Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Gömrükdə şortik qadağası və digər qadağalar…

Gömrükdə şortik qadağası və digər qadağalar…

AzadlıqRadiosunun türkmən xidmətinin Türkmənistandakı müxbirləri geyim satışıyla məşğul olan şəxslərə istinadən xəbər verirlər ki, hazırda özəl dükanlar qadağadan öncə gətirilmiş çimərlik geyimləri və şortlardan qalanları satır.

«Gömrükdə çimərlik geyimləri və şort keçirməyə icazə vermirlər. Çimərlik mövsümü yaxınlaşdıqca, bu mallara tələbat da artır. Ancaq gömrük əməkdaşları bu qadağanın səbəbini izah etmirlər», – radionun Türkmənistan müxbiri deyir. Onun sözlərinə görə, son illərdə ölkədə yay vaxtı şort geyinmək həm qadınlar, həm də kişilər arasında çox populyarlaşıb. İndi isə görünür, Türkmənistan sakinləri ölkənin hava şəraitinə uyğun olan bu rahat geyim növündən imtina etməli olacaqlar. Qeyd edək ki, Türkmənistanda yay vaxtı havanın temperaturu 50 dərəcə Selsini keçə bilir.

«Bundan başqa, son zamanlar həm kişilər, həm də qadınlar arasında böyük tələbatın olduğu şortların da idxalına icazə verilmir. Yeni bazar kimi tanınan«tolkuçka»da şort satışı ilə məşğul olan dükanlar malsız qalıb. Şort və çimərlik geyimlərinin sadəcə, köhnə partiyalardan qalıqları qalıb», – deyə Azadlıq Radiosunun müxbiri bildirir.

Radionun sözügedən qadağayla bağlı Türkmənistanın gömrük xidməti rəsmilərindən şərh almaq cəhdləri nəticəsiz qalıb. Ancaq radionun müxbiri ilə anonimlik şərti ilə danışan gömrük əməkdaşı bu qadağanın «türkmən milli əxlaq normaları» ilə bağlı ola biləcəyini ehtimal etdiyini deyib. Ancaq o, qadağanın niyə məhz indi tətbiq edilməsinə aydınlıq gətirə bilməyib.

Bu, son həftələrdə Türkmənistan sakinlərinin geyim və zahiri görkəmi ilə bağlı ilk qadağa deyil. Ötən ayın sonu «Türkmənistan Xronikası» bildirmişdi ki, Aşqabadda dövlət qurumlarının qadın əməkdaşlarına dırnaq uzatmaq və boyamaq yasaqlanıb. Qadın məmurlar bundan başqa, süni kirpik taxa, saçlarını saralda və qızıl əşyalar taxa bilməzlər. Məlumatda deyilir ki, Türkmənistan gömrüyü açıqrəngli saç boyaları, habelə refle və saçın rəngini açmaq üçün kimyəvi vasitələri ölkəyə buraxmamağa başlayıb.

«Türkmənistan Xronikası» daha sonra yazır ki, hökumət dükanların rəflərində qalmış, saç rəngini açmaq üçün istifadə olunan vasitələri, dırnaq gellərini və bu qəbildən olan başqa malları da yığışdırmaq niyyətindədir.

Qeyd edək ki, Türkmənistan rəhbərinin özü saçlarını müntəzəm boyayır. Hakimiyyətinin ilk illərində prezident Qurbanqulu Berdıməhəmmədovun saçlarının bir qədər ağarmış olduğunu görmək olardı. Ancaq bir müddət keçəndən sonra o, imicini dəyişərək «can alan brünet»ə çevrildi.

Xatırladaq ki, Türkmənistan hökuməti artıq çoxdan, hələ əvvəlki prezident Saparmurat Niyazov-un vaxtından vətəndaşlarının zahiri görkəmi ilə bağlı müxtəlif yasaqlar tətbiq etməyə başlayıb. Yeri gəlmişkən, keçmiş prezident də ağ saçlarını tünd qara saç boyasının altında gizlədirdi. Müxtəlif vaxtlarda ölkədə qızıl dişlərə, uzun saçlara və saqqal saxlamağa qadağa qoyulub.

Bütün bunlardan əlavə, Türkmənistanda qadınların və qızların zahiri görkəmi ilə bağlı xüsusi tələblər var. Məsələn, 2013-cü ildən bir çox tədbirlərin qadın iştirakçıları, dövlət qurumlarının qadın əməkdaşları və yerli ali məktəblərin tələbələri eyni qırmızı rəngdə donlar geyməli, başlarına milli ləçək bağlamalıdırlar.

Son ayların ən çox səs-küylü qadağalarından biri hökumətin ölkədə qara rəngli bütün şəxsi avtomobillərin ağ rəngə boyanmasına dair qərarıdır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …