“İran Azərbaycanın məhz Dağlıq Qarabağ ərazisindəki sərhədlərinə daha ciddi yanaşmalı və bu ərazilərin strateji əhəmiyyətli olduğunu nəzərə almalıdır”
Arzu Nağıyev: “Onların məhz Suriya qaçqınları adı altında Dağlıq Qarabağ ərazisinə gətirilərək oradan İrana keçirilməsi də istisna edilmir”
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranda törədilən terror hücumlarında Səudiyyə Ərəbistanını günahlandırıb. Bu barədə SEPAH-ın general-mayoru Hüseyn Selami “Mehr” agentliyinə müsahibəsində deyib. O bildirib ki, İran terrorçulardan və onların dəstəkçilərindən intiqamını alacaq.
Xatırladaq ki, İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Terror hadisələri nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb. Terrora görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
İyunun 7-də Tehranda həyata keçirilən terrorun icraçılarının İrana işğal altında olan Dağlıq Qarabağ ərazisindən keçməsi barədə məlumatlar dolaşır. Tehranda məlum qanlı aksiyanı həyata keçirən terrorçular bir müddət əvvəl Suriyadan Ermənistana gələn ermənilər arasında olub. Suriyadan gələn ermənilərlə birlikdə Azərbaycanın işğal altında olan ərazilərinə yerləşdirilən terrorçuların bir neçə dəfə İrana kəşfiyyat xarakterli səfərə də getdiyi söylənir. İddia edilir ki, həmin kəşfiyyat səfərlərinin nəticəsi olaraq Tehranda məlum terror aksiyası törədilib.
Törədilən terror aktlarında erməni izinin olması və həmin şəxslərin Ermənistanın işğal altında saxladığı ərazilərdən ora keçməsi ehtimalı nə dərəcədə inandırıcı sayıla bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, belə ehtimalları real saymaq olar:
“Düşünürəm ki, bu gün İran tərəfindən baş verən terrorla bağlı bir neçə istiqamətdə versiyalar irəli sürülür. Əsas məsələ ondan ibarətdir ki, bu terrorçular məhz İŞİD terror təşkilatının üzvləridir və başqa bir təşkilat bu terror aktını öz üzərinə götürməyib. Əsas məqamlardan biri də bu terrorçuların İrana necə gəlməsi məsələsidir. Bir neçə versiya üzərində işlərini quran araşdırmaçılar variant kimi onların məhz Suriya qaçqınları adı altında Dağlıq Qarabağ ərazisinə gətirilərək oradan İrana keçirilməsini də istisna etmir. Məlumdur ki, Dağlıq Qarabağla İran arasında Azərbaycan sərhədinin 100 km-dən artıq sahəsi heç kim tərəfindən qorunmur və boz zona kimi fəaliyyət göstərir. Bura isə əsasən narkotrafik, qaçaqmalçılıq və tranzit yüklərin qanunsuz daşınması üçün istifadə edilir. Onların necə silah əldə etməsi və İŞİD-lə necə əlaqə saxlaması isə araşdırmalardan sonra məlum ola bilər. Bir sözlə, İran Azərbaycanın məhz Dağlıq Qarabağ ərazisindəki sərhədlərinə daha ciddi yanaşmalı və bu ərazilərin strateji əhəmiyyətli olduğunu nəzərə almalıdır”.
Məhəmmədəli QƏRİBLİ