Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan
istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü,
Azərbaycan Respublikasının vətəndaşı, “xeberman.com” və “press-az.com”
informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl
oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində
saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə DTX-nın İctimai əlaqələr şöbəsi məlumat yayıb.
Müəyyən
edilib ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları
ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə
dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə
maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. O, xarici xüsusi
xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında
Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti
zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin
orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə
dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini
nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.
Polad
Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri
gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi
xidmət orqanı əməkdaşları ilə tanış edib.
İstintaq zamanı
Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi
maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə
əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov
törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib.
Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.