Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / İslam mədəniyyətinin və gənclərin paytaxtı – Naxçıvan illərin zəhmətini bütün dünyaya təqdim edir

İslam mədəniyyətinin və gənclərin paytaxtı – Naxçıvan illərin zəhmətini bütün dünyaya təqdim edir

Naxçıvan Azərbaycanın “Gənclər Paytaxtı” seçilib. Azərbaycanın bu qədim diyarı 2018-ci il üçün həm də “İslam Mədəniyyətinin Paytaxtı”dır. Gənclik müasirlik və yenilikdir. 2018-ci ildə Naxçıvanda qədimliklə müasirlik birləşir. İllərdir, həyata keçirilən tədbirlər məhz bu amala xidmət edib: Qədimliyi qorumaqla Naxçıvanı yeniləşdirmək, inkişaf etdirmək və müasirləşdirmək. Bu il Naxçıvan illərin zəhmətini bütün dünyaya təqdim edir.

Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olunmasına dair qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdürsə, onun “Gənclər Paytaxtı” olması muxtar respublikada müasir, intellektli və savadlı gəncliyin yetişdirildiyinin göstəricisidir.

Son 25 ildə muxtar respublikada təhsi sahəsində həyata keçirilən tədbirlər savadlı, dünyagörüşlü, vətənpərvər gəncliyin yetişdirilməsinə şərait yaradıb. Gənclərlə iş muxtar respublikada ciddi diqqət yetirilən sahələrdən birinə çevrilib. Ona görə ki, ölkə­mizin gələcəyi gənclərdən asılıdır. Hələ 1996-cı ilin fevral ayında keçirilən Naxçıvan Muxtar Respublikası Gənclərinin Birinci Forumunda bu sahədə görüləcək işlərin vacibliyinə diqqət çəkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Dövlət və ictimai təşkilatların yaxından köməyi olmadan gənclərin üzləşdikləri problemləri onların öz gücləri ilə aradan qaldıracaqlarını güman etmək yersizdir. Dövləti vəzifə ilə yanaşı, insanlıq borcunu da düşünmək lazımdır. Gəncliyin problemi hamımızın probleminə çevrilməli, sosial cəhətdən zəif olan bu təbəqəyə bacardığımız qədər kömək əlimizi uzatmalıyıq”.

Müasir Naxçıvanın intibah tarixinin əsasının qoyulduğu 1995-ci ildən sonra bu sahədə həyata keçirilən ardıcıl tədbirlər artıq öz bəhrəsini verib. Vətənə xidmət amalı ilə yetişdirilən bu günün gənc­ləri nazirdir, komitə sədridir, deputatdır, fəlsəfə və elmlər doktorudur, Avropa və dünya çempionudur, mükəmməl kompüter mühəndisidir, uğurlu açıq ürək əməliyyatı aparan həkimdir. İndi yetişən gəncliyin vətənpərvərlik tərbiyəsi çox yüksək səviyyədədir. Bu gün Naxçıvanda hər bir gəncin qarşısında bir tarixi vəzifə qoyulub: Vətənin keşiyində duraraq ona xidmət etmək, bununla ölkəmizin inkişafına nail olmaq, Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmək.

Muxtar respublika rəhbərinin Vətən sevgisi, doğma torpağa bağlılığı, qətiyyət və iradəsi, böyük yaradıcılıq enerjisi hər kəsə nümunədir. Və bu nümunənin işığında böyük vətənpərvərlər ordusu, yaradıcı, qurucu gənclik yetişir. O gənclik ki gələcəkdə nəinki Naxçıvanı daha böyük tərəqqiyə qovuşdurmaq, onun zorla əlindən alınmış tarixi torpaqlarını belə bərpa etmək əzmindədir.

Elə Naxçıvanın “Gənclər Paytaxtı” seçilməsində muxtar respublika gənclərinin əzmi, qalib olacaqlarına inanmaları mühüm rol oynayıb. İllərdir ki, o torpağı dim-dik ayaqda saxlayan orada yaşayan insanların inamıdır. Naxçıvan gəncləri bütün çətinlikləri aşacaqlarına, bütün yarışlardan qalib çıxacaqlarına, uğur qazanacaqlarına inanırlar. Çünki onlar məhz belə yetişdirilir. İnanın, naxçıvanlıların içində nəyəsə inam olmasa, o torpağı bir gün də qoruyub saxlamaq mümkün olmaz. Üç tərəfdən düşmən əhatəsində olan, illərdir, blokada şəraitində yaşayan Naxçıvan hər gün sürətlə inkişaf edir, naxçıvanlılar qurub-yaradırlar. Bilirsinizmi niyə. Ona görə ki, onlar gördükləri işin nəticəli olacağına inanırlar. Naxçıvanda yaşamayanlar bunu bilə bilməzlər. Naxçıvanlılar hətta bir gün Azərbaycan dövlətinin Zəngəzuru ermənilərdən geri alacağına, muxtar respublikanın blokadadan çıxacağına da inanırlar. Bu inamla naxçıvanlılar birləşməyi bacarırlar. Bunu bacardıqları üçün Naxçıvanı qoruya bilirlər. Naxçıvanın “Gənclər Paytaxtı” seçilməsi münasibətilə yazılan təbrik məqalələrini oxuyanda həmkarım və dostum Səməd Canbaxşiyevin yazısında bir məqam diqqətimi çəkdi. Bəli, biz də o fikirdəyik: “Lazım olan məqamda Naxçıvan uğrunda istənilən səviyyədə birləşmək nümunəsini bizə hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyev göstərib. Bu gün isə bu ənənənin davamı gənclərə yaradılan şərait, göstərilən diqqət və qayğı ilə özünü büruzə verir”.

Teodor Ruzvelt deyirdi ki, harda olursunuz olun, əlinizdəkilərlə edə biləcəklərinizi edin. Naxçıvan gəncləri əlindən gələnləri deyil, gücü çatmayanları da etməyə çalışır. Çünki öz torpağına bağlıdır, vətənini, yurdunu dərin məhəbbətlə sevir. Bütün bunların nəticəsidir ki, Naxçıvan ölkəmizin “Gənclər Paytaxtı”dır.

Sağlam rəqabətlə seçilən “Gənclər Paytaxtı” əlbətdə ki, simvolik məna daşıyır. Məqsəd ölkə gənclərini bir yerə tolamaq, bütün bölgələrimizi tanıtmaq və təbliğ etməkdir. Ötən il Balakən “Gənclər Paytaxtı” seçilmişdi. Orda xeyli tədbirlər keçirildi, Azərbaycanımızın bu bölgəsi tanıdıldı, təbliğ olundu. Bu il də Naxçıvan Azərbaycan gəncliyinə daha da yaxından tanıdılmaq fürsəti qazanıb. Ölkəmizin müxtəlif bölgələrindən Naxçıvana gedəcək gənclər orada məhz gənclərə yaradılan şəraitin şahidinə çevriləcək, muxtar respublika ilə tanış olacaqlar. Naxçıvan bu il həm gənclər, həm də İslam mədəniyyətinin paytaxtı kimi dünyada daha yaxşı tanıdılacaq.

“Gənclər Paytaxtı” seçilməklə Naxçıvan həm də sapı özümüzdən olan baltalara yaxşı bir cavab və dərs verdi. Hə, “cənablar”. Bəs Naxçıvanda internet yox idi? Orada gəncləri internetdən istifadə etməyə qoymurdular? Nə oldu? Naxçıvanı “Gənclər Paytaxtı” Lənkəranın, Qubanın, Qusarın, Gəncənin gəncləri seçdi? Heç xəcalət çəkirsinizmi? Xəcalət çəkmək üçün gərək azda olsa adamın mənəviyyatı ola.

O ki qaldı bu il keçiriləcək tədbirlərə, Naxçıvan bütün tədbirləri uğurla reallaşdıracaq. Çünki bunun üçün Naxçıvanda müasir şərait var. Son illər muxtar respublikada tikilib istifadəyə verilən universitet binaları, idaman kompleksləri, gənclik və əyləncə mərkəzləri “Gənclər Paytaxtı” ilində bütün tədbirlərin ən yüksək səviyyədə keçirilməsinə imkan verir.

Qeyd edək ki, “Gənclər Paytaxtı” “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq müsabiqə yolu ilə seçilir. Dövlət Proqramının müvafiq bəndinə əsasən proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin “Gənclər Paytaxtı” elan edilməsi nəzərdə tutulub. “Gənclər Paytaxtı”nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi daşıyır.

Naxçıvan gənclərini bu adı qazanmaları münasibətilə təbrik edirik.

Tural Səfərov

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …