Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Azərbaycanın bir foto ilə tanıdığı şəhid anası… – Videoreportaj

Azərbaycanın bir foto ilə tanıdığı şəhid anası… – Videoreportaj

Azərbaycan Yardımlının Əsədoba kəndində yaşayan Səkinə ananı Vətən müharibəsinin gedişində tanımışdı. “O fotodakı şəhid anası” idi Səkinə ana…

Adını bilməyənlər, tanımayanlar onu elə bu cür də təqdim edirdi. O, şəhid oğlu Cavid Sarhatovun tabutunu son mənzilə başının üzərində aparan anadır! 

Ananın belə addım atmasının çox həssas və maraqlı hekayəsi var. Səkinə Sarhatova bu barədə onun evinin qonağı olan “Qafqazinfo”nun əməkdaşlarına danışıb.

“Cavidin beş yaşı olanda bulağa getmişdik, orada üst-başını batırmışdı. Onu bulaqda çimizdirdim, ayağına tikan batmasın deyə, evə teştin içində, başımın üzərində gətirdim. Ermənilərin qolu qurusun, bilmədim Cavidi harasından vurub yaraladılar”, – deyir şəhid oğlu ilə birlikdə 8 övlad böyüdən qəhrəman ana.

Səkinə ana müharibə zamanı təkcə Caviddən yox, digər oğlu Səbuhidən də xəbər gözləyib. Gizir Cavid Sarhatovdan fərqli olaraq, Səbuhi Sarhatov ehtiyatda olan zabit kimi döyüşlərə çağırılıb, qardaşı şəhid olandan bir müddət sonra müdafiə nazirinin əmriylə ehtiyata buraxılıb.

Hazırda Yardımlıda şəhər məktəbində Azərbaycan dilli müəllimi kimi çalışan Vətən müharibəsi iştirakçısı şəhid qardaşını xatırlayarkən deyir: “Döyüşlərdə olduğum üçün Cavidin dəfnində iştirak edə bilmədim. Mən təkcə qardaş yox, bir hərbçi, bir zabiti, Azərbaycan isə öz müdafiəçisini itirdi. Əslində, analar bizim baş tacımızdır, amma anam şəhid oğlunu baş tacı etdi”.

Səkinə ana hər gün oğlunun məzarını ziyarət edir, hər gün ağladığını, bunu etməsə, ürəyinin sakitləşə bilmədiyini deyir. Bu, onun gözlərindən o qədər bəllidir ki…

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …