Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Ərəblər Bakının kirayə ev bazarını canlandırdılar

Ərəblər Bakının kirayə ev bazarını canlandırdılar

Azərbaycana gələn müsəlman turistlər kirayə mənzillərə üz tutur; onlar əsasən Nərimanov və “Ağ şəhər”ə axışırlar…

Bakı ərəb turistlərdən sarı korluq çəkmir. Şəhərin mərkəzi gecə-gündüz bu yayın istisində ərəblərlə doludur. Azərbaycana gələn ərəb qonaqlar arasında həm ailəli olanlar var, həm də cavanlar. Onların əksəriyyəti Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, İordaniya və İraqdandır.

Az sayda suriyalı, livanlı ərəb turistlə qarşılaşmaq mümkündür. Son zamanlarda isə ərəblər Bakıda kirayə evlərə üstünlük verməyə başlayıblar. Bu barədə “Yeni Müsavat”ın əməkdaşına əmlak alqı-satqısı ilə məşğul olan bir dəllal danışıb. Onun sözlərinə görə, Azərbaycanda 15 gün və ya bir ay qalan ərəb turistlər hotel yox, kirayə mənzilləri seçirlər. Bu halda az pul çıxır. Şəhərə bir həftəlik gələnlər isə qabaqcadan qalacaqları hoteli rezerv edirlər. Amma əksəriyyəti 10-14 gün qalmağa üstünlük verir.

Əmlakçı deyir ki, ərəblər Qəbələ, Hacıkənd, Quba, Şəki kimi yerlərə səfərlər edirlər. Sonra yenidən Bakıya qayıdırlar. Buna görə də ev kirayələyirlər ki, hotelə artıq xərc çıxmasın. Əsasən də ölkəyə ailəvi gələn ərəb turistlər kirayə mənzillə maraqlanırlar. Onun sözlərinə görə, turistlər daha çox Bakının Nərimanov rayonuna və “Ağ şəhər” istiqamətlərinə yerləşirlər.

Ərəblər 15 gün qalmaq üçün kirayə evə azı 1500-2000 manat xərcləyirlər. Amma hoteldə qalsalar, 15 günə ikiqatını verməli olacaqlar. Bu da istər-istəməz paytaxtda mənzil kirayəsi bazarını canlandırır. Mərkəzdə yaşayan insanlar evlərini ərəb turistlərə təklif edir, özləri isə müvəqqəti yaşamağa yerlər tapırlar, yaxud rayonlara qayıdırlar.

ereblker.jpg (325 KB)

Əmlakçı bildirir ki, hazırda kirayə ev bazarında mülkiyyət sahibi özü qiyməti müəyyənləşdirir, hər hansı qurum tərəfindən tənzimlənmir. Onun sözlərinə görə, hələ bir müddət belə davam edəcək və gizli-gizli evlər ərəblərə kirayə veriləcək: “Məsələn, kimsə 28 May yaxınlığında təzə tikilidə yaşayır, evini günü 100 manata kirayə verir. Həmin ərəb hoteldə 180-270 manat arası qalacaqdı, ev tutmaqla xeyli qabağa düşür. 15 gün qalsa, 1500 manat edir. Ev sahibi də oturduğu yerdə aya 1500 cibinə qoyur. Özünün əlavə evi olmasa belə, müvəqqəti 250 manata bir ev kirayələyir, öz mənzilindən gələn puldan azı 1250 manat qazanır. Düzdür, bəzi hallarda ev sahibləri narazı qalırlar. Çünki ərəblər nizam-intizamsızdırlar. Çıxanda ev səliqəsiz, tör-töküntü olur. Bir dəfə belə bir video da yayılmışdı. Ərəblər evi ələk-vələk eləmişdi, dağıdıb getmişdilər. Amma bu, bütün ərəb turistlərə aid deyil. Onların arasında xeyli dərəcədə mədəni adamlar var, ailələri ilə istirahətə gəlirlər. Sadəcə, mənzil sahibləri ailəvi olanlara evlərini təklif eləsələr, daha məsləhətlidir. Çünki cavanlar kirayə qaldıqları evi pis günə salırlar. Onsuz da cavan ərəb turistlər kirayə evlərə üstünlük vermir. Onlar daha çox Nərimanovda ”İnfiniti” kluba yaxın yerlərdəki hotellərdə qalmağa çalışırlar. Ona görə ki, axşamlar klubda əylənməyə gedirlər”.

Əmlakçı qeyd edir ki, bəzi ərəb turistlər bağ evləri kirayələyirlər. Məsələn, Mərdəkanda 3500-7000 manat arasında 1 aylıq bağ evi tutmaq olur. Şüvəlan 2500-5000, Novxanıda 2000-7000, Buzovna 1000-6000, Bilgəh 1000-7000, Pirşağıda 700-2500 manat arasında şəraitinə görə aylıq kirayə bağ evlərinin qiymətləri dəyişir.

Həmsöhbətimiz bildirir ki, turistlər daha çox bahalı villalar kirayə götürürlər: “Həmin villaların da qiyməti şəraitindən asılı olaraq dəyişir. Günü 250 manatdan başlayan qiymətlərlə təklif edirik. Hovuzu olan evlər xüsusilə baha olur. Belə evlərə maraq göstərənlər isə əsasən ərəblərdir. Amma bəzi ev sahibləri də mənzillərini onlara kirayəyə vermək istəmir. Çünki çox dağıdıb tökürlər, pintiliklər edirlər. Evini ərəblərə bir dəfə kirayəyə verən, artıq ikinci dəfə vermək istəmir. Onlar evdən çıxandan sonra oranın təmizliyi çox çətin olur. Belə ki, evin təmizliyi baha başa gəlir, həm də bir-iki gün çəkir”.

Onu da deyək ki, bu ilin yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artım var. Bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin deyib. Zenqstşmid qeyd edib ki, 2018-ci ildə ölkəyə 2,8 milyon turist gəlib: “Çin, Koreya və Yaponiyadan gələn turistlərin sayında 8-9 faiz artım olub. Eyni zamanda Yaxın Şərq ölkələrindən, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayında da kifayət qədər artım qeydə alınıb”.

Ümumiyyətlə, 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1055,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi vətəndaşlığı olmayan şəxslər gəlib. Xaricdən gələnlərin 29,3 faizi Rusiya, 22 faizi Gürcüstan, 12,1 faizi İran, 11,3 faizi Türkiyə, 4,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Ukrayna, 1,8 faizi İraq, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayanlardır. Cari ilin yanvar-may aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə, Oman vətəndaşlarının sayı 32,4 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 6,8 faiz artıb.

Amma bu yay ən çox səudiyyəli turistlər artıb. Rəsmi açıqlamada deyilir ki, bu istiqamətdə aviareyslər çoxaldılıb. Turizm ekspertləri isə hesab edirlər ki, Azərbaycana ərəb turistlərin axını davam edəcək və artacaq. Ərəb turistləri çox pul xərclədiklərindən Rusiya, Qazaxıstan, Balkan ölkələri, Türkiyə, Gürcüstan və Ermənistan kimi ölkələr də Körfəz ölkələrindən olan turistləri cəlb etməyə çalışır.

Rəqabət çoxalıb, lakin ərəb ölkələrindən olan turistlərin sayı artmayıb. Ona görə də ərəb turistləri ölkəmizə cəlb etmək üçün çoxlu işləmək lazımdır. 2016-cı ilin 1 fevral tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər bir sıra ölkələrin vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin təmin edilməsi mövcud turist axınına öz müsbət təsirini göstərib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …