Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / “Azərbaycan və Belarus prezidentlərinin münasibətləri nümunə sayıla bilər”

“Azərbaycan və Belarus prezidentlərinin münasibətləri nümunə sayıla bilər”

Azərbaycan Prezidenti İlham Əliyev Belarusa reallaşan səfəri çərçivəsində Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birgə mətbuata bəyanatla çıxış edib. İlham Əliyev ölkələrimiz arasındakı dostluğu, qarşılıqlı etimadı, bir-birinə inamı şərtləndirən amillərin üzərində xüsusi olaraq dayanıb.

Prezident bildirib ki, siyasi münasibətlərin yüksək səviyyəsi, ölkələrimiz arasında qarşılıqlı hörmət, etimad, prezidentlər arasında şəxsi dostluq – bütün bunlar üzərində Belarus-Azərbaycan dostluğunun möhtəşəm binasının tikildiyi təməldir: “Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik. Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır – hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin, ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkələrin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir”.
İlham Əliyev vurğulayıb ki, bütün bunlar dostlar arasında təbiidir: “Bu gün bizim münasibətlərimizin səviyyəsi məhz elədir ki, istənilən məsələləri açıq müzakirə etməyə imkan verir. Aleksandr Qriqoryeviçin qeyd etdiyi kimi, bizdə heç bir qapalı mövzu və əməkdaşlığımızın heç bir sahəsində qətiyyən məhdudiyyət yoxdur. Biz bu gün gələcəkdə münasibətlərimizin xarakterini müəyyənləşdirəcək xeyli sənəd imzaladıq. Mən onların arasında, ilk növbədə, əlbəttə, prezidentlərin Birgə Bəyanatını qeyd edərdim. Bu, əməkdaşlığımızın əsas istiqamətlərini ehtiva edən, ölkələrimizin siyasi iradəsini ifadə edən mühüm siyasi sənəddir”.

Göründüyü kimi, ölkə başçısı iki ölkə arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğuna diqqəti yönəldib və bildirib ki, dövlətlərin müvafiq qurumları hətta məslətləşmədən qarşılıqlı dəstəyi bir-birindən əsirgəmirlər. Ölkələrimiz arasında yaranan bu cür xoş münasibəti nəyin göstəricisi saymaq olar?

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev öz prezidentlik müddətində beşinci dəfə Belarusa səfər etdi: “Təbii ki, hər bir səfər dövlətlərarası münasibətlərin daha da yaxınlaşması baxımından əhəmiyyətlidir. Lakin dövlət başçısının budəfəki səfəri digərlərindən öz əhəmiyyətinə görə xeyli fərqlənir. İlk olaraq ona görə ki, Əliyevlə Lukaşenkonun görüşü postsovet məkanında geosiyasi status-kvonun dəyişməsi fonunda, eyni zamanda, Ermənistanın KTMT-də ard-arda uğursuzluqlara düçar olduğu bir zamanda baş verir.
Baxmayaraq ki, Belarus elə bir ölkədir ki, o, hətta Ermənistan “Rusiya NATO”sunda təxribatçı fəaliyyətlərə başlamazdan öncə də Azərbaycanla sıx əməkdaşlıq əlaqələrinə malik idi, Azərbaycan “Polonez” komplekslərini məhz bu ölkədən alaraq öz cəbbəxanasına daxil etmişdi. Bu, Ermənistanın “İskəndər”lərinə ən doğru cavab olmuşdu, baxmayaraq ki, Ermənistan buna etiraz etməyə çalışaraq, Belarusu KTMT çərçivəsində müttəfiqlik öhdəliklərini pozmaqda ittiham etməyə çalışmışdı”.
Politoloqun sözlərinə görə, Azərbaycan Belarusa kredit verib: “Lukaşenko 2016-cı ildə Azərbaycana səfəri zamanı “Heydər Əliyev” ordeni ilə təltif olunub. Prezidentlərin bir neçə saat əvvəl baş tutan görüşü də, danışıqların gündəliyinin zəngin, rejimin gərgin olmasına baxmayaraq, ilıq atmosferdə, dostluq və mehribanlıq şəraitində keçib. Prezidentlər vurğulayıblar ki, onların arasında dərin etimad mühiti mövcuddur. Bunun nəticəsidir ki, danışıqlar konstruktiv, səmərəli, qarşılıqlı anlaşma şəraitində keçib. Diplomatik münasibətlərdə danışıq tərəfləri, xüsusilə dövlət başçıları arasında münasibətlərin şəxsi dostluq və qarşılıqlı inama söykənməsi çox vacibdir. Bu baxımdan Azərbaycan və Belarus prezidentlərinin münasibətləri nümunə sayıla bilər. Prezidentlərin təkbətək 2 saatdan artıq görüşməsi də bunu sübut edir. Azərbaycan və Belarus arasında əlaqələr hərbi əməkdaşlıqdan tutmuş, kənd təsərrüfatı texnikası və informasiya texnologiyalarına qədər bir sıra sahələri əhatə edir və görüşdə onun genişləndirilməsi qərara alınıb”.

Politoloq hesab edir ki, bütün bu göstəricilər ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etməsinə, hətta beynəlxalq platformalarda bir-birini məsləhətləşmələr aparılmadan dəstəkləməsinə imkan verir: “Bunun nəticəsi olaraq Lukaşenko iki ölkə arasında XXI əsrin reallıqlarına uyğun yeni müqavilələrin imzalandığını bəyan edib.
Beynəlxalq sistemdə bundan sonra da iki ölkənin bir-birini dəstəkləməsi qərara alınıb. Ən mühüm olan isə Qarabağın statusu ilə bağlı məsələdir ki, İlham Əliyev bu sahədəki mövqeyinə görə Lukaşenkoya təşəkkür edib. KTMT üzvü olan Belarus kimi bir dövlətin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi bizim üçün çox vacibdir. Çünki Ermənistan öz işğalçı fəaliyyətinə son verməmək üçün, Azərbaycan hərbi yolla öz torpaqlarını azad edəcəyi təqdirdə KTMT-nin onu müdafiə edəcəklərini vurğulayır. Lakin Belarusun Qarabağ məsələsindəki obyektiv mövqeyi və İlham Əliyevin Aleksandr Lukaşenkoya buna görə təşəkkür etməsi onu göstərir ki, Ermənistanın bu barədə illüziyaları mənasızdır. Üstəlik, nəzərə alsaq ki, yaxın illərdə bu təşkilata Belarus nümayəndəsi, Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın rəhbərliyi gözlənir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …