Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Rusiya-Ukrayna savaşının 45-ci GÜNÜ: Kremlin uğursuz “9 May” planı – TƏHLİL

Rusiya-Ukrayna savaşının 45-ci GÜNÜ: Kremlin uğursuz “9 May” planı – TƏHLİL

45 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2515 ədəd, avtomobil texnikası – 1432 ədəd, səhra artilleriyası və minaatanları – 344 ədəd, zenit-raket kompleksləri – 245 ədəd, təyyarələr – 128 ədəd, helikopterlər – 138 ədəd, PUA-lar – 450 ədəd, gəmi-kater – 7 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2188 ədəd, avtomobil texnikası – 1689 ədəd, səhra artilleriyası və minaatanlar – 845 ədəd, zenit-raket kompleksləri – 157 ədəd, təyyarələr – 72 ədəd, helikopterlər – 31 ədəd, PUA-lar – 135 ədəd.

Ukrayna-Rusiya müharibəsinin qırx beşinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 45-ci gün ərzində döyüşlər əsasən Xarkov, Nikolayev, Donbas, Donetsk, Luqans, Mariupol ərazilərində gedib:

“Ötən sutka ərzində Rusların 9 tankı, 7 zirehli maşını, 2 helikopteri məhv edildi. Ukraynanın şərqindəki Donbas, Donetsk və Luqansk vilayətlərində Rusiya qoşunlarının yeni, genişmiqyaslı hücumu hazırlanır. Ruslar hücum əməliyyatlarına hazırlıqlarını tamamlamaq üzrədir. Bu səbəbdən Rusiyanın Ukraynadakı qoşunlarına yeni komandan – ordu generalı A. Dvornikov təyin edildi. Bu zərurətdən yaranan bir addım idi. Son zamanlar əməliyyatlar teatrında baş verən uğursuzluqların aradan qaldırılması üçün ən uyğun addım bu ola bilərdi. Çünki ordu generalı Dvornikov 2015-2016-cı illərdə Rusiyanın Suriyadakı hərbi kontingentinə başçılıq edib və döyüş təcrübəsinə malik olan birisidir. Həm də Rusiya Federasiyasının Qəhrəmanıdır. Onun əsas tapşırıqlarından biri yeni hücum qruplaşmasına daxil olan birlik, birləşmə və hərbi hissələrin hücumda ümumi koordinasiyasını təşkil etmək və qarşıya qoyulan tapşırıqların qüsursuz yerinə yetirilməsinə nail olmaqdır. Onun buna nə qədər nail olacağını önümüzdəki günlərdə görəcəyik.

Düşünürəm ki, rusların birinci gündən bu günədək əsas zərbə istiqamətlərində birinci eşalonda əməliyyatlarda iştirak etmiş qruplaşmalarının 20-25 faizinin artıq sıradan çıxarılmış olması ikinci fazanın uğurlu olacağını da şübhə altına alır. Generallar dəyişdirilə bilər. Amma ordunun ümumi döyüş hazırlığı aşağı səviyyədədirsə,  uğursuzluqlar qaçınılmaz olacaq. Nəzərə alsaq ki, döyüş hazırlığı yüksək olan bölmələr birinci fazada əməliyyatların ən qızğın yerlərində istifadə olundu və əsas ehtibarı ilə sıradan çıxarıldı. Heç bir ordu ikinci eşalonda daha hazırlıqlı qüvvələr saxlamır. Dolayısı ilə onların əlində ikinci eşalonda və ehtiyyatda olan qüvvələr heç də əvvəlkilərindən hazırlıqlı deyil. Amma əmr əmrdir. Yenə də cəhd edəcəklər. Onsuzda bütün əsaslandırılmamış itkiləri göz önünə alırlar. Yeni komandanın, özünün “strateji zəkasını” hansı qüvvələrlə və necə sahəyə yansıdacağını açıqcası görmək istərdim.

Ruslar müharibənin başlanğıcında hansı səhvləri buraxırdılarsa, indi də təkrar edərək gedirlər. Yəni Ukrayna ordusunun artan qüvvələr nisbətini hesaba qatmırlar.

Bu gün Böyük Britaniyanın Baş naziri Boris Consonun Kiyevə səfəri günə öz damğasını vurdu. Bu səfərin arxasında çox güclü məsajlar var. Nəzərə alsaq ki, Andre Merkeldən sonra Avropanın ən güclü siyasi liderlərindən birinə çevrilən Boris Conson bununla Rusiyaya biz səndən qorxmuruq məsajı vermiş oldu. Bu səfər “Ukrayna tək deyil, sən bizim hamımızla vuruşursan” kimi oxunmalıdır. Bu da öz növbəsində əməliyyatlar teatrına hərbi gücün təzahürü kimi yansıyacaq və Rusiya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq.

Artıq əməliyyatlar teatrında bir tərəfdə Ukraynanı bir başa hərbi, texniki, maddi və iqtisadi resurslarla dəstəkləyən 29 ölkənin hərbi gücünü özündə ehtiva edən Şimali Atlantika Alyansı, digər tərəfdə isə hər gün artan templə itkilər verən Rusiya-Belarusiya hərbi gücü. Bütün müharibələr tərəflərin güc nisbətləri üzərindən planlanar və davam edər. Bu güclər nisbətini orta məktəb şagirdi də asanlıqla hesablaya bilər. ”Rus strateqləri”nin bunu niyə etmədikləri çox təəccüblüdür. Düşünürəm ki, ilk başda ruslar öz hesablarına yalnız Ukrayna ordusunu almışlar. Həm də onlar düşündüyü kimi bir həftəyə təslim olacaq bir Ukrayna ordusunu.

45-ci günün nəticələri göstərir ki, Ruslar hələ də Sovet ordusunun taktikasını təbiq etməkdə israrlıdır. Halbuki sovet ordusunun bu taktikası Əfqanstanda acı sonluqla bitmişdi. Artıq klassik hücum taktikaları çoxdan tarix olub. Arxa cəbhədən hücum hədlərinə kalonlarla hərəkət taktikası ömrünü çoxdan bitirib. Texnoloji silahlarla silahlanmış ordular üçün kalonlarda zirehli texnikanı sıradan çıxarmaq sadəcə zaman məsələsidir. Kalonlarda və toplanma yerlərində açıq hədəfə çevrilən texnikaları bu silahlardan heç cürə qorumaq mümkün olmur. Ukraynalılar isə tam əksini edirlər. Qərb təlimatçılarının rəhbərliyi altında bir neçə ildir tətbiq etdikləri manevr döyüşləri taktikası öz effektivliyinin zirvəsinə çatır. Hərbi güc nisbətindəki böyük fərqi anlayaraq, tank və təyyarə əleyhinə müasir silahlarla silahlanan mobil qrupların hərəkətlərinə, iri yaşayış məntəqələrinin, ilk növbədə regional mərkəzlərin müdafiəsinə, düşmən bölmələrinin əlaqəsinin kəsilməsinə üstünlük verirlər. Səkkiz il ərzində yetişdirdikləri xüsusi təyinatlı qruplar ilə sahədə daha mobil və üstündürlər. Dəqiq silahları fərdi istifadə etmə bacarığı güc nisbətini birə-beş qat onların lehinə çevirir. Bu onu göstərir ki, ukraynalılar gələcəkdə mümkün olan təhlükələri düzgün qiymətləndirərək həqiqətən də müharibəyə real hazırlaşıblar. Rusların siyasi və hərbi ambisiyalarını ordu əməliyyatlar teatrında dəstəkəyə bilmir. O zaman sual olunur, hazırlıqsız ordu ilə müharibəni başlamaq nəyə lazım idi? Bu qədər itkilər nə ilə əsaslandırılacaq? Ruslar özləri deyirlər ki, Rusiya zatən “qadınlar” ölkəsidir. Belə ki, əhalinin kişi cinsinin bir hissəsini müharibələr aparıb və aparır, bir qismi həbsxanalardadır, bir qismini də narkotik və “vodka” bitirir. Əslində bu səbəbdən dünyada müharibəyə ehtiyacı olan son ölkə Rusiya olmalıdır. Fərqində olsalar…

Düşüncələrimin tam əksinə, önümüzdəki günlərdə Rusiya Federasiyası Müdafiə Nazirliyinin əsas məqsədi-qələbə gününün qeyd olunduğu 9 may tarixinədək yeni əraziləri nəzarətə götürərək ciddi uğura nail olmaqdan ibarət olacaq. Mariupol və Nikolayev şəhərlərini ələ keçirərək həmin yaşayış məntəqələri üzərində tam nəzarətə nail olmaq da Rusiya qoşunlarının operativ hədəflərindəndir.

Krımla Donbas arasında quru yolla dəhlizin yaradılması strateji hədəfə çatmaq kimi qiymətləndiriləcək. Düşünürəm ki, bu çılğın və əsaslandırılmamış hədəflər üzərinə sərf etdikləri effort üfüq də Rusiya qoşunlarının Ukraynadakı hərbçilərinə yaxşı heç nə vəd etmir…

Nəticələr üzərinə proqnozlarımızın doğru olub olmayacağını önümüzdəki günlərdə görəcəyik…”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …