Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Agentura şəbəkəsinin açılması çox ciddi təlatümlərə, ailə faciələrinə gətirib çıxara bilər”

“Agentura şəbəkəsinin açılması çox ciddi təlatümlərə, ailə faciələrinə gətirib çıxara bilər”

Təhlükəsilik məsələləri üzrə tanınmış ekspert, keçmiş MTN zabiti İlham İsmayıl Latviyada DTK arxivlərinin açılmasını Moderator.az-a şərh edib:
“Latviya 20 dekabrda KQB arxivinin ən məxvi hissəsini-agentlərin, rezidentlərin, görüş mənzilləri sahiblərinin adları olan kartotekaları açıqlayıb. Niyə məhz 20 dekabrda? 20 dekabr 1917-ci ildə ÇK (Fövqəladə Komitə) yaranıb və həmin gün keçmiş çekistlərin peşə bayramıdır. Görünür, Latviya milli arxiv agentliyi bu günü simvolik olaraq seçib. Kartotekalar hələ ki, əlifba sırası ilə arxiv idarəsinin saytında yerləşdirilib və əsasən 80-ci illərdə aktiv agentlərin məlumatları açıqlanıb. Bu arxivin açılması 20 ildən çoxdur ki, mübahisə predmeti idi və Latviya müstəqillik qazanandan sonra dövlət qulluğuna girən, deputat seçilən şəxslər haqqında KQB agenti olub-olmaması haqqında mütləq məlumat verilməsi qanun halını almışdı. İndi isə hamının adı açıqlandı, hətta kəşfiyyat idarəsinin agentlərinin də.
Bütün avtoritar, totalitar, diktatura rejimlərində xüsusi xidmət orqanının agentləri haqqında çox mənfi fikir formalaşır. Səbəb ondan irəli gəlir ki, bu rejimlər məxfi əməkdaşları xarici kəşfiyyata qarşı, dövləti cinayətlərə qarşı, ümumiyyətlə dövlətin təhlükəsizliyi ilə bağlı fəaliyyətlərlə qarşı deyil, daha çox hakimiyyətin qorunması üçün, hakimiyyətə qarşı çıxan, haqq-hüquq tələb edən, insan haqları uğrunda çalışanlara, təşkilatlara, eyni zamanda, əgər ölkədə formal olsa da müxalifət varsa, onlara qarşı  yönləndirir, hakimiyyət əleyhinə danışanlar haqqında informasiya gətirməyi tələb edir. Belə olan halda agent dövlətə xidmət edən vətəndaşdan çox donosçuya, satqına çevrilir və cəmiyyət bu adamlara mənfi münasibət bəsləyir. Demokratik ölkələrin belə bir problemi yoxdur. Demokratik cəmiyyətlərdə xüsusi xidmət orqanlarının agentləri, rezidentləri, görüş mənzillərinin sahibləri və başqa kateqoriyadan olan məxfi əməkdaşları məhz dövlətin təhlükəsizliyinə səbəb ola biləcək hərəkətlər haqqında informasiya verməyə yönləndirilir, mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə qarşı mübarizədə əsas rol oynayırlar. Bu mənada o cəmiyyətin “filankəs də agent çıxdı, sən demə satqın imiş” kimi təfəkkürü yoxdur. O cəmiyyət Mərkəzi Kəşfiyyat İdarəsinin, Federal Təhqiqat Bürosunun, MOSSAD-ın, Mİ-5-in agentura şəbəkəsi haqqında həyəcan keçirmir, arxivləri açmağı tələb etmir.
SSRİ dağılandan sonra KQB agentura şəbəkəsinin açılması faktiki olaraq bütün postsovet respublikalarında qaldırıldı. 37-ci ilin NKVD repressiyasının izlərini cəmiyyət unutmamışdı və repressiyaya məruz qalan şair, yazıçılarla, məşhur adamlarla yanaşı, babası, atası, yaxın qohumları  bu zülmü görən şəxslər üçün də “kimdir satqın” sualı bu gün də aktualdır. O cümlədən bizim ölkəmizdə də.
Bildiyiniz kimi Azərbaycan Respublikasında bu il agentura şəbəkəsinin üzvləri haqqında məlumatların 75 ildən sonra açılması haqqında qanun qəbul edilib. Vaxt qanun imzalandığı gündən hesablana bilər. Zamanında agentura ilə işləyən və məxfi əməkdaşlığa cəlb edən kadr zabiti kimi Azərbaycanda agentura şəbəkəsinin açılmasının əleyhinəyəm. Bu fikrimi zaman-zaman mətbuatda əsaslandırmışam. Hesab edirəm ki, agentura şəbəkəsinin açılmasında həm dövlət, həm də cəmiyyət böyük mənəvi zərər görə bilər.
Tutaq ki, heç Stalin dövrünü deyil, Latviyada olduğu kimi 80-ci illərin fəaliyyətdə olan agenturası açıqlandı. Birinci hamı bilməlidir ki, agent düşmən deyil, vətəndaşdır. Vətəndaş olaraq əməliyyat işçisi tərəfindən vətənpərvərlik əsasında (yəni pul, ifşa materialları əsasında yox) əməkdaşlığa cəlb olunub. Tapşırıq verilib ki, radikal- terrorçu dəstənin fəaliyyəti haqqında məlumatlar əldə etsin. O, ya həmin dəstədən cəlb olunub və ya dəstəyə yeridilib. Onun  verdiyi informasiya əsasında planlaşdırılan terrorların qarşısı alınıb. Bu adamı məxfi əməkdaşlıq etdiyinə görə qınamalısınız?  O zaman terrorun qarşısı necə alınsın? Mən bilirəm ki, cəmiyyəti daha çox siyasətçilər, ictimai-siyasi xadim kimi tanınanlar, jurnalistlər, yazıçı-şairlər, din xadimləri arasında agentlərin olub-olmaması  maraqlandırır, şübhələndikləri nüfuzlu insanların agent qismində əlaqədə olmasını öyrənməyə çalışırlar. Amma, yuxarıda qeyd etdiyim kimi rejimlərin mahiyyətindən irəli gələrək agentin dövlətin deyil, hakimiyyətin təhlükəsizliyinə yönəldilməsi, hansısa şəraitdə (həbsxanada, maddi cəhətdən pis vəziyyətə düşüb çıxılmaz vəziyyətdə qalanda, həyatda sağ-qalması sual altında olanda və sairə) cəlb olunması  agentin deyil, cəmiyyətin faciəsidir və təəssüf ki, hələ də davam edir. Terrorun qarşısını alan məxfi əməkdaşı, radikal dindarı daha düzgün mövqeyə yönəldən təsir agenti kateqoriyasında olan din xadimini, irimiqyaslı narkotik dövrüyyəsinin qarşısını almağa kömək edən agenti, xarici ölkəyə casusluq edən vətən xaininin aşakara çıxarılması üçün həyatını təhlükəyə atıb informasiya verən agenti, bir sözlə dövlətin təhlükəsizliyinə çalışan həqiqi vətəndaş – agenti, məsləkdaşını satan, partiyadaşından hakimiyyəti tənqid etdiyinə görə informasiya daşıyan, millət, xalq uğrunda həqiqi mübarizə aparan şəxslərin ətrafına yeridilib onları satan agentlə müqayisə etmək olarmı? Arxivləri açıb onların kartotekaları yanaşı dərc olunanda haqsızlıq olmayacaqmı? O zaman onların hansı vəzifəni, tapşırığı yerinə yetirməsi cəmiyyət tərəfindən fərqləndirilməyəcək və hamısına “satqın” damğası vurulacaq.
Azərbaycanda agentura şəbəkəsinin açılması çox ciddi təlatümlərə, ailə faciələrinə gətirib çıxara bilər. Latviya ilə Azərbaycan insanını bir tutmayın. Orada bəlkə də atasının, övladının, yaxınının agent olduğunu bilənin heç vecinə də olmayacaq, öz həyatını yaşayacaq. Bizim xalqın xarakteri başqadır.  Təsəvvür edin ki, övlad biləcək ki, atası və ya babası agent olub. İnanın, yaşadığı yerdən köçüb getmək istəyəcək ki, heç kəs onu tanımasın, bəlkə də ölkəni tərk edəcək, sarsıntılar olacaq. Biləcəksiniz ki, sevdiyiniz müğənni, yazıçı, şair, həkim, müəllim və sairə ictimai nüfuzu ola bilən şəxslər, hətta milli dəyər sayıla biləcək sənətkarlar KQB agenti olub. Nifrət edəcəksiniz ki, niyə indiyədək tanıdığım bu dahi şəxs belə olub. Yenə deyirəm, sovet dövrü  çətin illər olub, qapalı cəmiyyətdən kimsə xaricə gedəndə mütləq onları KQB işçiləri müşayət edib, bəziləri elə orda əməkdaşlığa cəlb edilib, ona vəd verilib ki, gələn dəfə də xaricə getməyə kömək edəcək və xahiş olunub ki, bax gör kim nə danışır, kim valyuta gizlədib, kim qızılını satıb maqnitafon alıb, ümumiyyətlə bu ölkəni tərifləyib, SSRİ-ni pisləyir və sairə. Bu tapşırıqda elə bir pis şey görməyən adam da onu yerinə yetirib. O zaman tez-tez konsert verməyə gedən, rəqs edən və ya elmi-konfranslara ezamiyyətə gedən şəxslərin hamısı  olmasa da bəziləri agent kimi cəlb olunub. Nə edək? O adamların günahı yoxdur.  O repressiya dalğasından hərə bir cür çıxıb. Sovet KQB-nin agentura şəbəkəsinin açılmasının böyük zamana  ehtiyacı var. O da total şəkildə deyil, sorğu ilə əlaqədar olarsa, konkret maraqlanan şəxsə və ya şəxslərə açmaq olar.
Ən böyük zərər isə dövlətin indiki xüsusi xidmət idarəsinə-DTX-ya dəyə bilər. Şəbəkə Latviyadakı kimi açılsa sabah məxfi əməkdaşlığa agent, rezident qismində heç kimi cəlb etmək mümkün olmayacaq. Hamı ehtiyat edəcək ki, adının nə vaxtsa açıqlanmayacağına zəmanət yoxdur və əməkdaşlıqdan imtina ediləcək. Biləsiniz ki, texnika nə qədər inkişaf etsə də, insanı əvəz edəcək daha yaxşı informasiya mənbəyi yoxdur.
Cəmiyyət Latviyadakı kimi şəbəkənin açılmasını deyil, Latviya kimi Avropa Birliyinin üzvü olmağı, Latviya kimi NATO üzvü olmağı istəsə daha yaxşı olar, çünki o zaman xüsusi xidmət orqanının agentinə  “satqın” kimi baxmayacaq. Biləcək ki, xüsusi xidmət orqanı birmənalı olaraq hansı metod və vasitələrdən istifadə etməsindən asılı olmayaraq hakimiyyətləri deyil, yalnız dövlətin təhlükəsizliyini qoruyur.
 
İlham İsmayıl

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …