Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Qız qalası” qızıla dönüb, yox xəbəri…

“Qız qalası” qızıla dönüb, yox xəbəri…

Əcnəbi turistlər onlar üçün biletin baha olmasından gileylidir

Bakının simvollarından biri, bəlkə də birincisi olan “Qız qalası” həm yerli, həm də əcnəbi turistlərin hər zaman maraq dairəsində olub, ziyarət edilib. İstirahət günündə İçərişəhər gəzintisinə çıxdığımız zaman abidəyə turist axını olduğunu görüb buradakı yeniliklər, son vəziyyətlə maraqlanmağa çalışdıq. İlk növbədə abidədən bir qədər kənarda yerləşən kassaya yaxınlaşıb, bilet almaq istədik.


Bilet ödənişləri barədə kassanın üzərində kifayət qədər aydın şəkildə informasiya qeyd olunub. Yerli vətəndaşlar üçün böyüklərdən bilet pulu 2 manat, tələbələrdən 1 manat, məktəblilərdən 20 qəpik, bələdçi xidmətinə görə isə 3 manat tələb olunur. Məktəbəqədər uşaqlar, eyni zamanda internat və uşaq evlərinin məktəbliləri, hərbi xidmətdə olan qulluqçular, I-II qrup əlillər, milli qəhrəman və şəhid ailələri, müharibə veteranları, muzey əməkdaşları üçün giriş pulsuzdur.

Əcnəbi turistlərə gəldikdə, böyüklər üçün giriş 15 manat, tələbələr üçün 6 manat, məktəbli uşaqlar üçün 20 qəpik, yaşından asılı olmayaraq hər kəsdən bələdçi xidmətinə görə 20 manat, multimedia bələdçiliyinə görə 15 manat tələb olunur. Əcnəbilər üçün biletin 15 manata qədər bahalaşması isə təəccüb doğurur. Çünki ötən il bu rəqəm 12 manat, 2017-ci ildə isə 8 manat idi. İki il ərzində biletin 2 dəfə bahalaşmasına gəldikdə, abidə əməkdaşlarının birinin dediyinə görə, dünya muzeylərində də bu cür təcrübə var.



Bilet növbəsində dayanarkən bir məsələnin şahidi olduq. Əslən Cənubi Azərbaycandan olan ər-arvad gülər üzlə “Biz də azərbaycanlıyıq, əcnəbi hesab olunuruq?” deyə soruşduqda, kassir “Bəli, yerli vətəndaş olmadığınız üçün 15 manat ödəməlisiz” cavabını verdi. “Biz qalanı görmək istəyirik, amma ikimizə bilet pulu 30 manat edir, çox bahadır” deyib kassadan uzaqlaşdılar. Bir neçə dəqiqəlik abidəni kənardan izlədikdən sonra yollarına davam etdilər…

Biz isə 2 manat ödəyərək, bilet alıb abidəyə daxil oluruq. 

Bu günə qədər abidə haqqında yüzlərlə əfsanə, rəvayət var. Onların da əksəriyyətin sonu bu cür bitir: gənc qız qalanın başına çıxır, özünü Xəzər dənizinə atır. Xatırladaq ki, abidədə 2009-2013-cü illərdə bərpa işləri aparılıb. Burada multimedia ekspozisiyası isə 2014-cü ildən fəaliyyətə başlayıb. 
Beləliklə, təxminən 3 il sonra yenidən bu abidəni kəşf etməyə çalışırıq. Qala səkkiz mərtəbədən ibarətdir. İlk mərtəbədə biletimizi təhvil verib, elə bu mərtəbədə ayrıca vitrində yerləşdirilən mədəniyyət nümunələrini nəzərdən keçiririk. Verilən informasiyadan da məlum olur ki, nümunələr abidədə yerləşən su quyusundan tapılıb. Daha sonra dəmir pilləkənlərlə yuxarı qalxırıq. İlk baxışdan da ayırd etmək mümkündür ki, pilləkənlər sonradan yaradılıb. Məlum olduğu kimi, qədimdə 1 və 2-ci mərtəbəni əlaqələndirən bu pilləkənlər olmayıb. Məlumatlara görə, bunun üçün insanlar kəndir və yaxud asma nərdivanlardan istifadə edib. 

İkinci mərtəbədə divarlarda monitorlar yerləşdirilib. Burada qalanın hansı təyinatlarla fəaliyyət göstərdiyi haqda məlumatlar nümayiş etdirilir. İddialara görə, qala dini məqsədlərlə tikilib və atəşpərəstlərin məbədi olub. Digər iddialara görə isə qala düşməndən müdafiə məqsədilə tikilib. Başqa maraqlı iddialar da var, onlardan biri də budur ki, qala göy cisimlərini öyrənən rəsədxana olub.



Üçüncü mərtəbədə su quyusu var, hansı ki, içəri qayadan ovulub və divar boyu aşağıya doğru davam edir. İddialara görə, onun bu cür gizlin yaradılması təhlükəsizliklə bağlı olub. Araşdırmalar onu göstərib ki, quyunun dəniz suyu səviyyəsi ilə heç bir əlaqəsi yoxdur və içmək üçün tam yararlıdır. Digər ehtimallara görə isə bu su quyusu qədimdə Qız qalası və Şirvanşahlar Sarayı arasında gizli yeraltı yolun başlanğıcı olub. 
Dördüncü mərtəbədə İçərişəhəri əks etdirən maketi görmək mümkündür. Beşinci mərtəbədə isə izləyicilər üçün elektron kitab yerləşdirilib. Kitablarda Qız qalası barədə beş əfsanə, əsərlər, filmlər, musiqilər barədə məlumatlar əksini tapır. Həmçinin kitabda alman səyyahı Engelbert Kempferin Bakının mənzərəsi ilə bağlı rəsm də yer alıb. 

Qalanın yuxarı mərtəbələrinə qalxdıqca çoxsaylı turistlərlə rastlaşırıq. Onların əksəriyyəti yerli vətəndaşlar, məktəblilərdir. Əcnəbi turistlər də az deyil, onlar əsasən ailəliklə qalanı ziyarət edən ərəb turistləri və avropalılardır. İrandan olan turistlər isə gözə dəymirdi. Qaladakı əməkdaşlardan birinin dediyinə görə, iranlı turistlər əsasən Novruz bayramı ərəfəsində təşrif buyurur. Ümumilikdə isə gün ərzində abidənin 100-ə yaxın ziyarətçisi olur. Həftə sonları bu rəqəm bir qədər də artır. 

Altıncı-yeddinci mərtəbələrdə innovativ təchizatlar yerləşdirilib. Burada həmçinin səkkizgüşəli maketdə müdafiə silahları, qədim məbəd haqqında qısa informasiyalar var. 

8-ci mərtəbə daha da maraqlıdır. Çünki bu mərtəbənin əvvəllər əsasən rəsədxana kimi istifadə olunması haqda məlumatlar var. Belə ki, qalanın pəncərələri, kontre-forsu (dayaq çıxıntısı) və bəzi struktur keyfiyyətləri müəyyən günlərdə günəşə baxır. Qalanın 4-cü mərtəbəsindən başlayaraq pəncərələr günəşin hərəkətini tənzimləyir. Məsələn, 22 dekabr qış gecə-gündüz bərabərliyi zamanı günəşin şüası 1-ci mərtəbəyə düşür. Həmin proses digər bərabərlik günlərdə də müşayiət olunur.



Nəhayət, qala ziyarətçilərinin ən çox sevdiyi məkan, qalanın ən möhtəşəm, hündür hissəsinə qalxırıq. Xatırladaq ki, qalada aparılan son bərpa işlərinə qədər burada tez-tez intihar hadisələri baş verirdi. Nəticədə son olaraq qalanın panorama hissəsinin kənarları boyunca 2 metr hündürlüyündə şüşə bəndlər yerləşdirilib. 

Adəti üzrə qalanın bu hissəsində turistlər panoramanın fonunda bolluca şəkillər çəkdirər, İçərişəhəri daha aydın, hündürlükdən izləmək şansını dəyərləndirir. Burada da yerli turistlərlə söhbətləşməyə çalışırıq. 

Aysel adlı gənc ana övladını ilk dəfədir ki, bura gətirdiyini bildirdi. Onun sözlərinə görə, övladı əvvəl qalanın başında qorxu hissi keçirsə də, sonradan ona çox maraqlı gəlib. Lakin burada adət etdiyimiz mühafizəçiyə rast gələ bilmədik. Hətta şəhərin panoramasını izlədiyimiz zaman psixoloji problemi olan bir qadın şelfi çəkməsinə bizim mane olduğumuzu deyib, dava etməyə başladığı zaman da polis əməkdaşlarından gözə dəyən olmadı…
Onu da xatırladaq ki, Qız qalası Azərbaycan dövləti tərəfindən dünya əhəmiyyətli abidə kimi qorunur və YUNESKO-nun Ümumdünya Mədəni irs Siyahısına daxildir.


Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …