“Dekabrın 29-da Naxçıvanda biznes forum keçiriləcək və həmin vaxt yeni dəmir yolu xətti işə salınacaq”.
Bunu Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib: “Biz biznes forum çərçivəsində iki ölkə arasında ticarət və investisiya əlaqələrini müzakirə edəcəyik. Bu il ticarət əlaqələrimiz 60 faiz artıb. Yanvarın birinci ongünlüyündə İranın əmək nazirinin iştirakı ilə Pirallahı Sənaye Parkında dərman zavodunun təməli qoyulacaq. Təbrizin traktor istehsalı zavodunun Neftçalada təşkilini müzakirə edəcəyik”.
Nazirin sözlərinə görə, Naxçıvanda keçiriləcək biznes forum çox əhəmiyyətlidir: “Naxçıvanın iqtisadi imkanları İran tərəfinə göstəriləcək. Eyni zamanda Naxçıvan-Təbriz-Tehran-Məşhəd üzrə ilk qatar yola salınacaq. Naxçıvan-Məşhəd-Naxçıvan qatarı vasitəsilə 15 mindən çox sərnişin daşınacaq. Hesab edirik ki, iş adamlarımız üçün yaxşı imkan yaranıb. Azərbaycan nümayəndə heyəti iş adamları ilə birgə növbəti ildə Təbriz və Ərdəbilə səfər edəcək. Hazırda 400 İran şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onların sərmayələri 2 milyard dollardan çoxdur”.
Son illər Naxçıvanın iqtisadiyyatında ciddi inkişaf müşahidə olunur. Muxtar Respublikada yeni-yeni istehsal, xidmət sahələri istifadəyə verilir. Bu il sözügedən bölgəyə axın edən turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Bütün bunlarla yanaşı, eyni gündə həm forumun keçirilməsi, həm də dəmir yolunun işə salınmasının nə kimi strateji əhəmiyyəti var?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov buna bir neçə prizmadan yanaşdı: “Bu, iqtisadi aktivliyə müəyyən qədər müsbət təsir göstərəcək. Dəmir yolunun açılışı hər iki tərəf arasında kommunikasiya və tranzit əlaqələrinin inkişaf etdirilməsinə, xərclərin azaldılmasına gətirib çıxaracaq. Bu isə, öz növbəsində, biznesin aktivliyinə müsbət təsir göstərəcək. Ən başlıcası, ticarət dövriyyəsinin genişlənməsinə səbəb olacaq. Həmçinin bu imkan yaradır ki, yerli istehsala aid olan məhsullar İranın dərinliklərinə aparılsın. Yəni təkcə sərhədyanı bölgələrlə məhdudlaşmayacaq. Dəmir yolu imkan verəcək ki, Naxçıvanda istehsal olunan məhsullar İranın cənub-şərqinə aparılsın. İranın ərazi və əhali baxımından böyük dövlət olduğunu nəzərə alsaq, sözügedən dəmir yolunun mühüm əhəmiyyəti var. Yerli istehsal İran bazarlarında tələbata uyğun olarsa, bunun iqtisadi səmərəsi böyük olacaq. Başqa bir tərəfdən, iki tərəf arasında biznes forumun keçirilməsi birbaşa kommunikasiya ünsiyyətinin formalaşmasına gətirib çıxaracaq. Həmçinin, mövcud imkanların dəyərləndirilməsi, risqlərin qiymətləndirilməsi və maneələrin üzə çıxarılaraq iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində işlər görüləcək. Bu isə növbəti dövrlərdə hər iki tərəf arasında əlaqələrin dərinləşməsi üçün bir baza rolunu oynaya bilər”.
Vidadi ORDAHALLI
Həmçinin oxuyun
“Hansı şirkətlərlə işləmək, müqavilə məbləğlərini Zakir Həsənov və Nəcməddin Sadıxov müəyyənləşdirirdi”
Polkovnik: “4 il ərzində “Azersun Holding”dən 19.5 milyon manat geri alınıb” Müdafiə Nazirliyində 143 milyon …