Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Sensasiyalı kliplərin ulduzu: “Azərbaycanda ən maraqlı müğənni mənəm”

Sensasiyalı kliplərin ulduzu: “Azərbaycanda ən maraqlı müğənni mənəm”

“İllüziya”, “Rastaman”, “De mənə”, “Sirsən” və “Zəng et” mahnılarının müəllifi – WhoSein rəngərəng klipləri ilə qısa müddətdə özünə böyük dinləyici auditoriyası və populyarlıq qazana bilib. Bəs Azərbaycan musiqi sənayesində birdən-birə peyda olub və partlayış yaradan WhoSein kimdir?
Səhnə adı WhoSein olan Orxan Hüseynli Ukraynada yaşayır. O, hesab edir ki, vətənini və xalqını sevən sənətçi heç vaxt ona keyfiyyətsiz mahnılar sırımağa haqqı yoxdur.
Sənətçi Publika.az-a özü haqqında danışıb, çoxuna maraqlı olan suallara cavab verib.
– Hüseyn bəy, sizi yaxından tanıyaq…
– Əsl adım Orxan Hüseynlidir, 12 yaşında olarkən qardaşımla birlikdə Ukraynaya köçmüşəm, hazırda orada yaşayıram. Layihələrimlə əlaqədar olaraq tez-tez Azərbaycana gəlirəm. Whosein səhnə adımdır.
– Nə zaman müğənnilik fəaliyyətinə başlamağa qərar verdiniz?
– Musiqi və incəsənətlə çoxdan məşğulam, artıq səkkiz ildir.
– Bu gün məşhur olmaq asandır, özünəməxsus tərz yaratmaq isə hər ifaçıya nəsib olmur. Sizdə bu, ilk mahnıdan alındı. Bizə bir qədər ifa etdiyiniz mahnıların janrından danışardınız.
– Özümü məşhur sima hesab etmirəm. Deyə bilmərəm ki, populyar olmaq asandır, ya yox. Sosial şəbəkələrdə yazılan bütün mesajlara və rəylərə cavab verirəm. Heç kimi cavabsız qoymuram.
Məni yaşadan işlə məşğulam, hiss etdiyimi mahnılara ötürürəm. Kliplərdəki obrazlar daxili dünyamı bütün çılpaqlığı ilə əks etdirir. Orda süni heç nə görə bilmərsiniz, həyatda necə varamsa, çəkilişlərdə də həmin insanam. Musiqi, ritm, melodiya və digər səs tərtibatları kömək edir ki, əsl mən üzə çıxsın. Ümumilikdə yaradıcılığım qəlbimi və düşüncələrimi ifadə edir.
Kiminsə xoşuna gəlir, kiminsə isə yox. Hər halda sevinirəm ki, insanlar mahnılarımı dinləyir və ona qiymət verir. Seçdiyim stil qarışıqdır, onu nə caz, nə bluz, nə soul, nə də trep adlandıra bilərik. Musiqini sevirəm, yazıram, oxuyuram və onun sədaları altında təsəvvürümdə canlandırdığım klipi çəkirəm. Bu qədər.
– Dediyim kimi, ifa tərziniz fərqli və bir o qədər qəribədir. Sanki bu dünyalı deyilsiniz, elə təəssürat yaranır ki, sadəcə özünüz üçün oxuyursunuz. Musiqi ilə məşğul olmaqda məqsədiniz nədir?
 Bu planetdəm deyiləm… Siz ilk insan deyilsiniz ki, bunu deyirsiniz. Fərqli mahnılar oxuyur və onlara fərqli kliplər çəkirəm. Sözsüz ki, dinləyicilərimin olması məni sevindirir, lakin sənətçinin özünü hər hansı yolla ifadə etməsi və bu yolla daxili rahatlıq tapa bilməsi onun üçün daha vacibdir, nəinki yutubda milyonlarla baxış sayının olması. Klip çəkmirəm ki, onu Bakı-Şəmrik avtobusunda televizorda göstərsinlər.
Hər janrın öz auditoriyası var, istərdim ki, mahnılarımı məni anlayan insanlar dinləsin. Mən musiqiyə və sənətə dəyər verən insanlar üçün yaradıram.
Azərbaycanda pul qazanmaq üçün boş-boş mahnı oxuyanlar çoxdur. Onları sənət maraqlandırmır, təki pul qazansınlar… Xalqını sevən insan keyfiyyətsiz musiqiləri sözün əsl mənasında, ona sırıyaraq pul qazanmaz. Təəssüf ki, xalqımız belə müğənnilərin tör-töküntü mahnılarını dinləyir…

– Klipləriniz çox rəngarəng və maraqlı ideyalarla zəngindir, həm də keyfiyyətlidir. Bütün bunlar kimin ideyasıdır?
– Çoxları bilmir ki, kliplərin rejissoru ilə artist eyni insandır. Kliplərimin ideyası mənə və komandama aiddir. Yeri gəlmişkən, baş operatorumuz Vüsal Yusifov kifayət qədər istedadlı insandır. Xoş sözləriniz üçün təşəkkür edirəm, çalışırıq ki, tamaşaçılar üçün daha keyfiyyətli işlər ərsəyə gətirək.
– Müsahibə üçün danışanda televiziyanı sevmədiyinizi söylədiniz. Böyük ehtimal ki, sizi verilişlərə qonaq kimi dəvət edirlər. Getməməyinizin səbəbini soruşa bilərəm?
– Verilişlərə çıxıb nə danışacam ki? “De mənə” və ya “İllüziya” kimi mahnıları ifa edəcəm? Yox, bunlar mənlik deyil. Televiziyalarla bağlı narahat edən o qədər məsələ var ki… Efirlərdə orientasiyası bəlli olmayanların sayı hər il daha da çoxalır, digərləri də qalmaqlla gündəmə gəlib maqazin verilişlərini işğal edir. Mənim elə yerdə işim ola bilməz. Qoy başqaları çıxıb oxusun və ya nə istəyirlər etsinlər.
Təəssüf ki, efirlərdə vəziyyət düzəlməyənə qədər insanlar orientasiyası bəlli olmayanlara və ucuz qalmaqallara baxıb gerizəkalı olacaq…
– Sizdə əsl ulduz xarizması ilə ulduz ədası var. Özündən əmin duruşunuz bundan irəli gəlir?
– Əsl artist süni olmalı deyil, bu, mənim daxili dünyamdır. Musiqiçi öz musiqisini başqalarına özü hiss etdiyi kimi çatdırmalıdır. Kliplərdə gördüyünüz hərəkətlər xoreoqrafiya deyil, saatlarla oturub hansısa müəllimdən dərs almıram. Motor deyilən kimi daxili dünyam üzə çıxır, rəqs öz-özünə yaranır.
– Karyeranızla bağlı arzularınızı həyata keçirmək üçün maddi baxımdan çətinlik çəkirsiniz?
– Gördüyünüz kimi layihələrim keyfiyyətlidir. Sözsüz ki, keyfiyyətli iş böyük pul tələb edir. Çətinliklər olur… Məsələn, hələ də adi insanlar kimi ictimai nəqliyyatdan istifadə edirəm, avtobusa və ya metroya minirəm. Qazancımı işimə yatırıram.
Xalqımız keyfiyyətli musiqi ilə keyfiyyətsiz işi bir-birindən ayıra bilənə qədər bütün pulumu sənətimə yatırmağa davam edəcəm. Çətinliklər gəldi-gedərdi, əsas odur ki, insanlara zövqlü mahnılar təqdim edəsən.
– Bir sənətçi kimi özünüzü inkişaf etdirmək üçün nə edirsiniz?
– Əsl sənətçi daim inkişafdadır. Bunun üçün sadəcə işləmək lazımdır. Layihələrin üzərində nə qədər çox işləsən, nə qədər çox musiqi yazsan, çəkilişlərə nə qədər məsuliyyətlə yanaşsan, bir o qədər də inkişaf edəcəksən. Bir sözlə, mükəmməl nəticə əldə etmək üçün bütün enerjini ona xərcləməlisən. Bəzən olur ki, günlərlə bir klip üzərində çalışıram, hansısa kadr xoşuma gəlmir, yaxud da iş istədiyim kimi getmir. Hətta elə vaxt olub ki, məkanlar ürəyimcə olmadığı üçün çəkilişi dayandırmışdıq.

– Məlum olduğu kimi, azərbaycanlı müğənnilərin başlıca qazanc yeri toylardır. Bəs sizi toylara dəvət edirlər?
– Zarafat edirsiniz? Mənim toyda nə işim var? Şükürlər olsun ki, toylara dəvət etmirlər. Başa düşürlər ki, yaradıcılığım toy səviyyəsində deyil. Bəzən əyənləcə gecələrinə dəvət edirlər və “yox” cavabı alırlar. Çox nadir hallarda yüksək səviyyəli tədbirlər təşkil edilə bilər, hansı ki, mən orda çıxıb xalqımız üçün oxuyum və onlar məni anlasınlar…
– Mahnı sözlərinizdə sətiraltı mənalar var. Sizcə, dinləyicilər nə demək istədiyinizi anlayır?
– Əminəm ki, inkişaf etmiş və səninlə eyni düşüncədən olan kəslər söhbətin nədən getdiyini dərhal tutur.
– Ümumiyyətlə, müəyyən münasibətlərdə yaradıcı şəxsləri anlamaq qəlizdir. Dostlarınız sizi hər zaman anlaya və dəstək ola bilir?
– Doğma qardaşımdan başqa, məni heç kim başa düşmür. Sənətə qiymət verən insandır, ən böyük dəstəkçim odur. Yəqin ki, Whoseini, onu gözəl anlaya bilən olmayacaq.
– Növbəti sualım “İlliziya” mahnısındakı “Anlamaq olmur deyil bəsit, cismini iblisə verdin əsir” sətirləriylə bağlıdır. Necə düşünürsünüz, cismini iblisə əsir verən insanın heçmi xilas yolu yoxdur?
– İnsan qərarların və seçimlərinin nəticəsidir. Yaşadığı hər hadisəyə birbaşa özü məsuliyyət daşıyır. Kimsə ruhunu iblisə satmaq istəyirsə, deməli, onun seçimi belədir. Bu mübarizədə güclü insanlar qalib gəlir. Kim olmağımıza biz özümüz qərar veririk. Yoxsul, varlı, ağıllı, gerizəkalı, adi işçi və ya rəhbər olmaq bizdən asılıdır.
– Sənətçilərdən duet oxumaq təklifləri gəlibmi?
– Əlbəttə ki, olub. Hələki, Azərbaycanda duet oxuya biləcəyim artist görə bilmirəm. Məncə, indi bu barədə düşünmək lazım deyil.

– Türkiyənin və ya Rusiyanın musiqi şirkətlərindən əməkdaşlıq üçün dəvət olub?
– Türkiyədən yox, Rusiya və qərb ölkələrindən xarici dildə albom buraxmaq təklifləri gəlib. İlk növbədə öz ölkəm üçün bir iş görməliyəm ki, musiqi sənayesində müsbət istiqamətdə dəyişlik və canlanma olsun. Yalnız bundan sonra irəli gedə bilərəm.
– Hazırda həyatınızın hansı mərhələsindəsiniz?
– Yazıb yaratmaq mərhələsində… Ömrümün sonuna qədər bu mərhələdə olacam. Həmişə yaradacam, yaradacam və yenə yaradacam… Mənə incəsənətin dili ilə özümü ifadə etməkdən savayı heç nə lazım deyil.
– Özünüzü şanslı ifaçı hesab edirsiniz?
– Şanslı deməzdim, Azərbaycanda ən maraqlı ifaçı mənəm. Özümü tərifləməyi sevdiyim üçün demirəm, bu, həqiqətən də belədir. Həmişə demişəm və deyəcəm ki, Azərbaycanda ən uca zirvə mənim olacaq.
– Müsahibə üçün minnətdaram. Tezliklə Azərbaycan sərhədlərini aşmağı arzulayıram. Uğur olsun!
 Mən də öz növbəmdə sizə uğurlar diləyir və maraqlı suallara görə təşəkkür edirəm. Siz, mən və ölkəmizdə hər kəs daim inkişaf etsin, heç kim işsiz-gücsüz oturmasın. Çalışdım ki, daha mülayim cavablar verim. Onsuz da çoxları məni anlamır, oxucular fikirlərimlə tanış olub deməsin ki, dəlidir (Gülür).

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …