Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Lotte Choco Pie” erməni yox, Cənubi Koreya məhsuludur” – Rəsmi açıqlama

“Lotte Choco Pie” erməni yox, Cənubi Koreya məhsuludur” – Rəsmi açıqlama

Son günlər bir neçə xəbər saytında “Lotte Choco Pie” şirniyyatlarının Ermənistan istehsalı olması barədə məlumatlar yayılıb. Media bu xəbəri yayımlayarkən məhsulun paketinin üzərində ermənicə qeydlər olmasını əsas gətirib. Bu məsələni araşdırmaq üçün bu məhsulları Azərbaycana idxal edən “N.A.N.T” şirkətinə müraciət etdik.

Şirkətin idxal üzrə meneceri Elnur İbrahimov “Qafqazinfo”ya müsahibəsində bildirib ki, yayılan məlumatlar tamamilə yanlışdır:

““Lotte Choco Pie” Cənubi Koreya brendidir, Rusiyada da zavodu var. Biz məhsulları Rusiyadakı zavoddan alırıq. Bununla bağlı həmin zavodla müqaviləmiz də var. Bu məhsul beynəlxalq brend olduğu üçün dünyanın bir çox ölkələrinə ixrac olunur. Rusiyadakı zavodda isə MDB ölkələri üçün istehsal nəzərdə tutulub. Buna görə də paketin üzərində təkcə Azərbaycan və ya təkcə Ermənistan yox, bütün MDB ölkələrinin dillərində məhsulun tərkibi və saxlanma qaydası barədə qeydlər var. Paketin üzərində Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Qırğızıstanın dövlət dilində məlumatlar qeyd olunub. “Lotte Choco Pie” Cənubi Koreyanın məhsuludur, biz də onların Rusiyadakı zavodundan alıb idxal edirik.

Azərbaycanın “Dil haqqında” qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycana idxal olunan bütün məhsulların üzərində Azərbaycan dilində qeyd olmalıdır, əgər yoxdursa, xüsusi yarlıqla əlavə olunmalıdır. “Lotte Choco Pie” məshullarının üzərində birinci rus, ikinci Azərbaycan dili qeyd olunub. Eyni zamanda onu da bildirək ki, gömrük bəyannamələrində də bu məhsulun hansı şirkət tərəfindən harada istehsal olunması haqda məlumatlar öz əksini tapıb. Qida Təhlükəsizliyi Agentliyi də “Lotte Choco Pie” məhsullarını Azərbaycana idxal etməyimizə rəsmi icazə verib. Həmçinin, bizim hər yük maşını gömrük məntəqəsinə daxil olduqdan sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülür və laborator müayinədən sonra ölkəyə girişinə icazə verilir. Yəni, “Lotte Choco Pie” Azərbaycanın dövlət qurumlarının nəzarəti altında və Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkəyə idxal olunur”.

E. İbrahimov araşdırılmamış bu yanlış məlumatları yayan şəxslər və media orqanları ilə bağlı məhkəməyə müraciət etmək hüquqları olduğunu da xatırladıb:

“Lakin hələlik bu hüququmuzu özümüzdə saxlayırıq. Bu yanlış məlumatların bir neçə saytda davamlı olaraq yayınlanması bizdə şübhə yaradır ki, bu, məqsədli şəkildə həyata keçirilən qara piar kampaniyasıdır. Bu cür yalan məlumatların tirajlanması davam edəcəyi təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Son günlər yayılan bu araşdırılmamış yanlış məlumatlar şirkətimizin həm imicinə, həm də maddi vəziyyətinə mənfi təsir edib”.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onlara daxil olan məlumatlara əsasən əmtəə bazarında araşdırmalar aparıblar və bu nəticəyə gəliblər ki, “Lotte Choco Pie”məhsullarının Azərbaycanda satışına heç bir məhdudiyyət yoxdur:

“Birmənalı şəkildə qeyd edirəm ki, “Dövlət dili”, “İstehlakçıların hüquqları” və “Yeyinti məhsulları” haqqında qanunlar, Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, ölkənin əmtəə bazarında olan bütün mallar xarici dillə yanaşı, həm də Azərbaycan dilində markalanmalıdır. Bu, istehlakçıların məhsul haqqında məlumat almaq hüquqlarından biridir. O malın üzərində ki bir neçə dillə yanaşı, o cümlədən erməni dili ilə yanaşı Azərbaycan dilində məlumat varsa, bu qanunidir və mənbəyi barədə heç bir şübhə yarana bilməz. Ona görə də “Lotte Choco Pie” tam qanunidir”.

Murad Əhməd

Fotolar+ Video: Pərvin Zeynal

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …