Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Ölümünə bir addım qalan qadın: Arzusunu da itirib, sevgisini də

Ölümünə bir addım qalan qadın: Arzusunu da itirib, sevgisini də

Çox zaman deyirlər ki, hər kəsin taleyi öz əlindədir. Yəni insan özü istədiyi kimi həyatını formalaşdıra bilər. Eynən budəfəki qəhrəmanımız kimi. Müsahibimiz etiraf edir ki, öz həyatını özü məhv edib. Yanlış insana inanıb, yanlış insanı sevib. Bu səhv isə onu bütün həyatı boyu izləyib. İndiki vəziyyətdə olmasının səbəbini də o səhvində görür. Sanki qisas alır özündən…

Nərimanov metrosu yaxınlığındakı parkda hər zaman bir qadın oturur. Saçları dağınıq, üz-gözü kir-hiss içində. Heç kimlə danışmır, heç kimi yaxınına buraxmır. Dəfələrlə yaxınlaşıb, danışmaq istəsəm də, əşyalarını yığıb yerini dəyişib. Bu dəfə isə ya məndən bezdiyi, ya da havanın soyuq olduğu üçün yerini dəyişmədi. 10 dəqiqədən sonra suallarıma cavab verməyə zorla razı saldım.

Öyrəndim ki, adı Nadejda Əliyevadır, 1948-ci ilə Bakı şəhərində anadan olub. Dediyinə görə, atası azərbaycanlı, anası rus olub. Atası hərbi xidmətə gedəndə Nadejdanın anası ilə tanış olaraq Azərbaycana gətirib.

“O vaxtlar anamın 24 yaşı varmış. Atam da hərbi xidmətə göndərilib. Bir-birini sevib evləniblər. Sonradan atam yaralanıb, Azərbaycana qayıdanda anamı da özü ilə gətirib. Mən Bakıda doğulmuşam. Atam adımı Arzu qoyub. Anam isə öz anasının adını yaşatmaq istəyib. Beləcə, rəsmi adım Nadejda olub” — deyə danışır müsahibim.

Nadejda deyir ki, ailədə ondan başqa da qardaş və bacısı olub. Onların biri dünyasını dəyişib, digərinin isə Rusiyaya getdiyi ehtimal edilir.

“Özüm də illərlə dərzi işləmişəm. Ailə də qurmuşdum. Yoldaşım 1969-cü ildə avtomobil qəzasında öldü. Anamla yaşayırdıq. Sonra onlar da dünyasını dəyişdi. Mən tək qaldım” deyən qadın bildirir ki, təklikdən qorxduğu üçün İsmayıl adlı biri ilə vətəndaş nikahında olub. Dediyinə görə, sonradan İsmayıl onun evini satıb və yoxa çıxıb.

Ancaq Nadejda İsmayılı çox sevib: “Qara, hündürboy oğlan idi. İşlədiyim dərzi sexinin həyətində tanış olmuşduq. Mənə evli olduğunu deməmişdi. Tək qaldığım üçün birgə yaşamağa başladıq. 4 il yaşadıq. Sonra bir gün gəlib dedi ki, polis oğurluq üstündə onu tutub. Pul olsa, şikayətçiyə verib, şikayətini geri götürdə bilər. Dedim, evi sat, kiçik bir ev alarıq. Sevindi, 10 günün içində evi satıb, yox oldu. Hamilə idim o vaxtlar”.

Nadejda Əliyeva artıq 5 ilə yaxındır ki, küçələrdə gecələməyə məcburdur
Nadejda Əliyeva artıq 5 ilə yaxındır ki, küçələrdə gecələməyə məcburdur

Nadejda İsmayılın arxasınca yaşadığı rayona getsə də, qadına bildiriblər ki, onun rayonda ailəsi var və o, uzun müddətdir Qazaxıstana, işləməyə gedib. Beləcə, qadın sahib olduğu evi də itirib, sevdiyini də. Dediyinə görə, İsmayılın övladını da dünyaya gətirməyib.

Qadın danışdıqca, fikrə gedir, susur, yenidən danışmağa çətinlik çəkir. Bir qədər ara verib, nəyisə xatırlayıbmış kimi danışmağa davam edir. Deyir ki, cavanlıqda müxtəlif yerlərdə çalışıb — dayəlik edib, qab yuyub, dərzilik edib. Amma yaşlandıqdan sonra gözlərinin nuru itib, işsiz-gücsüz qalıb.

İşsiz olduğundan kirayə pulunu verə bilməyib, bir müddət rəfiqələri ilə yaşayıb. Sonralar aralarında mübahisələr yarandığı üçün onlardan da ayrılıb. Artıq 4-5 ildir ki, küçələrdə yaşayır.

Hazırda 70 yaşı olan Nadejda heç kəsi olmadığı üçün gününü küçələrdə keçirir. Bəzən restoranların qarşısında yatır ki, kiminsə ona yazığı gəlsin, bir parça çörək versin.

“Mən heç kimdən kömək istəmirəm. Onsuz da bilirəm ki, hardasa ölsəm, dəfn edən olacaq. İntihar etməyə qorxuram. Zibilliklərdən götürdüyüm geyimlərdə gəzirəm. Parklarda yatıram. Bilirəm ki, hər şey bir gün bitəcək. Bəlkə də kənardan baxanlar dəli olduğumu düşünür. Dəliyəm…” — deyən qadının gözləri dolur.

Daha mənimlə də danışmaq istəmir. Üzünü çevirib oturur. Şəklini də çəkməyə qoymur. Deyir, “bundan sonra kimsə məni tanısa, nə olacaq? Əlimdən tutanmı tapılacaq? Tapılsa belə, nə olacaq? Onsuz da ölümə bir addım qalıb…”  (Sputnik)

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …