Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Məhkəmədə Hacıbala Abutalıbovun qanunsuz sərəncamı haqda danışıldı

Məhkəmədə Hacıbala Abutalıbovun qanunsuz sərəncamı haqda danışıldı

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri, tarixi abidə sayılan yaşayış binasının sökülməsi üçün qanunsuz sərəncam verməkdə ittiham olunan Rasim Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

virtualaz.org-un xəbərinə görə, prosesdə R.Quliyevin vəkili Rəsul Yusifbəyli çıxış edərək müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib. Müdafiəçi sözügedən cinayət işində adı hallanan şəxslərin məsuliyyət cəlb olunmadıqlarını bildirib: “Rasim Quliyevə ittiham verilirsə, ondan öncə o birilərə də ittiham verilməli idi. Hökmdə bunlar hamısı cavablandırılmalı, sonra qərar verilməlidir. Məhkəmə prosesində dindirilən əsas şahid heç bir suala cavab verə bilmədi, ittihamı təsdiq ya təkzib edəcək bir söz deyə bilmədi. Baş fiqurantlar hamısı kənarda qaldı. Məhkəmədən xahiş edirəm, sübutları araşdırıb obyektiv qərar versin”.

Sabiq Aparat rəhbərinin digər müdafiəçisi Ədalət Mövlayev replika hüququndan istifadə edərək çıxış edib. Müdafiəçi çıxışında sözügedən sərəncamın sübutlar siyahısından çıxarılmasını məhkəmədən xahiş edib: “Bakı şəhər icra hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov 2017-ci ilin oktyabrında əsasnaməni pozaraq Quliyevin icra başçısının müavini səlahiyyətlərini müvəqqəti icra etməsinə dair qeyri-qanuni sərəncam verib. Qeyd edim ki, yerli icra hakimiyyətinin başçılarının müavinlərini yalnız prezident təyin edir. Belə olan halda istintaq orqanı qeyri qanuni olaraq Hacıbala Abutalıbovun sərəncamını sübut kimi qiymətləndirib. Ona görə bu sərəncam sübut növü sayıla bilməz”.

Daha sonra təqsirləndirilən şəxsə son söz verilib. R.Quliyev sön sözlə çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi dekabrın 23 -də davam edəcək.

Xatırladaq ki, R.Quliyev Bakının D.Əliyeva küçəsində tarixi binanın sökülməsinə, yerində “FF-2011” şirkəti tərəfindən çoxmərtəbəli binaların tikintisinə icazə verilməsinə dair qanunsuz sərəncam verməkdə günahlandırılır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …