Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Tanınmış biznesmenin keçmiş arvadı ətrafında daha bir qalmaqal – falçılıqda suçladığı qadını hədələyir

Tanınmış biznesmenin keçmiş arvadı ətrafında daha bir qalmaqal – falçılıqda suçladığı qadını hədələyir

Bir zamanlar ərinə qarşı dələduzluq etməkdə suçlanan qadın indi də başqasını hədələməkdə ittiham edilir. Tanınmış biznesmenin arvadı qalmaqallı məhkəmə işləri ilə gündəm olmuşdu.

Musavat.com xəbər verir ki, söhbət Təyminə Abdullayevanın (boşandıqdan sonra Yusifova) ətrafında yaranan və hələ də davam edən qalmaqallı proseslərdən gedir.

Qısa olaraq xatırladaq ki, Təyminə Yusifovanın keçmiş əri, tanınmış biznesmen Barat Abdullayev idi.

Yusifova ərinin əmlakını ələ keçirmək üçün saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilərək həbs edilmişdi.

İttihama görə, Təyminə əri Barat Abdullayevin onun adına aldığı mənzili ərinin xəbəri olmadan satmaq üçün öz şəxsiyyət vəsiqəsini dəyişib və bilərək saxtalaşdıraraq orada özünü “subay” kimi qeyd edib. Çünki evli olduğu təqdirdə mənzili satmaq və ya girov qoymaq üçün Barat Abdullayevin də razılığı tələb olunurdu. Bundan sonra Barat Abdullayevin 2 milyon dəyərində evini “Faktor Lizing” şirkəti ilə əlbir olaraq 135 000 müqabilində lizinqə keçirib. Təyminənin niyyəti həmin evi sonradan lizinglə birgə sataraq pulunu mənimsəmək olub.

Məhkəmə prosesində Təyminə Yusifova iddia edirdi ki, həmin pulu Səkinə İsmayılova adlı falçıya verib.

Ailə üzvlərinin, övladının gələcəyindən, öləcəyindən ehtiyat edən Təyminə Yusifova falçıya külli miqdarda pul verdiyini iddia edirdi.

Həmin vaxt T.Yusifova 8 il müddətinə azadlıqdan məhrum edildi. 2 il sonra isə əfv sərəncamı ilə azadlığa çıxdı.

Səkinə İsmayılova isə Təyminənin ifadəsi əsasında həbs edildi. Amma məhkəmə onun barəsində bəraət hökmü çıxardı.

Hər iki şəxs azadlığa çıxdıqdan sonra məhkəmə çəkişməsi davam edib. Bu dəfə Səkinə İsmayılova Təyminəni məhkəməyə verib və ona böhtan atmasından şikayətçi olub. Bu dəfə Təyminə Yusifova bilə-bilə yalan xəbərçilik etməkdə ittiham olunaraq məhkum olunub.

Amma məhkəmə qərarı icra olunmur. Səkinə İsmayılova iddia edir ki, Təyminə tərəfindən hədələnir.

Musavat.com-a müraciət edən İsmayılova bildirir ki, T.Yusifova barəsindəki hökm icra olunmur.

“Təyminə barəsində Nərimanov rayon məhkəməsinin təxminən 9 ay öncə çıxardığı hökm hələ də icra olunmur. Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli hökmünə əsasən Təyminə Yusifova Cinayət Məcəlləsinin 296.2-ci (bilə-bilə yalan məlumat vermə; şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı törədildikdə) maddəsi ilə təqsirli bilinib və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Hökmə əsasən, Təyminə Yusifovanın üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması təyin edilib.

Artıq 8 aydan artıq müddətdir ki, çıxarılmış hökm icra olunmur. Belə ki, hökm 2020-ci il fevralın 4-də icra edilməsi üçün Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinə, Qoşqar Həmidovun icraatına göndərilib. T.Yusifova fevralın 28-də müraciət edərək Sumqayıt şəhərində yaşaması barədə arayış təqdim edib.

Martın 3-də Səbail rayon icra və probasiya şöbəsi Səbail Rayon Məhkəməsinə təqdimat verərək hökmün icra olunması üçün aidiyyəti üzrə göndərilməsi barədə müraciət edib. Bundan sonra heç bir hüquqi əsası olmadan icra məmuru Qoşqar Həmidov təqdimatı geri götürüb”.

Səkinə İsmayılovanın sözlərinə görə, Təyminə Yusifova iyunun 4-də həm icra şöbəsinə, həm də məhkəməyə ərizə verib: “Hər iki yerdə ərizələr dərhal qeydiyyata alınıb, icra məmuru təqdimatı geri istəyib və hakim Ülviyyə Şükürova həmin gün də qərarı geri qaytarıb. Lakin bizim narazılığımızdan sonra iyunun 12-də yenidən icra məmuru səhv etdiyini başa düşüb icra sənədinin Sumqayıta göndərilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdimat verdi, lakin 10 günə baxılmalı olduğu halda, 45 gün keçməsinə baxmayaraq hakim Ülviyyə Şükürova yenidən işə baxmamaq niyyətini açıq nümayiş etdirir. İşə baxılmasını hər dəfə bir əsassız əsasla təxirə salır. Bunun nəticəsidir ki, məhkəmənin hökmü 8 aydır ki, icra olunmur və bu gedişlə də deyəsən uzun müddət icra olunmayacaq”.

S.İsmayılova iddia edir ki, T.Yusifovaya elektron qolbaq taxılmaması, hərəkət edə biləcəyi sahənin məhdudlaşdırılmaması onun həyatına təhlükə yaradır: “Təyminə gecə və günün müxtəlif vaxtlarında dəfələrlə Gəncəyə mənim evimə gəlir, məni təhdid edir, şikayətimi geri götürməsəm məni öldürtdürəcəyini deyir. Təyminə Yusifova cəzasını çəkməli olduğu halda icra məmurlarının və hakimlərin biganə yanaşmasından, azadlığının məhdudlaşdırılmamasından və hökmün icra olunmamasından sui-istifadə edərək keçən 8 ay ərzində mütəmadi olaraq məni hədələyir, məni izləyir, bilərəkdən münaqişə yaradır, qızlarımın üstünə şər atır, ailəli olan iki qızımın ailəsinə müdaxilə edir, tələbə olan qızımla hədələyir, onun əlindən qohumlarımın, qonşularımın içində biyabır olmuşam. Əgər hökm icra olunsa, onda Təyminə məni hədələyə bilməz, mənim həyatım təhlükədə olmaz.

Təyminə Yusifovanın qanunsuz əməllərindən qorxuram, özüm və 4 övladım böyük təhlükə altında yaşayırıq. Təyminənin bu hərəkətlərindən Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına və digər orqanlara şikayət etmişəm. Şikayətimin araşdırılmasını, hökmün dərhal icra olunmasını, məhkuma elektron qolbağının taxılmasını, hökmün icrası tarixinin qolbağının taxılmasından hesablanmasını, iş Sumqayıta gedərsə Sumqayıtda da bu özbaşnalıqların baş verməməsi üçün tədbirlər görülməsini xahiş edirəm. Bir daha qeyd edirəm ki, mənim həyatım hazırda təhlükədədir, pozulmuş hüquqlarımın bərpasını istəyir, dövlət orqanlarından imdad diləyirəm”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …