Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Bakıda geyim mağazaları açıldı, dərhal alver qızışdı, amma ticarətçilər məyusdur

Bakıda geyim mağazaları açıldı, dərhal alver qızışdı, amma ticarətçilər məyusdur

Sərt karantin rejimi və məhdudiyyyətlərin tətbiqi artıq öz təsirini göstərib. Son günlər sağalanların sayı yoluxanların sayını dəfələrlə üstələyib. Yoluxanların sayı ikirəqəmli göstəriciyə düşüb. Buna görə də Nazirlər Kabineti yanında Operativ Qərərgah avqustun 10-dan xüsusi karantin rejiminin növbəti dəfə yumşaldılmasına, iri ticarət mərkəzləri, mollar istisna olmaqla, digər mağazaların fəaliyyətinin bərpasına qərar verib.

Dünəndən etibarən bütün qeyri-ərzaq mağazaları fəaliyyətə başlayıb və təbii ki, yeni yoluxma dalğasının qarşısını almaq üçün obyekt sahiblərindən karantin rejimi və sanitar-gigiyenik qaydalara ciddi riayət etmək tövsiyyə olunur. Çünki mağazalarda kütləvi sıxlıq, sosial məsafənin qorunmaması yoluxma təhlükəsini yenidən artırır.

Virtualaz.orğ-un əməkdaşları paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən mağazalara baş çəkib, ciddi karantin rejimindən sonrakı vəziyyətlə maraqlanıblar. Bəlli olub ki, mağaza rəhbərlərinə tibbi maska taxmayan müştərilərin içəriyə buraxılmaması ilə bağlı xəbərdarlıq olunub, obyektlərin girişinə spirt və dezenfeksiyaedici məhlulların qoyulması tapşırılıb.

Buna görə də əksər mağazaların girəcəyində tibbi maska taxmayanların içəriyə buraxılmayacaqları ilə bağlı elanlar yapışdırılıb. Gün ərzində polislər və hərbi qulluqçular fəaliyyətinə icazə verilən obyektlərdə, əhalinin sıx olduğu yerlərdə reydlər keçirirlər. Lakin xəbərdarlıqlara baxmayaraq əksər mağazalarda sıxlıq müşahidə edilir. Bu isə karantin rejiminin yumşaldılmasından sonrakı narahatlığın əsaslı olduğunu sübut edir. 

Metronun “Əhmədli” stansiyasının yaxınlığında onlarla geyim mağazası var. Satıcılardan biri – Aysel Əmirova deyir ki, yayın son günləri olduğundan endirim etməklə malları satmağa çalışırıq. Çünki risk etməyə dəyməz, bir neçə gündən sonra nə qərar veriləcəyi bəlli deyil. Yoluxma artarsa mağazalar yenidən bağlana bilər. Satıcı içəridəki müştəri sıxlığı ilə bağlı onların məsuliyyət daşımadıqlarını  bildirib: “Biz tibbi maska ilə bağlı xəbərdarlıq edirik. Görürsünüz ki, özümüz də maska taxırıq”- sualı bir qədər aqressiv formada cavablandırıb.

“Bir az imkanı olanlar malları Türkiyədən onlayn sifariş edirlər”

Digər geyim mağazasında isə deyiblər ki, ötən ilin yayından qalma geyimləri satırlar. Türkiyədən və digər ölkələrdən mal gətirilməsi mümkün olsa da, karqo sərf etmir.

“Doğrusu, mağaza sahiblərinin çoxu malları özləri gətirirdilər. Ya da “Sədərək” yarmarkasındakı topdansatış mərkəzlərindən alırdılar. Bir tərəfdən də onlayn satış işlərini çətinləşdirib. Bir az imkanı olanlar Türkiyədən malları onlayn sifariş edirlər. Ona görə də sentyabradək nə satsaq qənimətdir”- satıcılardan biri deyib.

Geyim mağazasında işləyən satıcılardan biri isə deyib ki, 400 manat maaş alır. Mağazanın bağlı olduğu müddətdə onu işdən kənarlaşdırılmasalar da, maaşlarının yarısı ödənilib.

“Nə qədər alver olsa da, 5 aylıq zərəri ödəmir”

Metronun “Neftçilər” stansiyasının yaxınlığındakı mağazalarda da endirimlər var. Satıcılar bildiriblər ki, dünəndən bəri alver pis getmir. Müştərilər daha çox yay ayaqqabıları alırlar.

“Bu cins şalvarı 24 manatdan satıram. Bu qiymətə şalvar alan üçün nə dəb, nə də şalvarın hansı ölkədən gətirilməsinin fərqi yoxdur. Guya ki, hər il dəb dəyişir” – satıcı Ramil əlavə edib ki, nə qədər alver olsa da, 5 aylıq zərəri ödəmir. Pandemiyadan əvvəl bankdan kredit götürərək Çindən mal gətirib, satış olmasa da, krediti vaxtlı-vaxtında ödəyir.

Satıcılardan biri isə deyib ki, ailəsi ilə birgə kirayədə yaşayır. İşləmədiyi aylar ərzində ev sahibinə nə qədər borclu qalıb: “Vallah, keçən il bu koftanı 40 manatdan aşağı verməzdim. İndi 28 manata satıram ki, alınsın. Üstündə mənə cəmi 6 manat qalır. Gün ərzində nə qədər satmalıyam ki, həm yer pulunu verək, həm də evə bir tikə çörək aparaq”.

Yolunun əks istiqamətindəki tanınmış firmaların mağazalarındakı satıcılar isə vəziyyətlərinə şükür edirlər. Satıcı Fidan Mustafayeva bildirib ki, təki həmişə iş olsun, zərəri gec-tez ödəmək olar: “Hələ yaxşı ki mollar açılmayıb, hamı pulsuzluqdan şikayət edir. Amma gördüyünüz mağazalarda satılan çin mallarını iki-üç dəfə baha alırlar”.

Mağazalar açılıb, alver var, əhalinin uzunmüddətli sərt karantin rejimindən sonra getməyə, vaxt keçirməyə yerləri var. Amma sıxlıq və sosial məsafə gözlənilməsə növbəti dəfə sərt karantin rejiminin tətbiqi mütləqdir. Xəbərdarlıq vətövsiyyələr olunub. Bircə qalıb buna riayət etmək… 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …