Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Təcili yardım”ın gecikməsi, həkimlərin kütləvi işdən çıxması, ölümlərin artması…

“Təcili yardım”ın gecikməsi, həkimlərin kütləvi işdən çıxması, ölümlərin artması…

Dünyanın əksər ölkələri kimi Azərbaycanda da koronavirusun növbəti dalğası başlayıb, virus ölkədə tüğyan edir və hər gün minlərlə yeni yoluxma, onlarla ölüm baş verir. Vətəndaşlar üçün bu vəziyyət adiləşsə də Operativ Qərargahın və səhiyyə rəsmilərinin işinə dair hər gün yeni suallar meydana çıxır. Bütün bu suallar koronavirusla bağlı olsa da spesifiklik baxımından onları müxtəlif ünvanlara yönəltmək lazım gəlir. Beləliklə, əhalini narahat edən və redaksiyamızın cəmləşdirib ünvanladığı suallara Səhiyyə Nazirliyinin, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin verdiyi cavabları təqdim edirik:

-Azərbaycanda koronavirusa yoluxmalar artır. Əvvəllər həkimlər sakitləşdirirdilər ki, delta-ştammı daha çox yoluxdurucu olsa da daha az ölümə səbəb olur. Vaksin vurulması isə ümumiyyətlə, xəstəliyin ağır keçməsinin qarşısını alır. O zaman ölənlərin sayının bu cür artmasını necə izah etmək olar?

Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır.

 Azərbaycanda vaksinasiyaya cari ilin yanvar ayından başlanılıb. Dəfələrlə vaksinasiyanın əhəmiyyəti, vaksin olunmağın vacibliyi barədə ictimaiyyətə məlumatlar ötürülüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın 20 avqust tarixində keçirilən brifinqinə əsasən nəzərinizə çatdıraq ki, mart ayından avqust ayına qədər yoluxan şəxslərin arasında statistik araşdırma aparılıb. Statistika onu göstərir ki, həmin vaxtdan bu günə qədər reanimasiyaya düşən şəxslərin içində 96 faizi peyvənd olunmayan vətəndaşlardır. Reanimasiyaya düşərək süni tənəffüs aparatına qoşulan şəxslərin isə 97 faizi vaksin olunmayanlardır. Statistikaya görə koronovirusdan vəfat edən şəxslərin 99 faizi peyvənd olunmayan şəxslərdir.

-Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Quliyev bu günlərdə verdiyi müsahibədə saxta covid-pasportların alınmasını ölümlə lotereya oynamağa bənzətdi. Hüquq-mühafizə orqanları rüşvət alaraq bu cür saxta arayışlar təqdim edən tibb personalına qarşı sərt mübarizə aparır. Bəs belə arayışları alan vətəndaşlar hansı məsuliyyət daşıyır?

Koronavirusdan qorunmaq üçün vətəndaşların vaksin olunması vacibdir. Vaksin olunan şəxs həm özünü, həm də ailə üzvlərini koronavirus xəstəliyinə yoluxmaqdan qoruyur. Vaksin olmayan və yaxud da vaksin olunduğuna dair saxta sənəd əldə edən vətəndaşlar bilməlidirlər ki, həm öz həyatlarını, həm də yaxınlarını risk altına atmış olurlar.

Hər kəs öz məsuliyyətini dərk etməlidir və öz üzərinə düşənlərə əməl etməlidir. Hüquq mühafizə orqanları saxta vaksin sertifikatı verən şəxslərə qarşı lazımi tədbirlər görür. Qeyd edək ki, saxta peyvənd pasportları ilə bağlı məsələ hüquq mühafizə orqanlarının nəzarətindədir.

Hüquq mühafizə orqanlarının qərarına əsasən sistemdə COVID-19 pasportu ilə bağlı məlumatlar ləğv edilməklə vətəndaş yenidən vaksin oluna bilər. Saxta COVID-19 pasportu üçün müraciət edən və ondan istifadə edən vətəndaşlar saxta sənəddən istifadəyə görə məsuliyyətə cəlb oluna bilərlər.

-Azərbaycanda 4 milyona yaxın adama vaksinin birinci dozası vurulub. Əgər uşaqları çıxsaq bu, əhalinin təxminən yarısı deməkdir. Məlum olduğu kimi, sentyabrın 1-dən vaksin olunmamış vətəndaşlara dair bəzi məhdudiyyətlər qüvvəyə minəcək. Onları ticarət mərkəzlərinə, restoranlara və s. buraxmayacaqlar. Tempi nəzərə alsaq vaksin olunmayanların vaksin olunması üçün azı bir ay gözləmək lazımdır. Belə çıxır ki, əhalinin yarısı bir ay ictimai yerlərdən uzaq durmalı olacaq?

Azərbaycan vaksinasiyanın tətbiqinə başlayan ilk ölkələr sırasındadır. Bildiyiniz kimi bu ilin yanvar ayından etibarən ölkədə vaksinasiyaya başlanılıb. Dəfələrlə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərində, eləcə də kütləvi informasiya vasitələri ilə əhaliyə vaksinasiyanın əhəmiyyəti barədə məlumat verilib və hər kəsin peyvənd olunmağının vacibliyi bildirilib.

Nəzərinizə çatdırırıq ki, ölkədə vaksinasiya üçün hər cür şərait yaradılıb. Vətəndaşlar onlayn növbə elektron xidmətindən istifadə edərək (https://randevu.its.gov.az) vaksinasiyada iştirak edə bilərlər. Hazırda ölkə ərazisində 184 peyvənd məntəqəsi fəaliyyət göstərir.

 Statistikaya görə ölkə əhalisinin 2 milyon 700 mindən çoxu hər iki dozada vaksin olunub. 1-ci doza vaksin olunanların sayı isə 4 milyondan çoxdur. Qeyd edək ki, xəstəliyə qarşı immunitet vaksinin ikinci dozasının qəbulundan 14 gün keçdikdən sonra yaranır. 2021-ci il oktyabrın 1-dək COVID-19 pasportu əldə etmiş vətəndaşlarla yanaşı, immunitet sertifikatı olan və COVID-19 virusuna qarşı 1-ci doza vaksin sertifikatı olan vətəndaşlar da ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə daxil ola bilərlər.

-Elə adamlar var ki, pul veriblər və özlərinə saxta covid-pasport alıblar. Lakin reanimasiyalarda ölənlərin çoxunun vaksin olunmayan şəxslər olduğu haqda xəbərlərdən sonra onların bir hissəsi vaksin vurdurmağı qərara alıb. Onlar necə vaksin olunacaqlar və saxta covid-pasport əldə etdiklərinə görə hansısa təqiblərlə üzşləşəcəklərmi?

 Qeyd etdiyiniz məsələ hüquq mühafizə orqanlarının nəzarətindədir. Yuxarıda da bildirildiyi kimi, hüquq mühafizə orqanlarının qərarına əsasən sistemdə COVID-19 pasportu ilə bağlı məlumatlar ləğv edilməklə vətəndaş yenidən vaksin oluna bilər. Saxta COVID-19 pasportu üçün müraciət edən və ondan istifadə edən vətəndaşlar saxta sənəddən istifadəyə görə məsuliyyətə cəlb oluna bilərlər.

-Koronavirusa yoluxan şəxs nə etməlidir? Hansı ilkin addımlar atmalıdır?

COVID-19 simptomlarını (qızdırma, boğaz ağrısı, öskürək, tənəffüs çətinliyi) hiss edirsinizsə, ailə/sahə həkiminizə zəng edərək COVID-19 analizi vermək üçün lazımi məlumatı öyrənin. COVID-19 simptomlarını hiss etdikdə 14 gün müddətində evdə qalın, digər şəxslərlə təmasdan uzaq durun və səhhətinizi nəzarətdə saxlayın. Əgər sizdə təngnəfəslik, sinədə ağrı və ya sıxılma varsa dərhal təcili və təxirəsalınmaz tibbi yardım üçün “103” nömrəsinə zəng  edin. Özünüzdə COVID-19 simptomlarını hiss etdiyiniz halda analiz vermək və ya müayinə olunmaq üçün tibb müəssisəsinə getməlisinizsə,  tibbi maska taxın, insanlarla aranızda ən azı 1 metr məsafə saxlayın və ictimai yerlərdə səthlərə toxunmayın. Karantində olduğunuz müddətdə işə, məktəbə və ya digər ictimai yerlərə getməyin. Sizə lazım olan ərzaq və digər gündəlik tələbat mallarının gətirilməsini xahiş edin. İstirahət edin, bol maye və vitaminlə zəngin qidalar qəbul edin. Əllərinizi tez-tez dezinfeksiya edin. Eyni zamanda virusun yayılmasının qarşısını almaq üçün təmasda olduğunuz şəxsləri məlumatlandırın.

-Son vaxtlar sosial şəbəkələrdə “Təcili yardım”ın işindən çoxlu sayda şikayətlərə rast gəlinir. Həkimlər çağırışların çoxluğundan pasiyentlərə vaxtında çata  bilmirlər. Bəzi xəstələr təcili yardım briqadasını günlərlə gözləməli olur. Doğrudanmı iki ildir davam edən pandemiya ərzində bu işə yaxşı hazırlaşmaq olmazdı?

Statistikaya əsasən nəzərinizə çatdırırıq ki, avqust ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 70711 müraciət daxil olub. 21618 nəfərdən koronavirus analizi götürülüb. 4022 nəfər koronavirusla bağlı müalicə məqsədilə tibb müəssisələrinə yerləşdirilib.

-Təcili yardımın çağrı-mərkəzinin əməkdaşlarının və təcili yardım maşınlarının sayının artırılması planları varmı?

-Ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 184 ədəd təcili tibbi yardım avtomobili satın alınmışdır. 2021-ci ildə isə Agentlik tərəfindən yeni təcili tibbi yardım avtomobillərinin satın alınması üçün hazırlıq işləri aparılır.

-Koronavirusa yoluxanların başqalarını yoluxdurmamaq üçün evlərindən çıxmaması tələb olunur. Bəs onlar necə KT müayinəsindən keçsinlər, ağ ciyərlərin saturasiyasını yoxlasınlar və bu zaman polis onları saxlamasın? Yaxud onlar özlərinə ərzağı, zəruri dərmanları necə alsın?

– Koronavirusa yoluxan şəxsin həkim göstərişi olmadan KT müayinəsi üçün tibb müəssisələrinə müraciət etməsi məqsədəuyğun deyil. Koronavirusa yoluxan zaman sosial məsuliyyətimizi başa düşməliyik, özümüzü və yaxınlarımızı qorumalıyıq. Vətəndaş xəstəliyi yüngül keçirirsə, ev şəraitində müalicə olunursa və həkimin nəzarəti altındadırsa KT üçün müraciətə əsas yoxdur. Xəstəliyi ağır keçirən şəxslər isə tibb müəssisəsinə yerləşdirilir və onlara həkimin göstərişinə uyğun olaraq bütün tibbi xidmətlər göstərilir.

Xəstələrin ambulator şəraitdə dərman preparatları ilə təminatı dövlət tərəfindən həyata keçirilir. Dərman vasitələrinə Vitamin C, paracetamol, Vitamin D, Mg, Zn, Se və Favipiravir (18 yaşdan yuxarı olan şəxslər üçün) daxildir.

Səhiyyə rəsmiləri deyirlər ki, koronavirus xəstələri üçün kifayət qədər çarpayı fondu var. Amma sosial şəbəkələrdə bütün xəstəxanaların dolu olduğunu yazırlar. Əslində vəziyyət necədir?

Hazırda 24 pandemiya müəssisəsi fəaliyyət göstərir. Onlardan 13 tibb müəssisəsi Bakı və Sumqayıt şəhərlərini, Abşeron rayonunu əhatə edir. 11 müəssisə isə regionlarda yerləşir. Əlbəttə ki, ehtiyat tibb müəssisələri mövcuddur. Xəstəliyin ən çox yayıldığı müddətdə və ehtiyac olduğu halda respublikamızda 40-a yaxın pandemiya müəssisəsi fəaliyyət göstərirdi.  

-Operativ qərargah hər gün 15-17 min test aparıldığını bildirir, bu zaman 3-4 min nəfərdə yoluxma aşkarlanır. Nəyə görə bu cür az test aparılır? Test olunanların sayını artırmaq olmazmı?

-Ölkədə koronovirus testi edən laboratoriyaların sayı 50-dir.  Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində əhalidən profilaktik test götürülməsinə dair hansısa qeyd yoxdur. COVID-19 testi virusun simptomları xəstələrdə müşahidə olunduğu zaman vətəndaşdan götürülür. Əgər koronavirus xəstəliyinin simptomları vətəndaşda yoxdursa, analiz götürülmür. Yəni test sayı özündə infeksiyanın əlamətlərini hiss edən vətəndaşların müraciət edib-etməməsindən asılıdır.

-Deyilənlərə görə təcili yardımın həkimləri onlarla kobud rəftara və yüklənməyə görə işdən kütləvi çıxırlar. Vəziyyəti düzəltmək üçün Səhiyyə Nazirliyi rezidentləri işə cəlb etməyə çalışır, amma qanun buna yol vermir…Bu deyilənlər nə dərəcədə doğrudur?

-Heç bir kütləvi işdən çıxma yoxdur. Bu məlumatlar həqiqətə uyğun deyil. Boş yerlər var ki, onları rezidentlərin hesabına doldurmaq planlaşdırılır. Təcili yardımda işləmək istəyənlər üçün iş elanları artıq KİV-lərdə dərc edilib. Bunlar könüllü həkim-rezidentlər də ola bilər. Habelə reanimatoloqlar, həkim-infeksionistlər və terapevtlər tələb olunur.

-Adamlar testin qiymətinin, KT müayinəsinin və dərmanların baha olmasından şikayətlənirlər. Bu sahədə qiymət tənzimlənməsinə gedilməsi nəzərdə tutulurmu?

 COVID-19 simptomlarını hiss etdikdə analizin verilməsi üçün ilk növbədə yaşayış yeri üzrə poliklinikaya (Ailə Sağlamlıq Mərkəzi) müraciət olunmalıdır. Poliklinika tərəfindən evdə COVID-19 testinin götürülməsi təmin edilir. Təcili və təxirəsalınmaz hallarda isə təcili yardıma müraciət edilməlidir. Hər iki halda  testin götürülməsi dövlət tərəfindən ödənişsiz olaraq qarşılanır. Özəl tibb müəssisələrində isə COVID-19 testinin götürülməsi ödənişlidir və qiymət bazar iqtisadiyyatına uyğun tənzimlənir.

COVID-19 xəstələrinin stasionar şəraitdə müayinə və müalicələri dövlət hesabına həyata keçirilir. COVID-19 xəstələri üçün ambulator şəraitdə dərman preparatlarının təminatı məsələsinə gəldikdə isə yuxarıda da bildirildiyi kimi, dərman vasitələri dövlət tərəfindən təmin olunur. KT müayinəsi həkim göstərişi ilə sığorta hesabına keçirilə bilər.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …