Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Bəzi “kişiciklər” bərbərliyə can atırlar ki, arvadlarının saçını qırxsınlar…”

“Bəzi “kişiciklər” bərbərliyə can atırlar ki, arvadlarının saçını qırxsınlar…”

“Jurnalist elə bir peşə sahibidir ki, qadın ərinə açmadığı sirri ona açır, jurnalistə etibar edir. Bu isə müəllim olanda camaatın ona etibar etdiyi qıza eşq elan eləyib!”

Bunu Moderator.az-a açıqlamasında tanınmış nasir Xeyrəddin Qoca televiziya kanallarından birində jurnalistin yeddinci sinif şagirdi ilə evləndiyini deməsinə münasibət bildirərkən deyib. X.Qoca bildirib ki, belə adamlara jurnalist demək cahillikdir:

“Televiziya verilişlərinin birində eşitdim ki, müəllim olan biri, hansı ki, indi özünü jurnalist kimi təqdim edir, dərs dediyi 7-ci sinif şagirdinə vurulub və onunla evlənib! Həm də utanmadan, çəkinmədən ekrandan bu hərəkətinə haqq qazandırmağa çalışır! Deyir ki, uşaq vaxtı aldım ki, sonra başqa qadınlar kimi mənə çay qoymaq, xörək bişirmək əvəzinə “yorulmuşam” deməsin… Onun danışığı da, düşüncələri də, elədiyi biabırçı hərəkətləri də nə müəllimə, nə jurnalistə, nə ziyalıya, nə də ümumiyyətlə adama yaraşan deyil! Görün, bu insan nə qədər şəxsiyyətdən uzaqdır ki, verilişdə iştirakçılardan biri ona “pedofil” dedi, vecinə olmadı! Ona müəllim, jurnalist demək cahillikdir!

Jurnalist elə bir peşə sahibidir ki, qadın ərinə açmadığı sirri ona açır, jurnalistə etibar edir. Bu isə müəllim olanda camaatın ona etibar etdiyi qıza eşq elan eləyib! Adam bu hadisəni eşidəndə belə xəcalət çəkir! Beləsini bir az da danışdırsaydılar, deyəcəkdi ki, keçmişdə ata-babalarımız 9 yaşlı qızlarla evləniblər! Guya bunu edənlər doğru ediblər! Bu şərəfsizlikdir, alçaqlıqdır, veriliş iştirakçısı demişkən, “pedofillikdir”! Mənə o qəribə gəlir ki, valideyinləri qızı ona necə veriblər? Belə düşüncəsizi niyə televiziya ekranına çıxarıblar? Çox “kişiyəm”, “kişiyəm” deyənləri belə gördüm! Bunun fikrincə, qadın evə qulluqçuluğa, kişiyə xidmət üçün gəlir! Qadın insanlar kimi yorula bilməzmiş! Qadın gecə – gündüz evdə də, işdə də çalışmalıymış, belə “ərlər” də şellənməli, yeyib-içib gəzməli, dərilərinə sığmamalı imişlər! Yəqin belələrinin düşüncəsinə görə, qadın kişinin valideyinlərinə də qulluq göstərməli imiş! Onların ayaqlarını yumalı, onları çimizdirməli imiş! Özünü “kişi” adlandıranları həmişə bu düşüncələrdə gördüm! Valideyinlərə xahişim var: Qızlarınızı belələrinə verməyin, onları bədbəxt etməyin! Televiziya rəhbərlərindən də xahişim odur ki, belələrini ekrandan uzaqlaşdırın, insanların əsəbləri ilə oynamayın! Belə “qonaqların” danışığı, düşüncələri xalqa ləkədir! Nəhayət, qadınlar heç nədə kişilərdən əskik deyillər, onları aşağılamayın! Yeri gəlmişkən, bəzi “kişiciklər” bərbərliyə can atırlar, arvadlarının saçını qırxıb, sonra da şəklini çəkib yayırlar! Siz bunlara kişi deyirsiniz?”

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …