. Lakin yəhudilərin genlərinə hopmuş bu gəlirli sahə onlar tərəfindən unudula bilməzdi və ilk yəhudi köçkün ailələrinin geri qayıdışı ilə bərabər, 1880-ci ildən başlayaraq, üzüm bağlarının salınmasına da yenidən başlanılmışdır.

Zamanı qabaqlamaq məqsədi ilə bütün eksperimentlərdən imtina edilərək, Avropada məskunlaşmış yəhudi icmaları vasitəsi ilə şöhrəti, zəngin üzümçülük-şərabçılıq ənənəsi olan Fransanın Bordo əyalətindən baron Edmond de Rotşild İsrailə dəvət olunur.

Və onun rəhbərliyi ilə Rison le Sion, Zixon Yakov ve Ros Pinnada yeni, elmi əsaslı üzümçülük və şərabçılığın əsası qoyulur. Üzüm tingləri əsasən Kaliforniya və Fransadan gətirilirdi. Yerli, lazımi keyfiyyətli şərabçılıq üçün yaramayan üzüm sortları isə tədricən sahələrdən çıxarılıb dəyərli sortlarla əvəzlənirdi. Lakin bu dəfə də İsrail  üzümlüklərini Amerikadan gətirilmiş üzüm tənəklərinin bəlası olan filloksera zərərvericilərindən qorumaq mümkün olmadı.

Baxmayaraq ki, Rotşild orijinal bir üsula əl atmışdı – bütün tingləri Hindistana aparıb orda əkib, sonra yenidən İsrailə gətirsə də, zərərvericlərdən tənəkləri xilas etmək mümkün olmadı, tənəklər qurudu. Nəticədə, fillokseraya dözümlü calaq altına, qiymətli üzüm sortlarından calaqüstü calaqlar edilməklə alınan tinglərdən istifadə ediməli oldu. Bu isə yenə də xeyli zaman və vəsait itkisinə səbəb oldu.

İstəyini əldə etməkdən əl çəkməyən yəhudi əhalisi, bu problemlərdən qurtularaq  İsraildə üzümçülüyün  beş rayonda – Qalli (Hollan dağlari), İudey ovalığı (Qüds ətrafı), Samson, Naqev (qumsal rayon) ve Şamronda (dəniz kənarı) uğurla inkişafına nail ola bildilər.

Bu zonalar isə daha kiçik subzonalara bölünürlər ki, belədə hər kəs maneəsiz  bağçılıqla məşğul olmaq imkanı əldə edə bilir.

Rotşildin əsasını qoydugu “KARMEL” birliyi İsraildə ən böyük şərab istehsalçısı və ixracatçısıdır. Bundan əlavə, İsraildə münbit olmayan, cansız-qumsal torpaqlarda becərilən üzümlərdən keyfiyyətli, uyğun növlü şərablar istehsal edən “NEOT STADAR”, Gürcüstandan gil qablar gətirib şərab istehsal edən Slutskinin “KADMA”, Xar Xermanın Fransanın məhşur Bordo tipli qırmızı şərablar istehsal edən “KASTEL” üzüm-şərab birlikləri də genis formada fəaliyyət göstərməkdədirlər.

Bu birliklər olkə daxilinə və xaricinə ildə 40 milyon butulka təbii şirə, şərab, konyak, araq və s. növdə keyfiyyəti ilə seçilən içkilər istehsal edərək çıxarır.

İsraildə  qanuna müvafiq şərab istehsalı və satışı  ilə məsğul olanlara heç bir qadağa qoyulmur. Bu ağıllı-uzaqgörən siyasət nəticəsində orada böyük gəlirlər gətirən, butik-qaraj (mini) tipli şərab istehsalçılarının sayı 300-dən artıqdır.

Orada hər kəsin işləmək azadlığı təmin olunub. Avropa Birliyi ilə sazişə görə, AB-yə daxil olan olkələrə heç bir qadağa qoyulmadan, standartlara uyğun şərab, üzüm satışı edilə bilir.

Hollan dağlarının torpaqları  vulkanik-bozalt tərkibli olsa da, “RAMAT xa QALAN” şərab müəssisəsi onun şimal tərəfində, dəniz səviyyəsindən 1000 metr hündürlükdə – “ŞARDONE”, “SOVİNON”, “TRAMİNER”, “RİSLINQ” və “PİNO”, mərkəzində “MERLO”, “SİRA”, “KABERNE” ve “BLAN”, cənubunda isə “KANELLI” və “ALEKSANDROV MUSKATI” üzüm sortlarını becərir və hər üzüm sortunun öz unikal şərablarını istehsal edir.

Şərab üzüm sortlarından əlavə, təzə halda qidalanmaq məqsədi ilə İsraildə  “JEMÇUQ”, “SABA”, “KARDİNAL”, “HAMBURQ MUSKATI”, “ÜZÜMLÜYÜN KARALEVASI”, “ŞİRAZ” və s. üzümləri becərilir.

İsrailə gələn turist bolluğu, bu məhsulların kənara eksportuna o qədər də ehtiyac yaratmır. Turistlər öz dəyərli valyutalarını elə yerindəcə bu keyfiyyətli, genetik modifikasiyanın tətbiqi olmayan “KABERNE”, “SOVİNON”, “SEMİLON”, “QASTON”, “MEDİTERRA” şərablarına və digər bağçılıq məhsullarına dəyişə bilirlər. Həmçinin eramızdan 6-7 min il əvvəl tikilmiş 60-a yaxın şərab zirzəmiləri, oradakı gildən olan şərab qabları, bürünc dövrə aid edilən üzüməzici-preslərlə və s. tanış ola bilirlər.

Sərt yəhudi prinsipləri ilə hazırlanan “KAŞRUT” – yəhudi şərabları isə xüsusi münasibətə malikdir. Şərab hazırlanan üzümlərin yaşı 4 ildən (Qartal qanunu) asağı olmamaıdır, hər 7-ci ili (Simiti qanunu) üzümlüyə istirahət verilməlidir, istehsalda ancaq kaşrut – heyvani mənşəli olmayan təbii materiallardan istifadə olunmalı, üzümlüklərarası sahəyə heç bir kənd təsərrüfatı bitkiləri əkilməməli, ilk olaraq isə  şərab bakalına toxunan həftə ərzində intizamla isləyib “şənbə istirahəti” qaydalarına əməl edən yəhudi olmalıdır. Lakin istisna olaraq  uzun müddət saxlanma məqsədi ilə pasterizə (isti temperaturda texnoloji işlənmiş) edilmiş şərab tutumlarını istənilən adamlar aça bilərlər.

İsrail mütəxəssisləri insan sağlamlığı baxımından bütün mümkün innovativ texnologiyadan istifadə etməyə calışırlar. Ağ şərablarda antioksidant olan polifenolların miqdarını artırmaq məqsədi ilə, Mixail Avirama tibb mərkəzində şirənin qıcqırmasını üzümün əzintisi ilə birlikdə aparır, Levi Noymand şərabı heç bir qatqı olmadan, tam təbii şəkildə hazırlayır. Çünki əsas göstərici insan sağlamlığıdır.

Əsrin əvvəlindən başlayaraq İsrail şərabları müxtəlif beynalxalq konkursların bütün dəyərlərdə medal və mükafatlarını  alırlar.

Düşünürəm ki, Sovetlər dönəmindən sonra yenidən, vaxtilə 240 min hektar sahədə becərilən, böyük gəlir mənbəyi olan üzümçülük və şərabçılığa qayıtmalı olan Azərbaycanda da irəliyə getmiş, elmi əsaslı praktika araşdırılmalı, öyrənilməli və tətbiqi fürsəti əldən verilməməli, ləngidilməməlidir.

Sözsüz ki, bizim də onlara tövsiyə edəcəyimiz kifayət qədər dəyərli işlərimiz, elmi əsaslı təcürbələrmiz az deyil. Bu sahədə diqqət edilməli olan ölkələrdən biri də, heç şübhəsiz ki, bu yazıda qısa ekskurs etdiyim uğurlar qazanan İsraildir.

Dünya şərab nəhənglərinin də təcürbəsindən lazımi qədər yararlanmaqla, su, torpaq, iqlim problemli ölkələrində böyük zəhmət, işgüzarlıqla milyonlarla qazanc əldə edirlər. İnnovasiya əsaslı bu nailiyyətlərini insanlara yaşam xatirinə payçılıqla deyil, firavan həyat naminə təşkil etdikləri Beynəlxalq İnnovasiya texnologiyaları kurslarnda təcrübələrini bölüşməyi önə çəkirlər. Bu məqsədlə İsraildə “MASHAV” və “MATC” kimi dövlət agentlikləri fəaliyyət göstərir.

Hesab edirəm ki, belə innovativ kurslardan istifadə etməklə, bizdə də yenidən təşəkkül tapmaqda olan üzümçülük-şərabçılıq sahəsi lazımsız-zərərli geriyəqayıtmalardan, yerindəsaymalardan qorunmalıdır. Regionun torpaq-iqlim şəraitinə uyğun tinglərin sort seçimi, aqrotexniki tədbirlər, ziyanvericilərlə mübarizə metodları, insan sağlamlığına ağır zərərlər verməyən alkoqollu və alkoqolsuz içkilərin istehsalı texnologiyası və şəffaf iqtisadiyyat təcrübəsinin dünya nailiyyətləri, itirilən 25-30 illik müddətdən sonra yenidən diqqətlə öyrənilməlidir. Uyğun hesab olunanların isə heç bir torpaq, iqlim, su problemi olmayan ölkəmizdə müvafiq təhsil, fermer, emal sahələrində tədrisi, təbliği və tətbiqi təmin olunmalıdır. Bu, artıq ölkəmizdə postneft dövrünün ciddi tələbidir.

Gülağa AĞAZADƏ,Texnologiya doktoru 

 

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …